İtaliya muzeyləri ötən həftə ölkədə baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 610 min avro pul toplayıb. Bu barədə məlumatı ölkənin Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi yayıb.
Bu məbləğ yalnız dövlət muzeyləri tərəfindən satılmış biletlərdən əldə olunan gəlirdir. Bu maddi yardım kampaniyasına bələdiyyə, özəl və dini muzeylərdən gələn vəsait də əlavə ediləcək.
Qeyd edək ki, İtaliyanın mədəni irs və fəaliyyət, turizm naziri Dario Françeskinin yardım çağırışından sonra avqustun 28-də ölkə muzeylərini 70 mindən çox adam ziyarət edib. Bilet satışından əlavə, qısa nömrəyə göndərilən SMS-lər vasitəsilə də yığılan maddi yardım 10 milyon avrodan çoxdur.
Xatırladaq ki, avqustun 24-də baş vermiş 6,3 ballıq zəlzələ Akkumoli və Amatriçe şəhərlərində iri dağıntılara səbəb olub, 300-ə yaxın adam həlak olub.