İyulun 10-da “Fairmont Baku” hotelində Ukraynanın Azərbaycandakı səfirliyinin himayəsi ilə “Bakıda kəhrəba yolu” sərgisinin açılışı olub. İncəsənət əsərlərinin ekspozisiyasını “Ukrayna kəhrəba dünyası” Assosiasiyası təqdim edib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko tədbirdə çıxış edərək iki ölkə arasında münasibətlərin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də dinamik inkişaf etdiyini vurğulayıb.
Səfir qeyd edib ki, təqdim olunan sərgidə Ukrayna kəhrəbasında təcəssüm olunmuş Azərbaycan motivlərini, Azərbaycan mövzularını görmək olar: “Sərginin ideyası bizim humanitar və mədəni sahədə tərəfdaşlığımızı tamamlamaqdan ibarətdir”.
“Ukrayna kəhrəba dünyası” Assosiasiyasının sədri Qalina Simxa kəhrəba məkanının fəlsəfəsi barədə söhbət açaraq deyib: “Azərbaycan mədəniyyəti bizə ruhən çox yaxın və maraqlıdır. İki tarixi yol - Kəhrəba yolu və İpək yolu məhz Ukraynada kəsişir. Buna görə də sərgi üçün sənət əsərlərinin xüsusi kolleksiyası yaradılıb. Kolleksiyaya daxil olan eksponatlar Rovno vilayətindəki Vladimires-Vostoçnı yatağından hasil edilmiş Ukrayna kəhrəbasından hazırlanıb”.
Q.Simxa qeyd edib ki, Ukrayna sənaye üsulu ilə kəhrəba istehsalının həcminə görə dünyada ikinci yeri tutur. “Ukrayna kəhrəba dünyası” Assosiasiyasının üzvü, “Karl Faberje” fondunun ordenlərinə layiq görülmüş memar-zərgər İrina Karpova bildirib ki, sərgidə nümayiş etdirilən kəhrəbalardan birinin yaşı 40 milyon ildən çoxdur. Hər bir incəsənət əsəri dünya bədii ənənələrinə uyğun olaraq klassik texnikalarda istifadə edilmiş materialların kombinasiyasıdır. Gözəlliyinə və müalicəvi xassələrinə görə seçilən kəhrəba ta qədimdən zəmanəmizə qədər həmişə yüksək zövqə uyğun bəzək əşyası və güclü həmayil, sağlamlıq və uğur rəmzi sayılıb.
Sonra Ukrayna kəhrəbasının hasilatı və emalı mövzusunda film nümayiş etdirilib.
Qeyd edək ki, sərginin ekspozisiyasında nümayiş etdirilən “Ambra Simxa” adlı işlər, habelə “Nar ağacı” və “Buta ağacı” kəhrəba mozaik pannoları Dünya Həyat Ağacı mövzusuna həsr edilib. Bu əsərlər Şəki şəhərindəki Xan sarayı naxışlarının motivləri əsasında müasir Ukrayna rəssamları tərəfindən yaradılıb.