Reytinqə Sürix başçılıq edir
Sürix, Kopenhagen və Vyana Almaniyanın Təbiəti Mühafizə İttifaqının tərtib etdiyi ən təmiz havası olan Avropa şəhərlərinin reytinq siyahısına başçılıq edir.
Tədqiqata Avropanın 23 meqapolisi daxil edilib.
Reytinqdə şəhərlər 9 kateqoriya ilə qiymətləndirilib. Bura texniki və iqtisadi tədbirlər, tullantıların ixtisarı, nəqliyyatla iş, o cümlədən velosiped nəqliyyatının inkişafı, yüksəktezlikli şüalanmanın qadağan edilməsi və informasiya şəffaflığı da daxildir.
Şəhər havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair kompleks strategiyanın reallaşdırıldığı İsveçrənin Sürix şəhəri birinci olub. O, mümkün 100 baldan 89 faizini toplayıb.
Kopenhagen şəhəri maksimal qiymətin 87 faizini toplayıb. Tədqiqatçılar bu şəhərdəki velosiped nəqliyyatının inkişafını yüksək qiymətləndiriblər. Üçüncü yerdə 84 faiz bal toplayan Vyana şəhəri qərarlaşıb. Burada havanın təmizlənməsinə dair görülən tədbirlər içərisində bir neçə növ yük avtomobilinə şəhərə girişin qadağan edilməsi, həmçinin park və yaşıl zonaların bolluğu əsas götürülüb.
Tədqiqatçıların fikrincə, ekoloji vəziyyət baxımından ən problemli şəhər cəmi 53 faiz bal toplayaraq reytinqdə sonuncu pilləyə enən Lüksemburqdur.