Sivilizasiya - bəşər övladının ən müsbət keyfiyyətlərinin, onun istedadının, elmi-texniki-bədii yaradıcılığının elə bir təcəssümüdür ki, bu növbəti və daha yüksək inkişafın dialektik bazasına çevrilərək, təkamül və bəzən hətta inqilabi yolla istedad və xüsusi qabiliyyətlərin daha sürətlə, bəzən həndəsi silsilə ilə açılmış böyük və zəngin mədəniyyət arxitekturasıdır.
Hər bir yaradıcı insan öz vicdanı qarşısında daima hesabat verir ki, o, sivilizasiyaya nə verə bilmişdir və onun bu cəhdləri nə qədər səmimi və uğurlu olmuşdur.
Sivilizasiya - dəyərlər məcmusu olmaqla, bəşər zəkasının ən yüksək nəticəsi, istedadın və dahiliyin zəngin və kamil inciləridir. Mənəvi cəhətdən zəngin olmadan, onun uğrunda böyük zəhmət və səmimiyyətlə çalışmadan ora heç bir nümunəvi sənət nailiyyəti bəxş etmək olmaz.
Mədəniyyət mənəviyyatın yetirməsidir, onlar bir-biri ilə daima təmasdadırlar və biri digərinə sərhəd ola bilməz.
Mədəniyyət xalq yaradıcılığının nurudur, ona qarşı yönələn nə varsa onlardan xilas olmaq lazımdır, çünki mədəniyyəti qorumaq mənəviyyatı qorumaqdır.
Mədəniyyət xalq ruhunun obrazlı ifadəsidir.
İnsanın həyata, yaradıcılığa, quruculuğa tənqidi baxışı olmasaydı sivilizasiya çox sönük görünərdi.
Dünyagörüşü mədəniyyətin əsası olmaq etibarı ilə onun konkret zaman ərzində əxz etdiyi biliklərin ümumi məcmusunun təəssüratlarıdır.
Mədəniyyətin müəyyən bir qolu müəyyən bir dövr kəsiyində deqradasiyaya uğraya bilər, necə ki dil mədəniyyətin köklü bir növü kimi sıxışdırıla bilər, hətta məhv ola bilər, məsələn, latın dili kimi. Buna hərbi müdaxilələr də təsir edə bilər, mədəni irsindən hərbi qənimət kimi faydalana bilirlər. Bütünlükdə isə mədəniyyət məhv edilməzdir, hətta xalq məhv edilə bilər, mədəniyyətin isə izləri və kökləri uzun əsrlərin və minilliklərin əbədi salnaməsində öz tarixi hüququnu yaşayır və yaşadır.
Yaradıcı əmək mədəniyyətin təkamül prosesidir.
Mədəniyyət bəşər cəmiyyətinin intellektual səviyyəsinin zaman və məkan çərçivəsində xalqın ruhundan qopan, irsi sintezindən doğan yaradıcılıq məhsullarıdır.
Fərdi azad düşüncə tərzi və yaradıcılıq şəraiti böyük mədəniyyətlərin stimulu, rüşeymləri və mənbələridir.
Hər cür ləyaqət fitri istedadın xassəsidir, sivilizasiya isə bütün ləyaqətlərin məcmusudur.
Mərhəmətlilik və ədalətlilik mənəviyyatın və əxlaqi mədəniyyətin yüksəkliyidir.
İntibah hər hansı bir xalqın inkişaf etmiş mədəniyyətinin müəyyən zaman kəsiyində zirvəsidir, eyni zamanda inkişaf etmiş mədəniyyətə irsi sahibliyin qanunauyğun nəticəsidir.
Sivilizasiya adi inkişaf deyil, o bəşər həyatının bütün sahələrini - elmi-texniki, ədəbi-bədii və ümumən bütöv ümummilli mədəniyyətləri özündə ehtiva etməklə, yalnız xüsusi əhəmiyyət kəsb edən, ədəbi-bədii dəyərlərə örnək olan irsi mahiyyətlərin təcəssümüdür ki, insanlar nəsilbənəsil onu öyrənir, inkişaf etdirir və özündən sonrakı nəsillərə zəngin xəzinə kimi təqdim edirlər.
Ümummilli mədəniyyətlər sivilizasiyanın ən başlıca atributu və bazisidir, çünki əsas olmadan heç bir yüksəlişdən danışmaq olmaz.

Müslüm Mahir Hikmət







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar