“People"s Choice Awards” qaliblərinin adları açıqlanıb

Yanvarın 8-də Los-Ancelesdə ötən ilin nəticələrinə görə “People"s Choice” (“Xalqın seçimi”) mükafatı qaliblərinin adları açıqlanıb. Ulduzlara “Amerikanın xalq artistləri” adını qazandıran nüfuzlu mükafatın 41-ci təqdimetmə mərasimi Nokia teatrında baş tutub.
“People"s Choice Awards 2015”də “ən yaxşı film” nominasiyasında mükafata baş rolu Ancelina Colinin oynadığı “Maleficent” filmi layiq görülüb.
Amerikalıların seçiminə görə, ilin aktrisası Cenifer Lourens olub. Aktrisa öz aktivinə “Ekşn” janrında çəkilmiş filmdə “ən yaxşı aktrisa” kateqoriyası üzrə mükafatı da əlavə edib. İlin aktyoru, həmçinin “ən yaxşı dramatik aktyor” nominasiyasının qalibi Robert Dauni-kiçik, “ən yaxşı dramatik aktrisa” nominasiyasının qalibi isə Kloi Qreys Mores seçilib. “Ən yaxşı komediya aktrisası” titulunu Melissa Makkarti, analoji kişi kateqoriyasını isə Adam Sendler qazanıb.
“People"s Choice Awards” 1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər Amerikanın “Gallup” ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir. Bu, ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafatdır.