“Xeyirxahlıq, insansevərlik, mərhəmət... Hər əməlini bu amallara görə yönəldən, hər addımını bu keyfiyyətlərə uyğun atan insan dünyanın ən genişqəlbli, saf düşüncəli şəxsiyyətidir. Və bəşər tarixində məhz belə insanlar milyonların sevgisini qazanaraq, öz adlarını əbədi olaraq dünyanın mənəviyyat salnaməsinə yazırlar”.
Bu fikirlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən “Mərhəmətdən yanan çıraq” fotoalbomunda yer alıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanan nəfis nəşrdə vaxtilə nəcib həkimlik peşəsini seçən Mehriban xanımın bu gün öz peşəsindən irəli gələn müqəddəs amal uğrunda çalışaraq ölkəmizin səhiyyəsi, vətəndaşların sağlamlığı naminə gördüyü işlərə işıq salınır. Nəşrdə birinci xanımın müxtəlif səhiyyə ocaqlarının açılışında və beynəlxalq səhiyyə tədbirlərində iştirakı ilə bağlı fotolar təqdim olunur.
Fotoalbomun “Ümid ocağı” adlı ön sözündə qeyd olunur ki, bu gün Vətənimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi, iqtisadi, sosial tərəqqi dövrünü yaşayır. Dövlət başçısının bu yolda yorulmaz məsləkdaşı, hər işdə ona kömək edən, onu dəstəkləyən ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. Mehriban xanıma xas olan alicənablıq, iradə, professionallığı və humanizmi, yüksək mənəvi keyfiyyətləri, xeyirxahlığı, insanların ümidlərinə şəfqət hissi ilə yanaşması onun şəxsiyyət zənginliyinin göstəricisidir.
Azərbaycan səhiyyəsinin hamisi
Mehriban xanım Əliyevanın dünyasında həkimlik peşəsinin məxsusi yeri var. Özünün də qeyd etdiyi kimi, “həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir... Özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsi səhiyyə ilə bağlı layihələrdir. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” kimi layihələr, konkret şəxsləri, xüsusilə uşaqları sağlamlığına qovuşdurmaq üçün atılan addımlar bu qəbildəndir.
Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tibb müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, səhiyyə ocaqlarının tikilməsi və əsaslı təmir olunması ilə bağlı önəmli işlər görür, səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqində yardımçı olur, ən müasir tibbi metod və nailiyyətlərin ölkəmizə gətirilməsinə və istifadə edilməsinə çalışır. Fondun dəstəyi ilə Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi, Qala qəsəbəsində 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının filialı inşa olunub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Mərdəkanda Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Türkan qəsəbəsində poliklinika və təcili tibbi yardım stansiyasının, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin, Pirşağıda 34 nömrəli Şəhər Səhiyyə Kompleksinin, Maştağada “Təbəssüm” uşaq sanatoriyasının əsaslı təmir və təchizatı da Fondun təşəbbüsü və vəsaiti ilə həyata keçirilib. Bu tibb müəssisələrinin böyük əksəriyyətinin açılışında Mehriban xanım şəxsən iştirak edib, pasiyentlərin və tibb personalının qayğıları ilə maraqlanıb.
Humanist fəaliyyətin istiqamətləri bunlarla məhdudlaşmır. Mehriban xanımın şəxsi təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə xəstə və əlil uşaqların sosial-psixoloji reabilitasiyası, irsi qan xəstələri üçün qanvermə kampaniyasının təşkili kimi çox zəruri missiyalar həyata keçirilir. Neçə-neçə soydaşımız - şəfa tapmaq ümidi ilə Mehriban xanıma üz tutan müxtəlif qruplardan olan insanlar xeyirxah şəxsiyyətin vasitəçiliyi ilə dərdinə məlhəm tapıb, yaşamaq arzusu yenidən parlayıb.
Eyni zamanda təbabət sahəsində milli mədəni irsimizin qorunması, xaricdə humanitar aksiyalar vasitəsilə Azərbaycanın tanıdılması ölkəmizin bu günü və gələcəyi naminə böyük əhəmiyyət daşıyır. Bütün bu fəaliyyətlərin nəticəsidir ki, Mehriban xanımın belə əhəmiyyətli təşəbbüslərinin aktuallığı nəzərə alınaraq, onların bir çoxu sonradan dövlət tərəfindən dəstəklənib, müvafiq dövlət proqramları qəbul edilib və daha geniş şəkildə icra olunub.
Xeyirxahlığın sərhədi olmur
“...Mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir”. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyriyyə aksiyalarının coğrafiyası ölkəmizlə məhdudlaşmır. Heydər Əliyev Fondu tərəfindən Rusiyada Rostropoviç-Vişnevskaya Fonduna, Yekaterinburq şəhərindəki 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohemotoloji Mərkəzinə, Pakistanda Həmzə Xeyriyyə Fonduna, Peşəvər şəhərindəki Paxtunxva Göz Xəstəxanasına maliyyə yardımı göstərilib, tibbi avadanlıqlar hədiyyə edilib.
Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı beynəlxalq aləmdə də diqqətlə izlənilir, fəaliyyəti yüksək dəyərləndirilir. Belə ki, o, ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Dünya Səhiyyə Təşkilatının xüsusi mükafatına, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə isə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Eyni zamanda Mehriban xanıma Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin “Fəxri professoru” elmi adı və xatirə nişanı təqdim edilib.
Ümumilikdə fotoalbom Heydər Əliyev Fondunun prezidentinin Azərbaycanın və bir sıra xarici ölkələrin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının dolğunluğu ilə əks olunduğu dəyərli mənbədir.
Fariz Yunisli