Vera Alentova. “Moskva göz yaşlarına inanmır” filmində oynadığı rolu ilə böyük şöhrət qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş etdiyim sənətkarlardan biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən böyük şəhərə gələn, həyatın çətinlikləri ilə üzləşən, xəyanət görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan, zavodun direktoru vəzifəsinədək yüksələn, qızını tək böyüdən Katerina Tixomirovanı milyonlarla tamaşaçıya sevdirməyi bacardı.

O, 1942-ci il fevralın 21-də Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub. Vera 4 yaşında ikən atası dünyasını dəyişir. Anası həmişə ona təsəlli verərək deyirdi ki, qorxma, sənin bütün işlərin yaxşı olacaq. Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir, köhnə pərdələrdən paltarlar tikir və onları güllərlə, yarpaqlarla bəzəyirdi. Anası teatrla qastrollara getdiyindən onlar müxtəlif şəhərlərdə olurdular. Vera məktəbə Ukraynada getsə də, orta təhsilini Altayda bitirir, Barnaul şəhərində tibb institutuna daxil olur.
Lakin uşaqlıqdan aktrisa olmaq arzusu onu rahat buraxmırdı, odur ki, anasının çalışdığı Barnaul Dram Teatrında artistlik bacarığını göstərmək istəyir. Bundan xəbər tutan anası çox əsəbiləşsə də, sonra qızının istedadını və istəyini nəzərə alaraq ona Moskvada oxumağı məsləhət görür. 1961-ci ildə Vera Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına daxil olur. Burada eyni kursda oxuduğu əslən bakılı, gələcəyin məşhur aktyoru, rejissoru, ssenaristi Vladimir Menşovla tanış olur, onların aralarında məhəbbət yaranır. İkinci kursda ailə həyatı qururlar.
1965-ci ildə cütlük məktəb-studiyanı bitirir. Vera A.S.Puşkin adına Moskva Dram Teatrına çalışmağa başlayır. Həyat yoldaşı paytaxtda işsiz qaldığı üçün Stavropola yollanır, bir ildən sonra isə Moskvaya qayıdır. Məşhur rejissor Mixail Romm Vladimirlə tanış olduqdan sonra onun istedadını bəyənir. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aspiranturasına qəbul olur və rejissorluq ixtisası üzrə bitirir. 1969-cu ildə onların Yuliya adında qızları dünyaya gəlir.
Vera Alentova teatrda oynadığı rollara görə diploma layiq görülür. Kinoda debütü isə 1965-ci ildə “Uçuş günləri” (Lidiya Fyodorovna) filmi olur. 1977-ci ildə “Doğum günü” (Olenina), 1979-cu ildə “Belə qısa və uzun həyat” (Nastya Ovçinnikova) filmlərinə çəkilir.
1979-cu ildə həyat yoldaşı Vladimir Menşovun quruluş verdiyi “Moskva göz yaşlarına inanmır” filmində oynadığı Katerina Tixomirova rolu ona böyük şöhrət gətirir. Film 100-dən çox ölkədə nümayiş olunur. 1981-ci ildə “ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına layiq görülür. Vera Alentova isə Dövlət mükafatı laureatı olur. Aktrisa müsahibələrində Katerina rolu ilə öz həyatında oxşarlıqların çox olduğunu, ikisinin də kənddən şəhər gəlib kirayədə qaldığını, heç bir çətinliklərə baxmayaraq, öz ayaqları üstə durub istədiklərinə nail olduğunu, ikisinin də həyatda cəmi bir qız övladını böyütdüyünü deyir.
Vera Alentova 1982-ci ildə Rusiyanın Əməkdar artisti, “Arzu zamanı” filmində (1984) canlandırdığı Svetlana Vasilyevna roluna görə 1986-cı ildə “Vasilyev qardaşları” kino mükafatına, 1992-ci ildə Xalq artisti adına layiq görülür. 1995-ci ildə yenidən həyat yoldaşının rejissorluğu ilə “Şirli-mırli” (Lyüsena Korolikova) filminə çəkilir. Sonrakı illərdə də bir-birindən maraqlı rollar oynayır.
Bir neçə il əvvəl “qızıl toy”larını (50 illik) qeyd edən mehriban cütlük hazırda Moskvada yaşayır. Qızları Yuliya isə məşhur aktrisa, teleaparıcı və teleprodüserdir. 74 yaşlı aktrisanın iki nəvəsi də var.

Səbinə Əlibalaqızı