3 avqust 1993-cü il. Azərbaycanda dərin böhranın yaşandığı günlərdən biri. Bakıda ABŞ-ın IDB şirkətinin quraşdırdığı beynəlxalq peyk rabitə kompleksinin açılışı keçirilir. Ölkə dünya telekommunikasiya sisteminə qoşulur. Mərasimdə Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edir. Qarabağdan gələn ağrı-acılı xəbərlərin sırasında bu hadisə, sadəcə, rəsmi xronikanın bir sətrində yer alır. Amma mahiyyəti böyük idi. Dünyada sürətli informasiya dövrü başlanmışdı və bu, müharibə şəraitində, informasiya blokadasında olan Azərbaycan üçün əlahiddə önəm kəsb edirdi. O çətin zamanda ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev bunu hər kəsdən yaxşı bilirdi. Tezliklə respublikanın məhdud imkanları daxilində rabitə-informasiya sahəsinin inkişafı üçün zəruri tədbirlər görüldü.
Zamanın sürəti
1994-cü ildə Azərbaycanda ilk mobil rabitə xidməti (Bakcell) fəaliyyətə başladı, 1995-ci ilin mayında Türkiyənin köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verildi. Qardaş ölkənin xarici işlər naziri Ərdal İnönünün iştirakı ilə keçirilən həmin mərasimdən xəbər hazırlayanlardan biri də bu sətirlərin müəllifi idi və etiraf edim ki, o vaxt internet haqqında bəsit təsəvvürüm vardı. Amma zaman çox tez ötdü. Çünki o, artıq günlər, aylarla deyil, informasiyanın sürəti ilə ölçülürdü. Fiber optik kabellərin çəkilişi, elektron ATS-lərin yaradılması başlandı.
1995-ci ildə ölkəmiz informasiya və kommunikasiya texnologiyaları üzrə beynəlxalq tədbirə ev sahibliyi etdi, BakuTel sərgilərinin əsası qoyuldu. 1996-cı ilin iyulunda Bakıda yeni televiziya qülləsi açıldı. Onun təməli 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuş, lakin 80-ci illərin sonlarında yaşanan məlum hadisələr fonunda inşası yarımçıq qalmışdı. 15 il sonra açılışını etmək yenə ulu öndərə qismət oldu. O, mərasimdəki çıxışında informasiya-telekommunikasiya sahəsinin inkişafının vacibliyini qeyd edərək ölkənin iqtisadi imkanları artdıqca bu sahəyə daha çox diqqət ayrılacağını bildirdi. 1998-ci ilin sentyabrında Bakıda Avropa-Asiya kommunikasiya dəhlizinin yaradılması ilə bağlı İpək Yolu konfransı keçirildi. Beləcə Azərbaycan XXI əsrə beynəlxalq informasiya və kommunikasiya şəbəkəsinin mühüm parçası kimi daxil oldu.
Yeni əsr artıq informasiya əsri idi. Ulu öndərin dövlətçilik xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin genişlənən iqtisadi potensialına mütənasib olaraq bu sahədə daha böyük hədəflər müəyyən etdi, qatıldığı ilk beynəlxalq tədbir də bu mövzuya həsr olunmuşdu. 2003-cü il dekabrın 10-da Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində çıxış edən dövlət başçısı Azərbaycanın bu istiqamətdə prioritetlərini və potensial imkanlarını diqqətə çatdırdı: “Bu gün Azərbaycan fəal surətdə informasiya texnologiyaları layihələrini həyata keçirməkdədir. Əlverişli coğrafi-siyasi mövqeyi Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib hissəsi etmişdir. İnanırıq ki, ölkəmiz bu mənada aparıcı rol oynayacaqdır və bütün ölkələrlə bu sahədə əməkdaşlığa hazırıq. Bizim ölkədə həm elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər imkan verir ki, Azərbaycan bu yöndə regionda aparıcı ölkə olsun”.
Elektron Azərbaycandan elektron dünyaya
Prezident İlham Əliyev informasiya və kommunikasiya texnologiyalarının inkişafını qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etdi və Azərbaycan sürətlə elektron dünyada özünə yer qazanmağa başladı. 2004-cü ildə Rabitə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çevrilməsi də, sadəcə, dövrün dəbinə uyğun ad dəyişikliyi deyildi. Dünya iqtisadiyyatında aparıcı mövqelər qazanan informasiya texnologiyalarının istehsalı artıq Azərbaycan üçün də yeni iqtisadi seqmentə çevrilmişdi. İnformasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012), rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008 və 2010-2012-ci illər üçün dövlət proqramlarının (“Elektron Azərbaycan”) həyata keçirilməsi bu sahənin inkişafına böyük təkan verdi. Nəticədə 10 il ərzində ölkədə ümumilikdə iqtisadiyyat 3 dəfə, informasiya və rabitə sahəsi isə 8 dəfə artdı. Müstəqillik illərində bu sahənin inkişafına 3 milyard dollardan çox vəsait yatırılıb. İnkişafın tempi və sektora yatırılan vəsaitlər artıq Azərbaycanın İKT dünyasında daha yüksəklərə çıxmasını təmin etmişdi. Ölkə Prezidenti tərəfindən “İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunan 2013-cü ildə ilk zirvə fəth edildi, fevralın 8-də Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarıldı.
Kosmosdakı üçrəngli peykimiz
Bu, müstəqillik tariximizdə əlamətdar gün idi. Üzərində üçrəngli bayrağımız olan “Ariane-5” daşıyıcı raketi (Fransa) ilə orbitə buraxılan “Azərspace-1” peyki Azərbaycanı kosmos ölkələri sırasına daxil etdi. Başqa ölkələrin on illər ərzində çatdığı bu hədəfə Azərbaycan iqtisadi imkanları və inkişaf strategiyası ilə dörd ildə nail oldu. Kosmik sənayenin yaradılması üzrə 2009-cu ildə qəbul olunan Dövlət Proqramının icrası 2013-də ilk nəticəsini verdi.
Artıq İKT sahəsinə qoyulan vəsaitlərin gəlir gətirməsi zamanı çatıb. “Azərspace-1” peykinin xidmət dairəsi Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqin 50-dən artıq ölkəsini əhatə edir. İstismar müddəti 15 il olan peykin resurslarının 20 faizi Azərbaycanın tələbatı, 80 faizi isə dünya telekommunikasiya xidmətləri bazarına ixrac üçün nəzərdə tutulub. Cəmi 20 il əvvəl Azərbaycan beynəlxalq rabitə sisteminə qoşulmaq üçün xarici ölkə peyklərindən bir xətt kirayə etməyə məcbur idi. Bu gün isə müxtəlif ölkələrin 130-dək telekanalı dünyaya yayılmaq üçün Azərbaycan peykindən istifadə edir.
“İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir”, - deyə Prezident İlham Əliyev Azərbaycan peykinin kosmosa çıxarılması münasibətilə xalqa təbrik müraciətində bildirmişdi.
Ölkənin kosmosda öz peykinə sahib olması iqtisadi imkanlarla yanaşı, həm də informasiya təhlükəsizliyinin təmin olunması, bu sahədə xaricdən asılılığının aradan qaldırılması deməkdir. Bu baxımdan 2014-cü il dekabrın 2-də “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən ölkəmizin ikinci peyk əldə etməsi xüsusi önəm kəsb edir. Fransa şirkətinin bu ilin iyununda orbitə çıxardığı “SPOT-7” yüksək ayırdetməli (1,5 metrədək) müşahidə peyki artıq “Azersky” adlanır. Peykin 12 illik iş təminatı və təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var. “Azersky” Fransanın orbitdəki “SPOT-6” peyk toplusu ilə birlikdə sutkada 6 milyon kv. km ərazinin ən xırda detallarınadək şəklini çəkə bilir.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bununla bağlı deyir: “Bu müqaviləni imzalamaqla “Azərkosmos” geo-informasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Bu, Azərbaycanın peyk xidmətləri göstərən azsaylı ölkələr arasında mövqelərini daha da möhkəmləndirəcək”.
