Azərbaycan rəqsləri xalqımızın mədəni və məişət irsinin incə təzahür vasitələrindən biridir

Rəqsləri çox vaxt insanlar arasında ünsiyyət vasitəsi adlandırırlar. Çünki o, insanın hiss və həyəcanlarını, yaşantılarını, müstəqil düşünmə və kəşfetmə qabiliyyətini, eyni zamanda isə psixoloji dərketmə funksiyasını nümayiş etdirən hərəkət növüdür. Rəqs zamanı edilən hərəkətlərin hər biri özlüyündə böyük bir məna kəsb edir. Ən sadə fikir və hisslərdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə «demək» ən səlis və qeyri-adi ünsiyyətdir.

Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin də ən qədim və zəngin qoludur. Təbiət xalqımıza əsrarəngiz rəqs istedadı verib. Kökü tarixin dərin qatlarına gedib çıxan rəqslərimiz xalqımızın mədəni və məişət irsinin, milli eyniyyətinin incə təzahür vasitələrindən biridir. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda eramızdan 2-3 min il əvvəl, tunc dövründə rəqs insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Təkcə onu demək kifayətdir ki, dünya mədəniyyətinin çox nadir abidəsi, insanlıq sivilizasiyasının ilk ocaqlarından olan Qobustan qayalarında insan və heyvanların 4 minədək qayaüstü rəsmi (petroqlif) aşkar edilib. Bu qaya təsvirləri bəşəriyyət tarixində misli görünməyən qədim rəqs sənəti nümunəsidir.
Milli Azərbaycan rəqslərində xalqın özünəməxsusluğu, adət-ənənələri, inkişaf səviyyəsi əks olunur. Kütləviliyi ilə seçilən rəqslərimiz məzmun yükünə görə də olduqca qiymətlidir.
Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq zaman-zaman yeni məzmun və istifadə vasitələri qazanır.
Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Azərbaycanın bir sıra xalq rəqsləri var ki, onlar nəsildən-nəslə ötürülüb və xalq arasında yaşayıb, getdikcə inkişaf edib. Yüzlərlə rəqs növlərimiz var ki, onlar quruluş, süjet və mövzu baxımından bir-birindən çox fərqlənirlər. Onlar arasında bəziləri bu gün də çox məşhurdur - «Yallı», «Heyvagülü», «Uzundərə», «Toy rəqsi», «Turacı», «Tərəkəmə», «Cəngi», «Şalaxo», «İnnabı», «Qazağı», «Qaytağı», «Qoçəli», «Lalə», «Misri», «Naznazı», «Vağzalı», «Köçəri» və s.

«Milliliklə müasirliyin sintezi dünyanın hər yerində müsbət qarşılanır»

Azərbaycanın bütün sənət inciləri, mədəni dəyərləri kimi, rəqslərimiz də əvəzolunmaz, təkrarolunmazdır. Bu baxımdan milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər, sözsüz ki, var. Azərbaycanın tanınmış rəqqaslarından Əminə Dilbazi, Əlibaba Abdullayev, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdiriblər. Bu rəqslərə tamaşa etdikcə, hər birimiz xalqımıza məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edə bilirik.
Azərbaycan rəqs sənəti tarixində təkrarsız ifa qabiliyyətinə malik rəqqasların sənət məktəbi, ifaçılıq ənənələri bu gün də yaşadılır, inkişaf etdirilir, sevilir və sevdirilir.
Xalqımızın mənəvi sərvəti olan milli rəqslərimizi nəinki ölkədə, bütün dünyada tanıdan və sevdirənlərdən olan, təkrarsız ifaları ilə rəqs tariximizin qızıl səhifələrini yazan, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, «Şöhrət» ordenli Afaq Məlikova deyir ki, rəqs çox çətin sənətdir. Bu sənəti seçən insan fiziki cəhətdən sağlam olmalıdır: «Hər gün ən azı 5-6 saat məşq edirik. Çünki mükəmməl rəqslər fasiləsiz məşqin, bir də bu sənətə sonsuz məhəbbətin nəticəsidir. Konsertlərə, mədəniyyət günlərinə dəvət olunuruq, səfərlərə gedirik. Mən 22 il səhnədə oynamışam, bizim sənətimiz elədir ki, ildə bir dəfə xəstələnə bilərsən. Ailəmiz, uşağımız da olub, amma məşqlərdən, səfərlərdən heç vaxt qaçmamışıq. Əgər sən bu sənəti seçmisənsə, canını ona qurban eləməlisən».
Tanınmış rəqqasə qeyd edir ki, Azərbaycan rəqsləri dünya səhnələrində çox gözəl qarşılanır. Onun sözlərinə görə, hələ sovet vaxtından səfər etdikləri bütün ölkələrdə ayaq üstündə alqışlanıblar: «ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam - bir sözlə, dünyanın çox ölkələrində dəfələrlə Azərbaycan rəqslərinin ən gözəl nümunələrini nümayiş etdirmişik. Bizim musiqimiz, rəqslərimiz o qədər gözəldir ki, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi heyrətləndirir. Mən bunun şahidiyəm». Qeyd edək ki, Afaq Məlikova bu günədək 40-a yaxın rəqsə quruluş verib. «Cəngi», «Odlar yurdu», «Gənclik rəqsi», «İncəlik», «Lirik rəqs», «Qavalla rəqs» və onlarla gözəl rəqslər Afaq xanımın səhnəmizə bəxş etdiyi incilərdəndir. Maraqlıdır ki, bu rəqslərdə milliliklə müasirlik bir-birini tamamlayır, qəribə harmoniya yaradır. Bununla bağlı sualı Xalq artisti qısaca cavablandırır: «XXI əsrdə yaşayırıq. İncəsənətdə milliliklə müasirliyin sintezi dünyanın hər yerində müsbət qarşılanır. Biz rəqs ansamblıyıq, milli rəqslərimizlə yanaşı, dünya xalqlarının da rəqslərini ifa edirik. Bu baxımdan rəqslərimizin dünyaya bu formada da təqdim edilməsi onun daha çox auditoriyaya hesablanması deməkdir».

Milli rəqslərimiz Azərbaycanın turizm imkanlarının təbliğatçısıdır

Milli rəqslərimiz Azərbaycanın mədəniyyətinin, eyni zamanda turizm imkanlarının bir növ təbliğatçısına çevrilib. Mədəniyyət və Turizm Nazirliyi ildə 20-yə yaxın ölkədə beynəlxalq turizm sərgisində iştirak edir və demək olar ki, bütün sərgilərdə turizm şirkətləri, mehmanxanalarla yanaşı, ölkəmizi rəqqaslarımız da təbliğ edir.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, Azərbaycan turizmini təbliğ etmək üçün istifadə edilən ən effektli vasitələrdən biri də mədəniyyətimizin, incəsənətimizin nümayiş etdirilməsidir. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi bütün beynəlxalq sərgilərə Dövlət Rəqs Ansamblının və yaxud «Cəngi» rəqs ansamblının peşəkar üzvləri dəvət olunur və onlar gün ərzində stendimizdə bir neçə dəfə Azərbaycan rəqslərini ifa edirlər: «Bəzən rəqqaslarımız stendimizin qonağı olan ziyarətçiləri də bu rəqslərə cəlb edirlər. Bir çox hallarda isə müxtəlif layihələr çərçivəsində sərginin müəyyən bir günündə maraqlananlar üçün ustad dərsləri keçirilir. Çünki milli rəqslərimiz sərgilərdə çox böyük marağa səbəb olur və bu nəzərə alınaraq belə layihələr reallaşdırılır. Bundan əlavə, rəqqaslarımıza yaxınlaşıb ifa etdikləri rəqslərin mənası, yaranması haqqında da soruşurlar. Onlara istədikləri məlumatlar verilir. Ümumiyyətlə, Azərbaycan son illər dünyada çox geniş müstəvidə tanınır ki, burada da milli rəqslərimizin payı az deyil».

«Azərbaycanın nəyi varsa, özününküdür, xalqa məxsusdur»

Bir məqamı da qeyd etmək istərdik ki, bədnam qonşularımız zaman-zaman, digər mədəniyyət və incəsənət nümunələrimiz kimi, Azərbaycanın milli rəqslərini də mənimsəməyə çalışıblar. Bu yaxınlarda onlar «Köçəri» yallısını erməni rəqsi kimi UNESCO-nun qeyri-maddi irs siyahısına salmaqla bağlı müraciət ediblər.
Azərbaycanın milli rəqsi «Yallı»nın bir növü olan «Köçəri» folklor sənətimizin nümunəsidir. Mütəxəssislərin fikirlərinə görə, “köçəri” sözünün azərbaycanca mənası (bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən) bu rəqsin hərəkət ritmində də, gedişində də özünü göstərir. «Köçəri» rəqsi əsasən Naxçıvanda və Qərbi Azərbaycanda (indiki Ermənistan) geniş yayılıb.
Məsələ ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırmalara başlanıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə sualımıza cavab olaraq bildirib ki, bədnam qonşularımız hər zaman Azərbaycanın musiqisinə, milli mətbəx nümunələrinə, incəsənətinə əl uzadıblar. Amma istəklərinə nail ola bilməyiblər, çünki iddiaları əsassız olub: «Azərbaycanın nəyi varsa, özününküdür, xalqa məxsusdur. Onların bu cəhdləri həmişə olub və olacaq, çünki heç nələri yoxdur, həmişə qonşulardan oğurlamağa çalışıblar. Bu məsələ nazirliyin diqqətindədir. «Köçəri» rəqsi ilə bağlı lazımi məlumatlar toplanır, əlaqədar beynəlxalq qurumlara göndəriləcək, ermənilər bu dəfə də heç nəyə nail ola bilməyəcəklər».
«Köçəri» rəqsinin Azərbaycan xalqına məxsus olması barədə bir neçə il öncə Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən də arayış hazırlanıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.
* * *
Filosoflar bu qənaətdədirlər ki, rəqs gözəl, harmonik, təbii, axıcı və sərbəst, avropalıların təbirincə desək, qratsiyalı bir hərəkətin təqdimatıdır. Rəqs haqqında danışarkən həm də «hərəkətin ən gözəli süzməkdir» - deyirlər. Bu mənada Azərbaycan rəqsləri dünyanın ən gözəl, ən mükəmməl rəqslərindəndir desək, səhv etmərik.
Ölkəmizin ev sahibliyi etdiyi 1-ci Avropa Oyunlarının iyunun 12-də keçirilən möhtəşəm açılış mərasimində ifaçıların səhnədə «Yallı»nın sədaları altında rəqs etməsi də bir daha sübut edir ki, milli rəqslərimiz bizim milli sərvətimizdir, zəngin mədəniyyətimizin tərkib hissəsi olmaqla, xalqımızın ən qədim incilərindəndir. Azərbaycan rəqsini dünyanın hər yerində sevirlər. Çünki onun bənzəri yoxdur.

Fəxriyyə Abdullayeva

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının «Milli rəqslərimiz milli dəyərimizdir» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar