Azərbaycan tarixi  belə bir izdihamın  şahidi olmamışdı

20 Yanvar tarixi bir gündür. Düzdür, həmin gün Kremlin mənfur siyasətini Bakıda  tanklar, avtomatlar həyata keçirdi. Azərbaycan xalqına qarşı silah işlədildi, onlarla insan qətlə yetirildi. Bakıda fövqəladə vəziyyət elan olundu. Ancaq Azərbaycan xalqı bütün bu faciələr qarşısında qürur və iradə nümayiş etdirdi.  Xalqımız Bakıda qurulmuş hərbi diktatura rejiminə mənəvi bir təpki göstərərək müstəqillik və azadlıq uğrunda canlarından keçmiş şəhidləri paytaxtın ən uca nöqtəsində Dağüstü Parkda böyük hüzn və kədərlə, eyni zamanda  məğrurcasına  dəfn etdi.

Müsahibimiz həmin vaxt İctimai Dəfn Komissiyasının sədri olmuş iqtisad elmləri  doktoru, professor Qüdrət Əbdülsəlimzadədir.

- Qüdrət müəllim, həmin dövrdə Azərbaycanda hakimiyyətsizlik və sovet komendant rejimi hökm sürürdü. Rəsmi dövlət qurumları iflic olmuş, səlahiyyət sahibləri başlarını itirmişdilər. Belə bir şəraitdə  sizin dəfn komissiyasına  sədr təyin olunmağınız və şəhidlərin Dağüstü Parkda dəfn olunması necə gerçəkləşdi?

- Yanvarın 20-sində axşam Bakıda qanlı olay baş verdi. Kütləvi insan qırğınından sonra Bakı şəhərində fövqəladə vəziyyət elan olundu. Qəzəblənmiş əhali Azərbaycana qarşı edilən haqsızlıqlara etirazını bildirmək üçün keçmiş Mərkəzi Komitənin binasının qabağına yığışmışdı. Sovet ordusunun Bakıda törətdiyi qırğınlardan qəzəblənmiş xalq MK-nın binasına hücum etmək niyyətində idi. Ancaq mitinqin aparıcıları əhaliyə bildirdilər ki, binanın içərisində silahlı dəstə var. Camaat sakitləşdirildi. Mitinqdə hadisə qurbanlarının - şəhidlərin dəfni gündəmə gəldi. Şəhidlərin harada və necə dəfn olunması barədə müxtəlif  fikirlər səsləndirildi. Bəziləri şəhidlərin indiki Sahil bağında (keçmiş 26-lar bağı) bir qrup "Bakı" mehmanxanasının qarşısındakı bağda  (keçmiş İliç bağı) dəfn olunmasını təklif etdilər. Üçüncü bir fikir səsləndi. İndiki dəfn olunduqları yerin - Dağüstü Parkın üstündə dayanıblar. Dağüstü Park ona görə bəyənildi ki, 1918-ci ilin şəhidləri də orada dəfn olunmuşdu. Mitinqdə belə bir fikir səsləndi ki, həmin gün (20 yanvarda) əhali müxtəlif məkanlarda şəhidləri fərdi olaraq dəfn etmişdilər. Mitinqdə  səsləndirildi ki, şəhidlərin dəfnini tanınmış ölkə ziyalılarından 5-6 nəfər könüllü olaraq  öz üzərinə götürüb təşkil etsinlər.
Bir neçə tanınmış ölkə ziyalısının adı dəfn komissiyasına salındı, adları mitinqdə elan olundu. Mən indi ad çəkməyəcəm, onlardan bir neçəsi, nədənsə, dəfn işlərində iştirakdan imtina etdilər. Biz istəyirdik ki, daha məşhur adamlar dəfn komissiyasına daxil olsunlar. Mənə mitinqdə çıxış etmək təklif olundu.  Mitinqdə danışdım. Şəhidlərin Dağüstü Parkda dəfn olunacağını, mərasimdə kütləvi şəkildə insanların köməyinə ciddi ehtiyac olduğunu bildirdim. Çıxışım bitdikdən sonra elə oradaca məni Dəfn Komissiyasının sədri elan etdilər. Çətin və məsuliyyətli olsa da, imtina etmədim. Dəfn Komissiyası beləcə ictimai əsaslarla yarandı və fəaliyyət göstərdi. Mən də, mitinqdə Azər Nəbiyev və Xəliyəddin Xəlilovun İctimai Dəfn Komissiyasına müavin olmalarını təklif etdim. Onlar da razılaşdılar. Beləliklə, 11 nəfərdən ibarət Dəfn Komissiyası formalaşdırıldı. Mən həmin şəxslərin adlarını oxuculara təqdim etmək istərdim. Hacı Allahşükür Paşazadə, Bağır Bağırov, Xalid Muxtarov, İsmayıl İncəli, Nəriman Əliyev, Rəhim  Qasımov, Malik Mehdiyev və İbrahim Əliyev Dağüstü Parkda məzarların qazılmasında iştirak  etmək istəyənlərin MK binasının yaxınlığındakı saatın yanına toplaşmalarını elan etdim.Mənim bu sözümdən sonra bir göz qırpımında mitinqçilərin içərisindən 120-130 nəfər ayrılıb saatın yanına yığışdı. Yanvarın 20-də saat 11-12 radələrində 120-130 nəfərlik dəstə Dağüstü Parka gəldik.
Biz Dağüstü Parka çatanda "Bərpaçı" tikinti trestinin müdiri Malik Mehdiyev artıq orada idi. Onunla görüşdük.  Bildirdik ki, ümumxalq mitinqinin qərarına əsasən şəhidlər burada dəfn olunacaqdır. O, məsələdən xəbərdar olduğunu bildirdi. Əvvəl parkı gəzib dolaşdıq, nəhayət, şəhidlərin indi dəfn olunduqları yeri seçdik. Camaat külünglə, bellə başladılar məzarları qazmağa. Təxminən 100 nəfərin məzarını qazmağı nəzərdə tuturduq. İşin gedişində təklif olundu ki, texnika işə cəlb edilsin. Mərasim iştirakçıları texnika ilə qəbirlərin qazılmasına razı olmadılar. Köməyə yeni insan axını gəldi. İnsanlar iş prosesində bir-birilərini əvəz etdilər. Hava soyuq.  İnsanlar işləyir, tərləyir. Onlara çay-çörək təşkil etdim. Həmin vaxt "Moskva" mehmanxanasında (Milli Məclisin qarşısındakı mehmanxana idi). Ağasəlim adlı bir tanışım var idi. Ona xəbər göndərdim ki, burada işləyənlərə çay təşkil etsin. Orada iri samovarlar qoyuldu, stollar düzüldü. Yanvarın 20-də məzarları qazıb hazırlaya  bilmədik. Axşam saat 18-də fövqəladə vəziyyəti həyata keçirən hərbçilər xiyabana gəldilər. Camaat gecə işləmək istəyirdi. Hərbçilər dedilər ki, axşam saat 8.00-dan sonra burada heç kəs qala bilməz. Başqa cür hərəkət edə bilməzdik. Xiyabanı tərk etməli olduq. Yanvarın 21-də yenidən xiyabanda məzarların qazılmasını davam etdirdik. Həmin gün qaranlıq düşənə kimi işlədik. 120-dən artıq qəbir qazıb hazırladıq. Yanvarın 21-də Azərbaycan Respublikasının Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə  keçdi.  İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri  insanların çiyinlərində Azadlıq meydanından izdihamla  paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il mart qırğınları zamanı  şəhid olanlar idi.  Biz onları da adət-ənənəyə uyğun dəfn etdik. Onları İlhamla Fərizədən sonra dəfn etdik. Biz bu üç məzarın üstündə 1918-ci il şəhidləri sözlərini yazmışdıq. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazıblar. Əslində, bu düzgün deyil. Düzdür, 20 Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı  naməlum gənc var. O da lap axırda dəfn olunub.

- Dəfn zamanı hərbçilər tərəfindən hər hansı təzyiqlərlə rastlaşdınızmı?

- Qəbirlər qazılanda AzTV-nin, Ali Sovetin (indiki Milli Məclis), "Moskva" mehmanxanasının damlarından əlisilahlı hərbçilər insanları nəzarətdə saxlayırdılar, ancaq heç bir müdaxilə etmirdilər.

- Bəs şəhidlərin Dağüstü Parkda dəfn olunmaları necə rəsmiləşdirildi. Axı şəhidlərin orada dəfn olunmaları həmin dövr üçün adi məsələ deyildi. Vaxtilə Dağüstü Parkda 1918-ci ilin mart qırğını qurbanları dəfn olunmuşdu.  Sovetlər zamanında isə şəhid məzarları dağıdıldı və yerində istirahət parkı salındı. Şəhidləri böyük izdihamla şəhərin ən yüksək nöqtəsində, həm də tarixi yaddaşın uyuduğu bir məkanda dəfn etmək o zaman üçün elə də asan iş deyildi.

