Təbiətimizin fırça şairi Səttar Bəhlulzadə

Hə, Səttar Bəhlulzadə təbiətimizin bədii fırça şairi idi!
Onun “əyri-üyrü” xətləri, çalın-çarpaz cizgiləri, rəngbərəng səma-çətirləri - seçmə poeziya sətirləri, klassik qəzəllər gözəlləri! İşıq-kölgə fəndləri qoşma-gəraylı bəndləri. Kətan-“kitab”larındakılar peyzaj tablo-poemalar. Gör-görkəmilə əkiztay təsiri bağışlayan ad-soyadı da bir “əlif-bey” portreti; bu imza aurasında gözlərimizə təbiətin heç bir naturasında görmədiyimiz görəcəklər görünər...


Azərbaycan təbiətini hamıdan yaxşı, hər kəsdən gözəl, özəldən özəl çəkmiş bu sənətkarın bu dünyaya gəlim tarixçəsi - 15.XII.1909 - major bir peyzaj, bu dünyadan getdiyini bildirən rəqəmlər - 14.X.1974 - qəm dolu minor bir tablo...
Birinci rəqəmlərə baxanda mənim ürəyimdə belə bir ikili maraq da doğulur ki, görəsən, bu qeyri-adi adam - cəmiyyət içrə “qərib”, təbiət üzrə qəribə varlıq həmin tarixçədə anadanmı doğulmuş, ya təbiətdənmi?..

Səpkilər...

Bunların ən idiomatikindən başlayım: “S.B.” imzalı bu könül təbiəti fırça ilə səpilib, rənglərlə suvarılıb, ilhamla göyərdilib...
İkincisi bu ki, bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar elə bilməsinlər ki, bu qədər sənət zürriyyətlərinə şöhrət atası olan Səttar Bəhlulzadə sonsuz getdi bu dünyadan! Kimin buna şəkki varsa, onun vəfalı-səfalı “ömür yoldaşı”na - təbiətə yaxınlaşıb soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi “gəlin-xanım”ın dilini Səttar ər-bəyin bildiyinin mində biri qədər bilirsə. Onun çiçəyini-gülünü bu aşiqin yüzdə biri qədər sevirsə. Bu dünya cənnətinin yaxın-uzaq guşələrini bu sənət qartalının gözləri kimi görürsə.
Müasir qələm ustadlarımızdan biri - “ömrü boyu tufan əyib, su yarmış” məlum şair “ana-bacısından gizlətdiyini kağız-qələmdən gizlətmədiyi” kimi, bu sənət səyyahı, zinət səyyadı da qıza-qadına yönəlik hiss-həyəcanlarını - bir az da artıq eşqlə, daha “bir köynək” yaxın, beş göynək artıq məhəbbətlə sevdiyi kətan-canan gözəllərə həsr etdi.
Adı-sanı, çörəyi-gərəyi canlı insanlarla ünsiyyətdən çıxan, “təzə” kilkə-ölkələr, “tapmaca” toponimlər, “yeni” Amerikalar kəşfində şöhrətlənən klassik səyyahlığın aborigen haqqı məlum. Bu sənət səyyahlığının haqqı isə bir az bəlli, bir az naməlum...
“Söz sözü çəkər” deyiblər. Yuxularında, röyalarında butalanan, “altdan geyib üstdən, üstdən geyib altdan qıfıllanan” aşiqlərin öz məşuqları dalıyca səfərlənmələrini bəyan edən telli sazları, allı sözləri çox eşitmiş, güllü dastanları çox oxumuşuq. Bəs, könül aynasında çeşnilənən çəmənlər, qönçə-xonçalanan gül-çiçəklər, tumurcuqlanan budaqlar, poqquldaşan bulaqlar, şaqqıldaşan şimşəklər dalınca qoşub, o milli məşuqları əbədi muzey-düzey yarı edən aşiqə nə avazlar, nə sözlər, nə kəlamlar?..

Diqqət!

...Riqqətə gəlmiş zəriflər çox kövrəlməsin - “Kəpəzin göz yaşları” leysanlanar. Optimistlər çox zilə çıxmasın - “Suraxanı atəşgahı”ndan odlanarlar. Pessimistlər özlərini “Əbədi məşəllər” üstə kökləsinlər. Bu halətin göyçəkləri, “ay qaşı-gözü qara”ları “Xəzər gözəli”nə baxıb, tellərini yan darasınlar. Özlərini “həyət-vətən”ə yox, Həyat-Vətənə həsr edən cütlüklər “Qızılbənövşəyə gedən yol”la adaqlanıb, “Axşamçağı Ordubad bağlarında” əhd bağlayıb, adaxlansınlar, “Qudyalçay vadisi”ndə bir-birinə qovuşsunlar. Bu sənətin sərxoşları “Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirsinlər - “Payız”sayağı baxsalar, ayılmaq təhlükəsi yarana bilər. “Əncir ağacı”na baxıb, baxıb: “bu, təbiətdəkilərdən də canlıdır!” - deyə təəccüblənənlər heyrətlərini “Əfsanəvi torpaq” tablosuna səpsinlər. “Azərbaycan nağılı”nın məna-mənəvi qidasından doymayanlar “Şahnabat” noğulundan dadsınlar. Vurğunluqdan qaşları tale yazılı alınlarına qalxanlar “Qayıqlar”da “Neft daşları”na sarı üzüb, sənət və zəhmət təşnəliklərini söndürsünlər. “Əmircan”a özlərinin ikinci ana yurdu - bədii sənət obası kimi baxan həmyerliləri bu total milli tərənnümçünü lokallaşdırıb “mənimdir!” nidası ilə ədalanmasınlar. Nədən ki, bu bütöv azərbaycanlının “Azərbaycan” adlı da sənət ölkəsi var ki, - digər şedevrlərilə birgə - coğrafi Azərbaycanın sərhədlərini çoxdan aşıb dünyaya yol açmış, vətənimizi bütün dünya xəyalatında peyzajlaşdırmış, portretləşdirmiş, tablolaşdırmış...

