Dünyada texniki üsulla kitab çapının meydana gəldiyi ilk vaxtlardan bu çap nümunələrinin satışı da təşəkkül tapmağa başlayıb. Hələ XVI- XVII əsrlərdə kitab çapının vətəni Almaniyada - Frankfurt və Leypsiqdə kitab yarmarkaları təşkil edilirdi. Bugünkü kitab yarmarkalarının tarixi isə 1949-cu ildə təşkil olunan Frankfurt yarmarkasından hesablanır. O vaxtdan başlayaraq hər il dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab yarmarkaları keçirilir. Bu tədbirlərdə müxtəlif ölkələrdən gələn naşirlər, yazıçılar, tərcüməçilər, kitabxana işçiləri poliqrafiyanın son nailiyyətləri ilə tanış olur, fikir mübadiləsi aparırlar. Bu yarmarkaların ikisi - Frankfurt və Qahirə kitab yarmarkaları öz möhtəşəmliyi və rəngarəngliyi ilə seçilir.
   Hər ilin oktyabrında təşkil olunan Frankfurt yarmarkası dünyanın nəhəng kitab yarmarkası hesab olunur. Yarmarka 10 iri pavilyondan (ümumi ekspozisiya sahəsi 172 min kv m) ibarətdir. Burada dünyanın 100-dən çox ölkəsindən kitablar nümayiş etdirilir. Hər il bir ölkə Frankfurt yarmarkasının fəxri qonağı seçilir. Bu il bu ada İslandiya layiq görülüb.
   Qahirədə ilk beynəlxalq kitab yarmarkası 1969-cu ildə - Misir paytaxtının 1000 illiyi münasibətilə təşkil olunub. Hər ilin yanvar-fevralında keçirilən yarmarkanın təşkilatçısı Misir Baş Kitab Təşkilatıdır. İki həftə davam edən bu kitab nümayişinə 2 milyondan çox adam və minlərlə kitab ticarətçisi gəlir.
   Bundan əlavə, hər il Leypsiq, London, Paris, Kvebek, Buenos-Ayres, Moskva, Sankt-Peterburq, Minsk, Vilnüs, Əbu-Dabi, Pekin - ümumilikdə dünyanın 30-dan çox şəhərində beynəlxalq kitab sərgi-yarmarkaları keçirilir. Artıq iki ildir ki, bu şəhərlərin sırasına Bakı da qoşulub.

   Çingiz