Moskvada azərbaycanlı neft maqnatının numizmatika kolleksiyası nümayiş olunur

Moskvadakı “Beynəlxalq Numizmatika Klubu”nun muzeyində “Tarixin üzü və əksi” adlı sərgi açılıb. Sərgidə “LUKoil” şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun unikal sikkə kolleksiyası nümayiş olunur. O həm də Rusiya Numizmatlar klubunun təsisçisi və ən zəngin sikkə kolleksiyasının sahibidir. Sərgiyə gələn sənətşünaslar və tarixçilər bildirirlər ki, ekspozisiyanın xüsusi əhəmiyyəti burada XVII-XX əsrlərə aid nadir qızıl və platin sikkələrin toplanmasıdır. Bunların hər biri ayrılıqda ölkənin tarixi, xalqın məişəti haqqında təsəvvür yaradır.
Sərgidə 696 nümunə təqdim edilir. Kolleksiyaya I Pyotr dövründən XIX əsrin əvvəli - I Nikolay dövrünə qədər istehsal edilən sikkələr daxildir.
Qeyd edək ki, muzeyin digər zallarında da antik dövrə aid sikkələrin sərgisi təşkil edilib. Burada qədim yunan və qədim Roma, Bizans imperiyası ilə yanaşı, Avropada müxtəlif dövrlərdə istifadə edilən sikkələr sərgilənir. Sərgi kolleksiyaçılar üçün misilsiz məlumat xarakteri daşıyır.

Lalə