SSRİ Xalq artisti, teatr və kino pedaqoqu, Rusiya Akademik Kiçik Teatrının (“Malı Teatr”) bədii rəhbəri, mədəniyyət naziri və milyonlarla tamaşaçının sevimlisi. Bir sözlə, Yuri Solomin.
Yuri Solomin 1935-ci il iyunun 18-də Çita şəhərində musiqiçilər ailəsində anadan olub. Atası Mefodiy Solomin simli alətlərdə, xüsusən də kanonda gözəl ifa etməyi bacarıb. Anası Zinaidanın isə yaxşı səsi olub. Valideynlərinin hər ikisi Pionerlər evində musiqidən dərs deyiblər. Lakin Yurinin və onun kiçik qardaşı Vitalinin uşaqlıqdan musiqidən çox aktyorluğa həvəsi böyük olub. Buna görə də əvvəlcə Yuri, sonra isə Vitali orta məktəbi qurtaran kimi bu peşənin arxasınca gedirlər. Beləcə, Rusiya teatr və kino sənətinə iki qardaşın adları yazılır.
1957-ci ildə Yuri Solomin M.S.Şepkin adına Teatr Məktəbini bitirir və “Malı Teatr”ın truppasına qəbul edilir. Əvvəlcə kiçik rolları oynayan aktyor getdikcə öz istedadı sayəsində baş rolların öhdəsindən də məharətlə gəlməyə başlayır.
Aktyorun kinoda ilk debütü isə 1960-cı ildə İsidor Annenskinin “Yuxusuz gecə” filmində mühəndis Pavel Yeqoroviç rolu olur. Bundan sonra aktyor “Ana ürəyi” (Dmitri Ulyanov), “Təqib” (Nikolay Makaroviç), “Adi möcüzə” (Emil), “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” (Vitali Slavin) və başqa filmlərə çəkilir. 1970-ci ildə “Əlahəzrətin adyutantı” filmində canlandırdığı kapitan Koltsov rolu onu SSRİ miqyasında məşhurlaşdırır. SSRİ ilə Yaponiyanın 1975-ci ildə müştərək çəkdiyi (rejissor Akira Kurosava) “Dersu Uzala” filmində Vladimir Arsenev rolu isə onun dünyada tanınmasına səbəb olur.
Yuri Solomin özünü aktyorluqla yanaşı, rejissorluqda da sınayıb. “Malı Teatr”ın səhnəsində N.Qoqolun “Müfəttiş”, A.Çexovun “Qağayı”, “Üç bacı” və s. əsərləri tamaşaya qoyub. 1990-1991-ci illərdə isə Rusiyanın sovet dövründə sonuncu mədəniyyət naziri olub. Amma o tezliklə hiss edir ki, nazir vəzifəsi, məmur işi onluq deyil.
Şəxsi həyatına gəlincə, aktyorun həyat yoldaşı Olqa Solomina da aktrisadır. Onlar teatrda tamaşa izləyərkən təsadüfən tanış olublar. Belə ki, tamaşaya baxan Yurinin yanındakı yer boş idi. Tamaşa başlanandan sonra Olqa gəlib onun yanında əyləşir. Aktyor deyir ki, ona baxanda hiss etdim ki, o mənim həyat yoldaşım olacaq. Bu tanışlıqdan bir ay sonra onlar toysuz ailə həyatı qururlar. 1965-ci ildə cütlüyün Darya adında qızları dünyaya gəlir. Onlar çox kasıb yaşayırdılar, hətta qızlarına çarpayı belə almağa imkanları yox idi. Aktyor deyir ki, biz kasıb yaşamağımıza baxmayaraq, xoşbəxt idik. Çünki xoşbəxtlik pulda deyil. Xoşbəxt cütlüyün Aleksandra adında bir nəvələri də var.

Səbinə Əlibalaqızı