dünyanın ruhi-psixoloji dinclik və iqtisadi-siyasi inkişaf çarəsi...
“Tolerantlıq” terminini insan cəmiyyətlərinin ümumi rahatlıq və inkişaf naminə imtina edə bilməyəcəyi “məhkumluq” ifadəsinin nisbi sinonimi kimi də götürmək olar; çox xoş səslənən bu gəlmə kəlmə dilimizdə dözümlülük, yollaşma, dostdolanma kimi insan münasibətlərini, xeyli bəd səslənən doğma “məhkumluq” ifadəsi isə fikrimizdə dini və etnik ayrı-seçkilik katastroflarından xilasolmanı ehtiva edir.
Tolerantlıq bütün müqəddəs kitabların da “əzəl mübtədası”dır; cəmi-bəndələr - inam, iman, dil, irq fərqlərindən asılı olmayaraq, biri-birinə mehriban, dost və qardaş münasibətlərilə yanaşıb-yaşamalıdır. Bu mənəvi-humanitar çağrı son illər dünyəvi düşüncələrdə, lokal-qlobal diskussiya, konfrans, forum və digər formatlı yığıncaqlarda da səslənir...
Nə xoş ki, bir çox sahə üzrə region öncülü olan ölkəmiz sözügedən məsələdə dünya birincisidir və bu, bizə (bu mövzuda yazanlara) özümüzdən başlamaq fürsəti verir.
Böyük elmi-texniki inkişafda olan müasir dünyanın, paralel olaraq, yeni-yeni qarşıdurma, sosio-psixoloji, etno-demoqrafik kataklizmlər də doğurduğu hamıya bəllidir. Deyim ki, mənbəyini arxaikliklərdən götürən bu yenilikləri sürətlə “çiçəkləndirən” neo-demokratlar da az tanınmır. Bu məsələdə Azərbaycan xalqının layiq-ləyaqəti isə hamı üçün tam aydın və şəkk-şübhəsizdir. Dünyanın bütün konfliktoloqları nə qədər tədqiqat aparır-aparsın, bu həqiqətimizin əksinə olan bir fakt tapa bilməzlər. Bunu bu xalqın “ədəbi-bədii gümanları” da təsdiq edir; hətta, hamının “dabbaqda gönünə bələd” olduğu, ötən əsrin əvvəllərində bütün dünyaya bəlli türk-müsəlman qırğınları törədib, ardınca da yüz ildir “genosid” şivəni qoparan ermənilərə münasibətdə belə! Buna misal olaraq M.Ə.Sabirin öz “Beynəlmiləl”indəki çağrılarını (“Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir, Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir!”), C.Məmmədquluzadənin “Kamança”sındakı qəzəbli yüzbaşının qamışlıqda rastlaşdığı, öldürməzdən öncə, bir şey çalmasını əmr etdiyi və sonda doğma musiqi parçamızın təsirindən “kafər”ə verdiyi ədəbi-publisistik əfvi (“Ay erməni, dur rədd ol gözümün qabağından! Yoxsa, vallahi, bu saat səni də öldürrəm, özümü də!”) xatırlada bilərik.
Elə bu an - Ədalət, Humanizm, Demokratiya kimi aliliklərdən hamıdan çox danışan Avropa və Amerikada islam dininə, məscidlərə, müsəlman qaçqınlara münasibəti, “müqəddəs” adlandırdıqları peyğəmbərlərinin müsəlman həmkarını mətbu səhifələrində literatur-karikatur təhqirlərini, parlament kürsülərində, meydan, küçə və digər həyat səhnələrində “fundamentalizm”, “islamofobiya” kimi siyasi ariyalarını da xatırlayaq. Və bunların qarşılığında bizim onlara məxsus ibadətgahlara müqayisəsiz münasibətimizi, bu qəbil binaların təmiri, yenilərinin inşasını, habelə öz iştirakları ilə onların keçirdiyi tədbirləri daha da şərəfləndirmə məsələlərində - vaxtilə ümummilli lider Heydər Əliyevin və son illər Azərbaycan Prezidenti İlham Əliyevin qayğı-sayğılarını da xatırlayaq...