- Həmin günləri dəqiq səciyyələndirirsiniz. Doğrudan da, çətin günlər idi. Dağüstü Park Səbail  rayonunun (keçmiş 26 Bakı Komissarı rayonu) inzibati ərazisinə daxildir. Rəsmi icazəni Bakı Şəhər İcraiyyə Komitəsi və yaxud 26 Bakı Komissarı rayonunun aidiyyəti qurumları verməli idilər. Bakıda fövqəladə vəziyyət elan olunmuşdu. Rəsmi dövlət qurumlarının səlahiyyətlərini şəhər komendantı mənimsəmişdi. İdarə və müəssisələrin qapısı möhürlənmişdi. Azər Nəbiyev həmin vaxt 26 Bakı Komissarı Rayonu Partiya Komitəsinin birinci katibi Vəli Məmmədov və həmin rayonunun İcraiyyə Komitəsinin sədri Əli Məmmədovun yaxından köməkliyi ilə bu məsələni də yoluna qoymuşdu. Adıçəkilən dövlət qurumları hərbçilər tərəfindən nəzarətə götürülmüş,  iş otaqlarının qapıları möhürlənmişdi. Azər Nəbiyev adını çəkdiyim şəxslərin köməkliyi ilə boş bir blank tapmış, həmin blankda şəhidlərin Dağüstü Parkda dəfn olunmalarına icazə verilmişdi.

- Sizin rəhbərlik etdiyiniz İctimai Dəfn Komissiyası neçə gün fəaliyyət göstərdi?

- Düz 42 gün - yanvarın 20-dən martın 2-dək Şəhidlər Xiyabanında olmuşuq. Bu müddət şəhidlərin haqqında məlumatlar toplayıb Bakı Şəhər  İcraiyyə Komitəsinin Dəfn Bürosuna təqdim etdik. 42 gün müddətində insanlar axın-axın şəhidləri ziyarət edir, məzarların üzərinə təzə-tər gül dəstələri qoyurdular. Biz həmin müddətdə şəhidlərin üç, yeddi və qırx mərasimlərini qeyd etmişik. Bütün bu işlərdə Dəfn Komissiyasına yaxından kömək etmiş iki şəxsin adını xüsusilə qeyd etmək istərdim. Etibar Səmədov və Rüstəm Xalıqov ətraflarına topladıqları dəstə ilə əvvəldən axıra qədər bütün işlərə kömək etmişlər.
Xalqımız 20 Yanvar hadisələrində ağır itki versə də, ancaq bir xalq kimi dəyanətini itirmədi. Bütün ağrı-acılara mətinliklə sinə gərdi,  dəfn mərasimini sona qədər ləyaqətlə apardı.

- Sizcə, 20 Yanvar hadisələri labüd, qaçılmaz idi, yoxsa bunun qarşısını almaq olardı?

- Tarix və onda baş verən mürəkkəb, habelə ziddiyyətli  proseslər, qədim yunanların hikməti ilə desək "düşüncə tərzi cəzalandırılmasa da", lakin "elə etsəydilər, belə olardı" meyarları ilə qiymətləndirə bilməz...
Bu mənada, həm o günlərdə, həm də sonralar səslənən  "özümüzü bir qədər təmkinli aparsaydıq, faciə baş verməzdi" məntiqi ilə düşünənlər siyasi səhvə yol verirlər.   Kremlin siyasət mətbəxinə, diktatura tipli hakimiyyət quruluşuna, təkpartiyalı ağalığına və bir nəfərin son hökmünə tabe olduğunu bilənlərə aydındır ki, düşünülmüş və ciddi hazırlanmış Qanlı Yanvar qaçılmaz idi. Çünki sovet imperiyasının öz nüfuzunu itirdiyi vaxtda ölkənin taleyini ağıl və düşüncə üzərində qurulmuş siyasət deyil, güc və təhlükəsizlik orqanlarının diktə etdikləri ssenarilər idarə edirdi. Tarixdən isə məlumdur ki, "nadan hakimiyyət - hakimiyyət deyil" və "tək adamın hakimliyi - dövlət deyil" (Sofokl).

O dövrdə SSRİ-nin müxtəlif yerlərində - Tbilisi, Vilnüs, Moldova, Krım, Orta Asiyada cərəyan edən ictimai-siyasi hadisələr silsiləsində Azərbaycan və xüsusilə Bakıdakı çıxışlar, mitinqlər genişlənən Milli Azadlıq Hərəkatı Mərkəzi üçün öz geosiyasi mövqeyi, hərbi-strateji əhəmiyyəti, dini-mənəvi dəyərləri baxımından elə "əsəb nöqtəsi" düyünü idi ki, imperiya başçıları onu açmaqda yox, dağıtmaqda, başqalarına "ibrət dərsi" verməkdə maraqlı idilər.


Müsahibəni qələmə aldı:
Xeybər Güöyyallı