Onun atası, anası, hətta babası da aktyor olmuşdu. Hələ üstəlik babası siyasi baxışlarına görə yeni rejimi qəbul etməmiş, Rusiyanın sovetləşməsi ilə barışmamışdı. O isə nəsillərinin sənət yolunu davam etdirməklə yanaşı, məhz sovet dövlətinin banisinin obrazını yüksək səviyyədə yaratdığına görə ən ali mükafata layiq görülmüşdü.
SSRİ Xalq artisti, Lenin və Dövlət mükafatları laureatı Kirill Lavrov 1925-ci il sentyabrın 15-də Leninqradda (Sankt-Peterburq) anadan olub. Onun atası Yuri Sergeyeviç Lavrov SSRİ Xalq artisti olub. Anası Olqa Qudim-Levkoviç də tanınmış aktrisa idi. 1934-cü ildə Leninqradda sovet liderlərindən Sergey Mironoviç Kirovun qətlə yetirilməsindən sonra ziyalılar arasında “təmizləmə” prosesi başlanmışdı və ailə mümkün repressiya təhlükəsini nəzərə alaraq Kiyevə köçür. Kirill isə Leninqradda nənəsinin yanında qalır və orada orta məktəbə gedir. Atası Yuri Lavrov Kiyevdə yaradıcılıq fəaliyyətini davam etdirir, Kiyev Rus Dram Teatrının bədii rəhbəri olur.
İkinci Dünya müharibəsi illərində Kirill Lavrov valideynləri ilə birlikdə Novosibirskə köçür. O, burada hərbi zavodda çalışır. Könüllü olaraq cəbhəyə getmək istəsə də, yaşı çatmadığı üçün hərbi çağırış məntəqəsindən geri qaytarılır.
Nəhayət, 1943-cü ildə 18 yaşında onu Həştərxan şəhərinə mexanik məktəbində oxumağa göndərirlər. İki il orada təhsil alır. Məktəbi qurtaranda müharibə də qurtarır və beş il Uzaq Şərqdə, Kuril adalarında texnik işləyir. Sonra hərbi xidmətə gedir. Teatra həvəsi olan Kirill orada dram dərnəyi yaradır. 1950-ci ildə əsgərlikdən qayıdır.
Yaradıcılığına gəlincə, Kirill Lavrovun teatr təhsili olmayıb. Müharibə illəri ilə əlaqədar hətta orta məktəbi bitirə və attestat ala bilmir. Ona görə də Moskva Teatr Texnikumuna qəbul olmaq arzusu gerçəkləşmir. Hərbi xidmətdən qayıtdıqdan sonra atası Yuri Lavrovun bədii rəhbəri olduğu Kiyev Rus Dram Teatrında təcrübə keçməyə başlayır və atasının rəhbərliyi altında 5 il ərzində aktyor sənətinin incəliklərini mənimsəyir. 1955-ci ildə M.Qorki adına Leninqrad Akademik Dram Teatrında işləməyə başlayır. Sonralar isə bu teatrın bədii rəhbəri olur.
Krill Lavrov kinoda unudulmaz rollar oynayıb. İlk dəfə 1956-cı ildə “Vasek Turbaçev və onun yoldaşları” filminə çəkilir. 1964-cü ildə rejissor Aleksandr Stolper aktyoru “Dirilər və ölülər” filminə dəvət edir. Bundan sonra bir-birinin ardınca “Karamazov qardaşları”, “Alovun ram edilməsi”, “İnsanlar, mənə inanın!”, “Lyubov Yarovaya” və s. filmlərə çəkilir. 1975-ci ildə Viktor Trequboviç və Edvin Laynenin “İnam” filmində Lenin roluna çəkilir. O, həmçinin iki tamaşada da Lenin rolunu oynayıb və bu rollara görə Lenin mükafatına da layiq görülüb. Kinoda axırıncı rolu rejissor Vladimir Bortkonun “Master və Marqarita” serialında olub. Bundan sonra rejissorlar onu kriminal qəhrəman rollarına dəvət edirlər. Lakin o, bu dəvətləri qəbul etmir.
Şəxsi həyatına gəlincə isə, Kirill Lavrov aktrisa Valentina Nikolayeva ilə ailə həyatı qurub, bir oğulları və bir qızı dünyaya gəlib.
Məşhur aktyor 27 aprel 2007-ci ildə 81 yaşında vəfat edib.
Hazırladı: Səbinə Əlibalaqızı