Belarusa film çəkilişi ilə bağlı gələn Jerar Depardye dəryazla ot çalmağı da öyrənib

Dünyaca məşhur fransız aktyoru Jerar Depardye Belarusa səfər edib. Paytaxt Minskdə qonağı təmtəraqla qəbul edən ölkə başçısı Aleksandr Lukaşenko onu təbiət qoynunda yerləşən “Ozernıy” iqamətgahında ekskursiyaya çıxarıb. Burada qonağı kənd təsərrüfatı texnikası nümunələri ilə yaxından tanış edən Prezident aktyora dəryazla ot biçməyi də öyrədib. Sonra Aleksandr Lukaşenko və Jerar Depardye bir vər ot biçiblər.
Aktyor səfəri çərçivəsində Minsk yaxınlığındakı Şərəf abidəsini ziyarət edərək II Dünya müharibəsində həlak olanların xatirəsini anıb, ət və süd məhsulları istehsal edən “Ozeritski-Aqro” təsərrüfat sahəsində olub. Depardye bildirib ki, Belarus ona meşəlikləri, tarlaları və fermer təsərrüfatları ilə birlikdə İsveçrəni xatırladır.
Görüş zamanı Belarus və Fransa mədəniyyət və sənət adamları arasındakı müştərək işbirliyi məsələləri də müzakirə edilib. Tanınmış aktyorla bərabər çəkilişi planlaşdırılan “Normandiya-Neman” filminin rejissoru da səfərdə iştirak edib. Film II Dünya müharibəsinin 70-ci ildönümünə həsr edilib. Ekran əsərinin çəkilişləri Fransa, Rusiya və Belarusda gerçəkləşəcək. a