Keçmiş Sovet İttifaqında mədəniyyət, ədəbiyyat, incəsənət hər nə qədər mövcud siyasi ideologiyaya xidmət etsə də, yaradılan əsərlər arasında yüksək sənət nümunələri də az olmayıb. Sovet heykəltəraşlığı tarixində əbədiyyət qazanan belə əsərlərdən biri də keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuş məşhur “Fəhlə və kolxozçu” heykəlidir. Fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirən bu əsərin müəllifi beş dəfə Dövlət mükafatı laureatı Vera Muxinadır.
O, 1 iyun 1889-cu ildə Riqada sahibkar ailəsində dünyaya göz açıb. Atası İqnati Kuzmiç çətənə lifinin ticarəti ilə məşğul olurdu. Həyat yoldaşı dünyadan vaxtsız getdikdən sonra o, Krıma, Feodosiya şəhərinə köçür. Vera uşaq vaxtlarından sənətə, rəsm çəkməyə böyük maraq göstərir. Şəhərdəki gimnaziyada təhsil alır.
1903-cü ildə atası vəfat edir, Veranın tərbiyəsi ilə əmiləri məşğul olurlar. O, gimnaziyanı müvəffəqiyyətlə başa vurur. 1911-ci ildə Moskvaya qayıdır, burada kübar həyata yaxınlaşır. Bir müddət sonra Parisə gedir. Şəhərlə yaxından tanış olur. Sərgilərə qatılır, məşhur fransız heykəltəraşı Emil Antuan Burdeliya ilə tanış olur. Ondan dərs alır, onun yanında o, ilk yaradıcılıq işlərinə başlayır.
Vera Muxina 1914-cü ilin yayında rəfiqələri ilə birlikdə İtaliyaya səyahət edir. Roma, Venesiya, Florensiya və başqa şəhərləri gəzir. Mikelancelonun əsərləri ilə tanış olur. Bu tanışlıq onu yeni yaradıcılıq ideyaları ilə zənginləşdirir. Birinci Dünya müharibəsi başlayır və Vera Muxina Rusiyaya qayıdır, hospitalda işləməyə başlayır. Müharibə qurtardıqdan sonra (1918) öz sevimli işini davam etdirir. 1926-27-ci illərdə isə kustar-rəssamlıq texnikumunda oxuyur. Bu dövrdə yaratdığı “İnqilabın alovu” kompozisiyası orijinal iş kimi sənət aləmində maraqla qarşılanır.
1937-ci ildə Parisdəki Ümumdünya sərgisi keçirilir. Sərgidə göstərilmək üçün onun yaratdığı möhtəşəm “Fəhlə və kolxozçu” kompozisiyası Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında yazmışdı: “Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik”.
Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: “Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq”.
Heykəli Eyfel qülləsinin yaxınlığında yerləşdirirlər. Lakin parislilərin bu xahişi yuxarıları qane etmir. Heykəli Moskvaya gətirirlər və o, Moskvada Xalq Təsərrüfat Nailiyyətləri Sərgisində (VDNX) ucaldılır.
Vera Muxina 1940-cı illərdə bir çox layihələrə imza atır. Qorkiyə həsr olunmuş iki abidə və onun “Çörək” kompozisiyasını yaradır. Ancaq onun şəxsiyyətinə və yaradıcılığına münasibət birmənalı olmur. Məhz elə buna görə də başladığı işlərin heç birini sona çatdıra bilmir. Sağlığında onun heç bir şəxsi sərgisi təşkil edilmir. Onu “yuxarı”larda heç kim himayə etmir. Bu da onun səhhətinə mənfi təsir edir.
1943-cü ildə o özünün ən faciəvi “Qayıdış” əsərini yaradır. Əsəri bir neçə variantda işləyir. Sonra isə heykəltəraş bu əsərlərini məhv edir. Onun sonuncu monumental əsərləri - Qorki və Çaykovskiyə həsr etdiyi heykəllər olur. Ancaq bu əsərləri də tam başa çatdıra bilmir, 1953-cü ildə vəfat edir.

Savalan Fərəcov