Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq rejimində fəaliyyətə başlayıb. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, 012 538 06 37 nömrəli xətt 24 saat fasiləsiz işləyir, sualları üç nəfər mütəxəssisdən ibarət qrup cavablandırır. Elə suallar ola bilər ki, onlar araşdırılıb öyrənildikdən sonra cavablandırılacaq.
Bildirək ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramına uyğun olaraq sistem vasitəsilə dil qüsurları ilə bağlı məsələlərə baxılacaq. Sistemdən həm də vətəndaşlarımızı Azərbaycan dili, dilçiliklə bağlı məsələlərlə məlumatlandırmaq üçün istifadə ediləcək.
Dövlət Proqramının 6.1.5 bəndində Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmaması, reklamlarda, ictimai iaşə obyektlərində dilimizin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması nəzərdə tutulub.

Soltan