Bu məqamda Prezident İlham Əliyevin İSESCO-nun Bakıda keçirilən (26 noyabr 2015) Baş Konfransının 12-ci sessiyasının açılışındakı çıxışından bir nüansa toxunaq. Ölkə başçısı 50-dən çox müsəlman ölkəsi nümayəndələri qarşısında bildirdi ki, ATƏT-in işğal olunmuş ərazilərimizə göndərdiyi missiyaları orada 10 məscidin də dağıdıldığını müəyyən ediblər. Bunu “vəhşilik, islam mədəniyyətinə qarşı terror” adlandıran Prezident son vaxtlar bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, islamın sülh və əmin-amanlıq dini olduğunu vurğuladı.
Bunlar Azərbaycan xalqının və dövlətinin başqa din və millətlərə münasibət fəlsəfəsindən fraqmentlər.
Bir qədər də həmin o “başqa”ların dini və milli tolerantlıq -
“Səfsətə”lərindən;
Yəni, dünyanın gözündə özlərinin “sivil”, “demokrat” obrazlarını yaratmaq istəyən “lider” dövlətlərdən və “yazıq”, “fağır” donuna girmiş bir “forpost” dövlətcikdən...
Məsələn, bu gün müxtəlif səbəblərdən (əslində, əsasən onların çoxdan düşündükləri ssenarilərə rəğmən) kütləvi qaçqınlıq-didərginlik səfərində olan müsəlmanlara qarşı Avropa şlaqbaumlarını, tikanlı məftil və dəmir-beton hasarları, küçə və meydanlarındakı təhqiramiz şüarları, məscid yanğınları və sair bu kimi antitolerant mənzərələri göz önünə gətirək. Yaxud, bir vaxtlar məlum ərazimizə daraşıb, nəhayətdə dövlətləşmiş gəlmə bir fiks-etnosun növbəti Qarabağ qəsbkarlığı və həmin bu “millət”in hazırkı monoetnikliyi haqda düşünək. Və bütün bunlardan sonra onları müdafiə edən məlum qitələrin bütün dünyaya “tolerantlıq”, “milli münasibətlər”, “milli muxtariyyət hüquqlarının tanınması”, “multikulturalizm” və s. kimi siyasi etiket paketləri ixrac etmələrinin fərqinə varaq...
Deyirlər, “Ailə kiçik dövlətdir”. Belədirsə, ayrı-ayrı dövlət, ölkə vahidlərinin hər birini də “kiçik dünya” hesab edək. Bu halda, hər bir ailə başçısı ilə hər bir dövlət başçısının idarəçilik qabiliyyətlərini də paralelləşdirmək olar. Və əgər “kiçik dövlət”i (ailəni) idarə etmək ilə “kiçik dünya”nı (ölkəni) idarə etməyi də adekvatlaşdırmaq olarsa; bizdə bu sarıdan da dünyəvi bir alın açıqlığı, üz ağlığıdır! Bunun təsdiqi üçün ölkəmizin başçısı İlham Əliyevin bu sahə ilə bağlı saysız-hesabsız işlərindən, öz ölkəmizdə və dünyanın mötəbər yığıncaqlarında irəli sürdüyü ali təşəbbüs, layihə və çıxışlarını xatırlaya bilərik. Bu baxımdan ölkə başçısının “Dini tolerantlığın möhkəmləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciəti bütün dövrlər üçün aktualdır: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.
Tarixi qaynaqlar da göstərir ki, ictimai-siyasi dünya səhnəsində etnik münasibətlərə “quruluş”u, əsasən, dini münasibətlər verib. Bu isə tamamilə təbiidir. Yəni yalnız bəsirət gözü ilə görülə bilən Tanrı, bioloji gözlə görünənlərin hamısının fövqündədir! Təəssüf ki, ayrı-ayrı din, təriqət, inanc toplumlarına ayrılmış bəndələr öz yaranış və inanışından ta bugünə qədər Onu bir-birinə qısqanıb-qızırğalanmaqla gəlməkdədirlər. Baxmayaraq ki, onların əqli-intellekt seçkinləri bu xüsusda zaman-zaman böyük fikirlər (məsələn; “Ey millət! Bil ki, ən düzgün, ən gerçək təriqət sivilizasiya təriqətidir!” - Atatürk) söyləyiblər, bir çox “dünyəvi” (əslində, korporativ!) inanclılar öz məqsədləri üçün Tanrını da siyasiləşdirməkdədirlər...
