Abbas babam da deyərmiş: “Çalıb-oynamaq bizim hal-əhval xörəyimizdir”...
Öz zəfərli döyüş səfərlərindən, əkin-biçin, naxır-sürü uğurlarından, gözəl xalça-xalı, hörmə-tikmə, dadlı biş-düş bacarıqlarından vəcdə gəlib sümükləri oynağa gedən ulularımız - bir soyu da tərəkəməliyə çəkən babalarımız, nənələrimiz oba-oba “Tərəkəmə”ləyib, elat-elat “Cəngi”ləyib, “Heyvagülü”-“Turacı”layıb, “Qaytağı”-“Qazağı”layıb, lap axır bir külli-məmləkəti “Yallı” tutub, “milli rəqslərimiz” adlı milli dəyərimizi də yaradıblar...
Onların bunları nə üçün məhz “hava” adlandırmalarının fərqinə vara-vara düşünüb, öz mülahizə-mühakimələrimizdə çox “dara-bara” edir və bir də onda ayılırıq ki, bəzi taktlarından əməllicə havalanmışıq!..
Çalındıqları anlarda ha “elmi-metodoloji”, təhlil-təhqiqati cəhdlər edirsən ki, bəlkə, bunların haçan, necə, nə sayaq yaranmasını ehtimali-dəqiqləşdirəsən, diqqətdən ayrılıb görürsən ki, əksinə, bir az da emosionallaşıb, daha da riqqətə gəlmisən...
Hərdən, “ağırbatmanlıq” eşqinə düşüb, yaxud “utanmasan, oynamağa nə var” kimi deyimlərə eymənərək toy-şənlikdə dinc oturduğun yerdə, bığlı-saqqallı, rəsmi-rəyasi kişilərin, ağırtaxta xanımların necə bəhsə-bəhs süzdüklərini görür və bir də baxısan ki, bay, özün də qol götürüb oynayırsan!..
Və nəhayət... bu “giriş”dən çıxhaçıxda duyuq düşürəm ki, bu milli, çevik-energetik mövzunun mayə-qayəsi, indiyədək bir çox müxtəlif təyinatlı müsabiqələrdə iştirak etmiş ağırhəngi bəndənizin “Uzundərə” qələmini belə xeyli “Şalaxo”laşdırıb...
...Beləliklə, toxunacağım fakt, mənbə, məxəz və digər məsələ-mətləblərlə bağlı qeydlərimin bir qədər fraqmentallığına rəğmən, sözümün mabədinə insan təbiətitək rəngarəng rəqslərimizdən birinə məxsus ritm ilə davam edirəm. Yəni, -
“Kəsmə”sayağı...
Tarixlər uzunu coğrafiyalar dairəsiycə yaradılan və... söz-sov, yazı-pozu ilə ifadəsinə bənd olmadan can-dildən oynanılan rəqslər haqda Şeyx Nizamidən üzü bəri nəzmi-nəsri fikirlər də az söylənməyib. Böyük səhnə və ekranlarımızda da bu əsrarəngiz əza-muza nemətinin inci nümunələri az deyil; şedevr “Koroğlu” (Ü.Hacıbəyli) operasında incə-inci “Qızlar rəqsi”, qalibiyyət taktlı “Qılınclarla rəqs”, habelə “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev), “Minbir gecə” (F.Əmirov), “Məhəbbət əfsanəsi” (A.Məlikov) baletlərində, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əhməd haradadır?”, “Bəyin oğurlanması” və digər kinofilmlərdə könül oxşayan, qəlb coşduran rəqslər...
Sırf mütəxəssislər isə, mədəniyyət aləminin bu qədər incə-mincə, situativ-prosessual, bu dərəcədə mütəhərrik, hərəki “janr”ının tərif-“düstur”unu xeyli sükunətdə veriblər: “Rəqs - bədii obrazın ritmik-plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü”.
“Rəqsin rolu” isə onların təbir-təfsirində öz rolunu xeyli obrazlı “oynayır”: “İnsanı rahatlaşdıran, yüngülləşdirən və onu stressdən çıxaran ən yaxşı vasitələrdən biri...”
Bəli, insan rəqs edərkən tam başqa bir dünyaya düşüb, oynamağa başladığı anlara qədər yaşadığı bütün gərginliyi tərk edir. Əlbəttə, söhbət, tək elə bir para diringi-dingi rəqsləri yox, ümumən bu bəhsi tam dərk edənlərdən gedir. Yəni, müxtəlif səbəblər nəticəsində milli mədəniyyət təsərrüfatımızın bu həmişəcağ tağından iraq canlılar bu sayaq xəlqi məcunun Leyli-Məcnunluğundan çox uzaq. Belənçik bəndələrin bədənləri toy-mağarda eləcə yır-yır yırğalanar, qulac qolları boy-boy valaylanar, klassiklərimizdən biri demişkən, “haça ayaqlar”ı şil-şil səndələr! Bəs, bir dastan sözü olmasın, “o yandan səs gəlməniş, bu yanda fəs atıb, başmaq yırtanlar”? Yəni, bu ilik-sümük ilmələrini tək elə fərdi maraq, bəlli ehtiyac kimi yox, milli dəyər-əyar kimi də qiymətləndirən böyük əksəriyyəti deyirəm! Qara zurna “Cəngi” püləyəndə Qarabağda “sənin dərya içinə girib, durna boğazında boğulum!” deyənlərə, balaban bala-bala “Xançobanı” ləliyəndə Şirvanda-Muğanda “elə bil bağrımda şırım açır!” söyləyənlərə, dəli mizrab Dədə sazın sinəsini yazı-yazı eləyəndə məmləkət içrə ləhcə-ləhcə “yaneram-yanram-yanıram!” - deyə, dağ-daşları çağıranlara işarət edirəm. “Ay qız, sən oyna, incə bel oynasın” kimi pozitiv misralar qoşan kimsələri, “İkisi bir boyda gəzən gözəllər, Toyda-mağarda süzən gözəllər” qoşmalı xalqımızı öygü-sevgiləməyə can atıram...
Bir qədər də bu bər-bədən, qol-qanad bəyandarlarımızın törə-zatı, ad-“soyad”ı, sayı və təsnifatı barədə.
Bunlardan birini - “101”-i misal gətiribən və “görünən kəndə nə bələdçi” deyibən, rəqslərimizin say-hesab məsələsinə xitam verib, keçək o biri mətləblərə.
Belə ki;
tədqiqatçıların ümumi təsdiqatına görə, mahiyyətində qədim tarix və hər biri ilə ilgili konkret tarixçələr daşıyan bu şax-şux incəsənət şaxəsinin yaranışı eramızdan 2-3 min il əvvələ - Tunc dövrünə təsadüf edir (bu xudmani “tunc” ifadəsi təsəvvürümdə idmani bir “sinc” çaldı); əcəba, bəyəm o vaxta qədər insanlar şadlıq-şənlik məsələsində “oyundankənar” vəziyyətdə imişlər?..
Yox, əfəndilər, əlahəzrət məntiqin şəhadət-vəsatətinə görə, o çağlaradək ağı deyib ağlayan, koma düzəldib qışlayan, ov ovlayıb-quş quşlayan bəşər, çox güman ki, çəpik çalıb oynayırmış da! Olmasın tar-kamança, zurna-balaban, qaval-nağara, çadır-saray, olsun - qarğı-qamış, daş-qaya alətlər, kaha-mağara məkanlar. Yəni, yaranışdan üzü bəri “hər ləhzə yoxdan var olur”u - SÖZü “ixtira” edə-edə filoloji şifahi xalq ədəbiyyatını yaratmış ibtida irfanlarımız, özünü hər dəm büruzə verən bu hiss-həyəcani, bio-fizioloji təbəddülatı da düzüb-qoşa, qoşub-süzə bilərmiş.
Sizcə, bu rəqslərin özləri özləri haqda daha müfəssəl, daha mükəmməl, hətta bəzən daha dəqiq danışmırmı, sayın oxucular... və həm də son illər “həftə səkkiz, “dəvətnamə” doqquz” oyunçular? Altı yerə (mərasim, məişət, əmək, hərbi-qəhrəmani, coğrafi və şəxs adlarına) bölünən bu havalar səsləndikcə, al dilli xallar, bal dadlı “gül”lər özləri söyləmirlərmi ki, bu, tarixin hansı acısının, o biri kiminsə fərdi-məhəlli keyfiyyətlərinin, bu biri hankı dövr şadlığının, filan elatın necə, beşməkan tayfanın hancarı gəliş-gedişməsinin və nəhayət, yeddi gəzli (növlü) “Yallı” halı ilə - bütövlükdə vahid xalqın nə sayaq qalxım-eniminin ifadəsidir?!.
Bu milli varidatımızın özünəməxsus və özümüzəxas bir çox digər məziyyət və keyfiyyətləri də var ki, onlardan biri - başqa xalqlarınkılardan nələri, bəlli qitədəkilərdən isə “nəmənə”ləri ilə fərqlənmələridir. Amma dırnaq işarəsi içərisindəki nəmənə ifadəsini “nə mənə!” (nə vecimə!) kimi nəzərə almaq gərək. Belə ki, elələri rəqs zamanı tamaşaçını bər-bədənin elastika-plastikasına, geyim-kecim estetikasına yox, “rəqs” termininin müqəyyəd (ayıb) qafiyəsinə dəvət edirlər. Bizim rəqslərimizin ritm anlaşıqlığı, qoca-xoca, ahıl-cahıl, qadın-kişi təsnifatı, abır-həya pərdələri ilə həmin “super”çilərinki arasındakı fərq və... farklara bundan artıq yer ayırmaq isə, elə onlardan birinin “Tulaya samovar aparmaq” deyiminə bənzərdi, məncə...
Ancaq, hər halda, bəzi tarixi faktura və müasir faktlara toxunmaq gərək. Məsələn, şairlərin “rəqsimizin əlifbası” (S.Vurğun), səyyahların “qayalarda bəşər rəqsi” (Tur Heyerdal) adlandırdığı “Qobustan” ünvanlı təbii rəsm qalereyamıza xəyallanaq. Təsəvvürümüz o keçmişlər şifrəsini açı cəhdində ikən, realizəmiz cari işlərə, bəhs etdiyimiz sahənin də daxil olduğu böyük mədəniyyətimizə möhtəşəm töhfələr verən ictimai-ali şəxsiyyətlərə, fərdi fədakarlara yönəlsin. Öncə, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın neçə illərdir həyata keçirdiyi inci işləri xatırlayaq. Ardınca, ötən əsrin 30-cu illərindən etibarən xalq musiqisilə bahəm, milli rəqslərimizin də toplanıb nota alınması və biri-birindən sanballı kitablar bağlanması işlərində mənəvi külüng çalmış ulu Bülbül, Səid Rüstəmov, Rauf Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov və Məmmədsaleh İsmayılovun xatirələrinə sayğı antraktında bulunaq. Davamınca, ötən yüzilliyin əvvəllərindən bəri, onsuz da zatən diri rəqslərimizi dipdiriləşdirmiş fenomen rəqqaslarımızı - Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov və başqalarını sürəkli-şıdırğı alqışlar edək. O birər-birər nəhənglərin milli sənət fədakarlıqları, bu ayrı-ayrı istedadların ecazkar səhnə hərəkətləri bütövlükdə bir xalqın elmi, yaradıcı, mədəni-mənəviyyat nemətləri!..
Elə bu izzət-minnətdarlıq, qədir-qiymətdarlıq məqamında, həyatımızın hər sahəsinə dair müdrik fikirlər söyləmiş ulu öndər Heydər Əliyevin bu mövzu ilə üst-üstə düşən hikmətini də xatırlayaq: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir”.
Bu ulu deyimdən ilhamlanaraq deməyəkmi ki, mədəniyyət növləri içrə yalnız toy-bayrama, şadlıq-şənliyə işləyəni yalnız və yalnız rəqslərdir!..
Fraqmentlər...
Ötən əsrin axırları. Ucqar kəndlərimizdən birində şıdırğı bir toy. Bir-birilə bəhsə girmiş cavanlar ortalıqdan çıxmaq bilmir. Və hələ də qoldan zor bir ağsaqqalın ötkəm səsi: “Ay igidlər, qoy gözəllər də oynasın!” Ötəri bir sükut; məclisdə yad və zəhmli bir qonağın da iştirakı səbəbilə, qız-gəlindən hər biri özünü “gözəl” qələmə verməkdən çəkinir. Aşıqlar isə “Heyvagülü”nü yandırıb-yaxmaqda! Bu heynidə ortalığa topur-çopur dul arvadın çıxması ilə yad qonağın irişməsi bir olur. Oynayanı çoxdan tanıyan aşıqlar havaları ara-sıra dəyişmədə, arvad isə qollarının sağını bel, solunu tel eləyibən, ortalıqda “Ceyranı”lanıb-“Qızılgül”lənib sevgilərə, sığallara qəribsəmiş bədən hekayətlərini rəqslərin dillərilə ilmələyib, ərz etmədə və yad qonağın təəccüb dolu gözlərində nəinki bu balaca kəndin, bütün dünya gözəlinə çevrilmədə...
* * *
Bağ evlərinin birində heyvanlar aləminə aid bir tele-proqrama baxırıq. Həmişə obrazlı düşünüb qanadlı sözlər işlədən dostlarımdan birinin “səma qızları” adlandırdığı qazlar ənginliklərdə caynaq-caynağa verib sükunəti hərəkətdə dövrə vururlar. Bilmirəm, birinci kərə gördüyümdənmi, ya nədənsə, çox təsirlənib-heyrətlənir və qalxıb bayıra tələsirəm ki, bu kimi ecaz-möcüzlər sahibinə - ulu Tanrıya tavan maneəsi olmadan baxım. Onun bu növbəti Böyüklüyünə salavat çevirib qayıdanda o veriliş bitmiş olsa da, otaqda başqa bir görəcək başlanmışdı; pəncərə altlığına sinmiş bir məşuq qarışqa ətrafında aşiq bir qarışqa necə fır-fır fırlanırdı, İlahi!..
* * *
...Bu yazını başlayandan bəri dür-düşüncələrimin də durmadan rəqs etməsi səbəbindən, nə deyib, necə yazdığımı əməlli anlaya bilməsəm də, bu bioloji, fizioloji, psixoloji, sosioloji milli dəyərimizlə üç-dörd saatlıq əyani təmas sayəsində yəqinləşdirdim ki, doğrudan da “Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?”!..
Tahir Abbaslı
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur