Türkiyənin Anadolu agentliyinin təşkilatçılığı ilə Ankarada ilk dəfə olaraq dünya fotomüxbirlərinin fotolarından ibarət “İstanbul Pohoto Awards 2014” adlı sərgi açılıb.
Paytaxtın Esenboğa hava limanında reallaşan sərgi Türkiyənin ilk beynəlxalq fotoxəbər sərgisidir. Avqustun 8-dək davam edəcək sərgidə nümayiş olunan fotolarla bağlı 104 ölkədən 12 min müraciət daxil olub. Beynəlxalq aləmdə baş verən hadisələri əks etdirən fotosərgi bir növ müsabiqə xarakteri daşıyır. 2014-cü ilin unudulmaz anlarını əbədiləşdirən sərgidə yer alan fotolar Ukraynada, Suriyada, həmçinin dünyanın digər bölgələrində baş verən münaqişələrlə bağlı reallıqları rəngli formada əks etdirir.
“Türk Hava Yolları” və Türkiyə Cümhuriyyəti Baş Naziri yanında Tanıtma Fondunun dəstəyi ilə açılan sərgi avqustun 11-dən 25-dək İzmirin Adnan Menderes beynəlxalq hava limanında davam edəcək.
Müsabiqənin qalibləri dünya şöhrətli fotoqraflar Alice Gabriner, Şanxay Fotoqraflar Mərkəzinin direktoru Liu Heung Shing, Stern Fotoqraflar Mərkəzinin koordinatoru Harald Menk, “World Press Photo” mükafatı laureatları Guillaume Herbaut və Patric Chauvel, Anadolu agentliyinin foto kordinatorları Ahmet Sel və Fırat Yurdakul tərəfindən müəyyənləşdiriləcəklər. Qaliblərə müxtəlif hədiyyələr və diplomlar təqdim olunacaq.