Yeni xidmət: rahat və ASAN
İnformasiya və kommunikasiya texnologiyaları təkcə iqtisadi faktor deyil, eyni zamanda həyatımıza gətirdiyi yeni xidmətlər, rahatlıq, vaxta və vəsaitə qənaət - bir sözlə, rifah faktoru deməkdir. Hazırda ölkə əhalisinin 70 faizi internet istifadəçidir və “Elektron hökumət” layihəsi bu sahədə geniş imkanlar açır. Nazirlər Kabinetinin təsdiq etdiyi 478 xidmətdən 350-si elektron formada e-hökumət portalı vasitəsilə təqdim edilir. Bu sahədə Azərbaycanın artıq dünyaya təqdim edəcəyi təcrübə də var. Ölkə Prezidentinin fərmanı ilə 2013-cü ildə fəaliyyətə başlayan “ASAN xidmət” şəbəkəsi İKT və innovasiyalı idarəetmədə Azərbaycan brendidir.
Qeyd edək ki, oxşar xidmət mərkəzləri başqa ölkələrdə də var, lakin onların fəaliyyəti məhduddur, yalnız bir dövlət qurumuna aid xidmətləri həyata keçirir. “ASAN xidmət” konsepsiyası isə müxtəlif dövlət qurumlarının göstərdiyi 25 xidməti bir mərkəzdə birləşdirir. Hazırda “ASAN xidmət”in Bakıda 4, habelə Sumqayıt və Gəncədə mərkəzləri fəaliyyət göstərir. Bir il ərzində bu mərkəzlərə 1 milyonadək insan müraciət edib. Yaxın gələcəkdə daha yeddi regionda mərkəzlər fəaliyyətə başlayacaq.
İKT və mədəniyyət: kitabxanalar ovcunuzun içində
İnformasiya texnologiyalarının üstün imkanlar gətirdiyi sahələrdən biri də mədəniyyətdir. Bu gün dünyada yayılan virtual muzey ekskursiyaları, tarixi abidə və məkanlar üçün multimedia proqramları Azərbaycanda da uğurla tətbiq olunur. Bu sahədə ən diqqətçəkən yenilik 2013-cü ildə fəaliyyətə başlayan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET - www.azlibnet.az) və toplu kataloq layihəsidir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaların avtomatlaşdırılması istiqamətində gördüyü işlərin və “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın praktik yekunlarından biridir.
AZLİBNET həm kitabxanalar, həm də oxucular üçün geniş imkanlar açır. Oxucu istədiyi an məkandan, məsafədən, zamandan asılı olmayaraq kompüter, mobil telefon və digər İKT vasitələri ilə şəbəkənin toplu kataloquna daxil olub istədiyi sorğunu verə, həmin ədəbiyyatın hansı kitabxanada yerləşməsini təyin edə və elektron variantını yükləyə bilər. Elektron variant yoxdursa, sistem vasitəsilə ədəbiyyatı sifariş etmək mümkündür. Bu, ölkəmizdə kitabxanaçılıq təcrübəsində mühüm nailiyyətdir.
Mədəniyyət sahəsində İKT-nin daha geniş tətbiqi ölkə Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb. Strategiyada internet məkanında milli kontentin zənginləşdirilməsi, məlumat-axtarış sistemlərinin inkişaf etdirilməsi, elektron kitabxana şəbəkəsinin genişləndirilməsi tədbirləri nəzərdə tutulur.
Bu gün dünyada inkişaf, ölkələrin intellektual və elmi potensialının əsas göstəriciləri İKT-nin tətbiq səviyyəsi ilə ölçülür. Milli Strategiyanın qəbul edilməsi Azərbaycan dövlətinin bu sahədə ardıcıl siyasətinin göstəricisidir. 2020-ci ilə qədər dövlət qurumlarının bütün xidmətlərinin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsi təmin edilməlidir. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Elektron Təhlükəsizlik Mərkəzi və digər qurumların təşkili də bu məqsədə xidmət edir. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2014” hesabatında Azərbaycan 148 ölkə arasında daha 7 pillə irəliləyərək 49-cu yerə yüksəlib və 20 göstərici üzrə MDB-də liderdir. Qarşıdakı illər daha yüksək nailiyyətlərin müjdəçisi olacaq.
Vüqar Əliyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur