Artıq 2014-cü ilin (“At ili”) son dəmləridir. Kimisi ilin fəsillərinin, ayların, günlərin at sürəti ilə gəlib-keçdiyini düşünür. Bəziləri isə asta yerişini pozmayan köhlənin ili də səbirlə uğurladığı qənaətindədir.
Yeni ili - 2015-i isə gah qoyun, gah da keçi ili adlandırırlar. Astroloqların fikrincə, “Qoyun ili”ndə yağıntılar bol olacaq, münaqişələr öz həllini tapacaq. Bu ildə dünyaya gələnlər çox vaxt tələskən, ürəyiyumşaq və xəyalpərəst olurlar. Özlərini sevilməyə və qorunmağa möhtac hiss edirlər. Diqqət çəkməyə meyllidirlər, amma onlar heç kimə zərər vermək istəmirlər.
“Qoyun ili”ndə dünyaya gələnlər dizayn və rəsm çəkməklə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə bilərlər. Amma məsuliyyətli işlərdə qərar verməyi bacarmırlar. Nizam-intizam, qaydalar və tənqidlərə dözümsüz olurlar. Bunlarla yanaşı, onlar özlərini sevdirə bilirlər, heç bir maddi çətinlik çəkmirlər. Təmənnasız olaraq əldə etdiklərini daha zavallı insanlarla bölüşürlər.
Qoyun illərində yaddaqalan ziddiyyətli tarixi hadisələr də baş verib. Türklər Krımı fəth edib, Paraqvay, Liberiya, Əfqanıstan, Livan və Sudan müstəqillik əldə edib, radio ixtira edilib və Nobel mükafatı təsis olunub. Bundan başqa, Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər. İlk vertolyot Fransada havaya qalxıb. İsrail Şərqi Qüdsü işğal edib.
Qoyun ili ölkəmiz üçün də əlamətdar hadisələrlə yadda qalıb. Bakı Dövlət Universiteti (1919) təşkil edilib, paytaxtımızda metro nəqliyyatı (1967) fəaliyyətə başlayıb və s.
Qarşıladığımız “Qoyun ili” də dünyada sülhə, əmin-amanlığa vəsilə olsun, ölkəmizə və xalqımıza daha böyük uğurlar gətirsin!
Savalan Fərəcov