Əbədi seçkinlik

Səttar Bəhlulzadə hər zaman fərqlənəcək, hər gələcək möcüzəyaradanlar dövründə də seçiləcək. Bu seçki isə - “məntəqə”lərsiz, “dairə”lərsiz, qutularsız məsələ-mətləbdir. Bu seçkinin qalibləri normativ-platformativ “asfaltçəkən”, “körpüsalan”, korporativləşmə eşqilə alternativlərilə üz-göz olanlardan deyillər. Onlar başlarını aşağı salıb çalışa-çalışa yaradır, yaradır, öncə məhəlləsini, ardıyca bölgəsini, sonca ölkəsini yarıdırlar. Və lap axırda vətəndaş, yurddaş, soydaş çəkili başlarını yuxarı qaldırıb görürlər ki, baa, özlərini də yaradıb-yarıdıblar ki!..
Cəmiyyət həyatının hər sahəsinə aid olan bu məsələni də elm hesab edənlər şəxsiyyət olur, helm hesab edənlər isə şəxs.
Qədər-qəbilincə çatdırıb-çatırmayacağıma zəmanət vermədən deyim ki, ömrünün son illərində hərdən muzeylərdə, daha tez-tez isə asfalt-betonlu paytaxtımızın “Filarmoniya bağı” təbiətində gördüyümüz Səttar Bəhlulzadə biz tələbələrin gözündə qos-qoca xoca, uca şəxsiyyət-portret kimi obrazlaşmışdı. Pir olmuş hərdənbir də çayxanada, ucuz yeməkxanada-zadda görünmürdü ki, stoluna stul çəkib söhbət edək, kiminləsə qoşa görmürdük ki, yanındakını üzümüzə qara verib, bu ciddidən ciddi persona ilə salamməlik şərəfinə nail olaq, təbiətdəkilərdən çox fərqli yanaşdığı cəmiyyətdəkilər haqda, dostları və “dostlar”ı barədə özünəməxsus replikalarını eşidək. Bu bənzərsiz kişinin tez-tez araya-ortaya çıxan bənzərsiz əsərləri necə qəbul edilir, necə baxılır, səs-sorağı necə yayılırdısa, atmacaları da elə oca təsir bağışlayırdı. Onun qartal-qırğısayağı gözləri bizim gözlərimizdən uzaq düşən, iraq gəzən hər milli matahı tilovvarı barmaqları ilə “tovlayıb”-ovlayırdı.
Onun sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərar idi. Qaşları daim sənət hədəfinə tuşlanmış yaylar, uzun saçlarının rəngləri, fənər gözlərinin işığı, halət-siluet “qarmaqarışığı”nın şölələri ilahi bir palitra!..
Necə ki o, vətən təbiəti haqda çəkdikcə, yaratdıqca qurtarmırdı, onun sənəti, şəxsi təbiəti barədə də yazdıqca qurtarılmır. Sənətşünaslar, qəzet-jurnalçılar, kameramanlar onun yaradıcılığı ilə bahəm, xarakterindəki “işıq-kölgə” kontrastlarından, “model-modul” effektlərindən nə qədər yazıb-göstərsələr də, xalqın ürəyinə həzin nəğmətək yatan bu sənətkar heç bir qəlibə, ənənəviçilik ip-sapına yatmır. Heç - 15 yaşında rəssamlıq məktəbinə, 22 yaşında Azərbaycan Rəssamlıq Məktəbinə, 24-ündə Moskva Dövlət Rəssamlıq İnstitutuna, 32-sində Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbullara bidad gedib ustad qayıtmış bu sənətkar - məktəb və həyat auditoriyalarındakı tələbələrindən də heç vaxt “əlifba” tələb etməyib. Onlara verdiyi dərslər bir-birini əvəz edən “gələcək”lərdə bitkin əsərlərə çevrilib. Onun ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkələrdə özünü necə aparmağın etiket normaları kimi qəbul edilib. Onun impessionizm nümunələrinin bəziləri bu cərəyanla həmvətən olanların özlərini belə heyrətə gətirib...
Olunub, edilib, çevrilib, gətirib, anılıb, sanılıb... Nəticə: bunların harmoniyasından bütöv bir sənət və sənətkar şəxsiyyəti yaranıb ki, bunlar saysız-hesabsız yazılarda, kitablarda, filmoqrafik kadrlarda yaşamaqda. Zəngin irsi dünyanın möhtəşəm muzeylərini şərəfləndirməkdə. Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı kimi təltifatları bu xalqın adını, istedadını daha da şöhrətləndirib, ürəyini fərəhləndirməkdə. Deməli, o, yuxarıda minor tabloya bənzətdiyim tarixçə rəqəmlərindən sonra da yaşamaqda!..

Tahir Abbaslı