Hələ 10-11 yaşlarımda rejissor Aleksandr Rounun “Əyri güzgülər krallığında” nağıl-filmini sevərək izləyirdim. Lakin bu filmdə heç sevmədiyim bir neçə obraz vardı: Kaşşey, Qurbağa, İlan (Anidaq). Sonuncu rolun mahir ifaçısı Rusiyanın məşhur aktrisası və rəssamı Lidiya Vertinskaya idi. Bu aktrisanın çox maraqlı taleyi və karyerası olub.
Lidiya Vertinskaya (Sirqvava) 1923-cü il aprelin 14-də Çinin şimal-şərqində yerləşən Harbin şəhərində anadan olub. Əslən gürcüstanlıdırlar. Atası Vladimir Sirqvava Çinin dəmir yolunda işləyirdi, anası Lidiya Pavlovna isə evdar qadın idi. Lidiya 10 yaşında olanda atası dünyasını dəyişir. Bundan sonra anası ilə Şanxaydakı qohumlarının yanına köçürlər və Lidiyanın yeniyetməliyi bu şəhərdə keçir.
1940-cı ildə Şanxaya məşhur rus müğənnisi və bəstəkarı Aleksandr Vertinski konsert verməyə gəlir. Onlar elə konsertdə tanış olurlar. İlk baxışdan bir-birini sevirlər. Baxmayaraq ki, aralarında yaş fərqi çox böyük idi - Lidiyanın 17, Aleksandrın isə 51 yaşı vardı. Lidiyanın anası onların bu sevgisinə qarşı çıxsa da, 1940-cı ildə cütlük Şanxayda nikah bağlayır. II Dünya müharibəsi getdiyi həmin il yaponlar Şanxayı mühasirəyə alır və buna görə də onlar bir neçə il Şanxayda yaşayırlar. 1943-cü ilin iyulun 28-də qızları Marianna Vertinskaya (gələcəyin məşhur aktrisası) dünyaya gəlir.
Elə həmin ildə Aleksandr Vertinski həyat yoldaşı Lidiya, qızı və qayınanası ilə birgə Moskvaya köçür. Əvvəlcə “Metropol” mehmanxanasında qalırlar, bir müddətdən sonra onlara ev verirlər. 1944-cü il dekabrın 14-də ailədə ikinci qız Anastasiya Vertinskaya (o da məşhur aktrisa olur, “Al yelkənlər”də Assol, “Amfibiya adam”da Quttizre və s. rolların ifaçısı kimi tanınır) dünyaya gəlir. Aleksandr Vertinski çəkilişlərlə bağlı qastrollara gedir, Lidiya isə uşaqların tərbiyəsi ilə məşğul olmaqla bərabər, rəssamlıq məktəbində oxuyur. 1955-ci ildə V.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirir.
Lidiya Vertinskayanın kinoda debütü 1952-ci ildə “Sadko” nağıl-filmi ilə başlayır. O, sərgilərin birində kinorejissor Aleksandr Ptuşkovla tanış olur. Rejissor onun istedadını və gözəlliyini görüb bu filmə dəvət edir. Bundan sonra o, “Don Kixot” (1957), “Çəkməli pişiyin yeni macəraları” (1957), “Əyri güzgülər krallığında” (1963) nağıl-filmlərinə çəkilir.
Xoşbəxt cütlüyün ailə həyatı 17 il sürür. 1957-ci il mayın 21-də Aleksandr Vertinski 68 yaşında vəfat edir. Lidiya isə qızları və həyat yoldaşının xatirəsi ilə yaşamağa davam edir. 34 yaşlı Lidiyaya evlilik təklifləri çox olsa da, o, sevimli həyat yoldaşına sadiq qalaraq bir daha ailə həyatı qurmur. Aktrisa Aleksandr Vertinskinin xatirəsinə 2004-cü ildə “Məhəbbətin göy quşu” kitabını nəşr etdirir. İstedadlı qızları, nəvələri və nəticələri ilə xoşbəxt ömür sürən Lidiya Vertinskaya 2013-cü il 31 dekabrında 90 yaşında həyat yoldaşının mahnılarına qulaq asaraq həyata vida edir...

Səbinə Əlibalaqızı