Xeyli vaxtdır sağlam ümumdünya məntiqindəki “Azərbaycan tolerantlıqda Avropaya nümunə ola bilər” ehtimalı artıq təsdiqi bir həqiqətə çevrilib. Tək elə siyasi baxımdan deyil, dini və milli mənsubluq sarıdan da həssaslıqlar yaşayan regionumuzda ölkəmizin bu sahə üzrə də liderliyi etiraf edilir. Elə bu məqamda qeyd edim ki, digər sahələrdəki liderliklərimiz son illərin məhsuludursa, sözügedən öncüllüyümüz qədim milli ənənələr bünövrəmiz üstündə təşəkkül tapıb. Min illərdir milli mənşə, mədəni-məişət bərabərliklərində yaşadığımız azsaylı xalqlara doğma münasibət bəsləntilərimiz, mental xarakter-xasiyyət və “can!” dilimiz müqabilində eşitdiyimiz “can qardaş!”, “bəradərim!” kəlmələri, “Bayatı türk”-“Bayatı kürd” kimi mənəvi qaynayıb-qarışmalar üstdə bərqərar olub.
Deyək ki, tolerantlıq heç zaman (tarixdə buna az-çox cəhdlər edilmiş olsa da) inzibati metodlar hesabına formalaşdırılmır və bu heç mümkün də deyil; bütün digər sevgi-rəğbət “parametr”lərində olduğu kimi, bu “qarşılıq” da zor qəbul etməz. Siyasətlər, dövlətlər, hökumətlər bu işin yalnız inkişafına qarışa bilərlər ki, hazırda Azərbaycan rəhbərliyi bunun, belə demək mümkünsə, brend-nümunəsini yaratmaqdadır.
Bizim ölkəmizdə dini və milli tolerantlıq o səviyyə və məşhurluqdadır ki, bu yaxınlarda, Avropa dövlətlərinin ən inkişaflısı hesab edilən Fransadan deportasiya edilən qaraçıların bir qismi Azərbaycana gəlməyə çalışmışlar. Bizim sadə xalqımızın, rəsmi dövlət strukturlarımızın ölkəmizdə yaşayan dini və milli azlıqlara münasibətini dəyərləndirmək üçün əlavə müqayisələrə ehtiyac olmasa da, hər halda, bu gün Avropa və Amerikada baş verən dini və irqi, “aborigen” və “gəlmə” münaqişələrini, Rusiyada skinhedlərin qeyri-rus sakinlərə qarşı aqressiv münasibətlərini xatırlatmağa dəyər. Hələ... otuz milyondan çox soydaşımızın yaşadığı məlum ölkənin həmin xalq üçün bircə anadilli “məktəbaçma tolerantlığı”na nail ola “bilməməsini” demirik...
Və biz deyirik;
- Müstəqilliyimizin ilk illərində ölkəmizdə olmuş Roma Papası, Rus Pravoslav Kilsəsinin rəhbəri və Konstantinopol patriarxının müştərək qənaətləri: Azərbaycan tək elə neft deyil, tezliklə bütün dünyaya tolerantlıq ənənələri də ixrac edəcək bir ölkə ola bilər...
- Telemüsahibələrinin birində yəhudilərin Azərbaycanda iki min ildən artıqdır yaşamasından, nə MDB məkanında, nə dünya miqyasında Azərbaycan kimi ikinci bir tolerantlıq nümunəsinin olduğundan, Quba və Bakıdakı dini məbədlərindən, BDU-da ivrit dilinin tədrisindən danışan yəhudi əsilli deputatımız Yevda Abramov sözünü belə tamamladı: “Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var - biri Yerusəlim, biri də Quba”...
- Yaxın vaxtlarda paytaxtımızdakı abadlaşdırma işləri zamanı həmin ərazidəki digər tikililərlə yanaşı sinaqoqun sökülmə problemi yaranarkən ölkə Prezident İlham Əliyevin məsələyə reaksiyası: yeni sinaqoq tikilənə qədər həmin tikili sökülməsin!..
Ümummilli lider Heydər Əliyevin bu sahəyə dair fikirləri, əməlləri, qərar və göstərişləri isə bir yazılıq, bir qəzetlik yox, bir kitablıqdır...
Tahir Abbaslı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur