Biri nəsihət, biri vəsiyyət, biri şadlıq qoxulu…
      
   Bu məktubların ikisi səngərdə yazılıb, biri qaçqın yataqxanasında. Səngərdəkilər - 5 sətri popiros qutularında, üç abzası cib dəftərçəsində yazılıb, yataqxanadakı isə ağappaq bir kağızda. Bu dost-doğma "qardaş" məktubların "təvəllüd" tarixçələri arasında neçə "igid ömrü" yatır. Daha bir maraqlı nüans budur ki, birinci məktubda atanın şahid kimi nəsihət verdiyi oğul, ikinci məktubda şəhid kimi anılır. Üçüncü məktubda isə bu ata şəhid dostunu anır - özü də onun oğlunun toyunda.
  
   Məndən sənə əmanət
  
   Ey ulu Tanrımızı, ata-anasını, Vətənimizi, dövlətçiliyimizi sevən, cəsarətli və mərd övladım! Neçə illərdir səni böyüdürəm ki, yurduna-yuvana, millətinə bağlı vətəndaş olasan, Vətənin dar günündə onu bir əsgər kimi qorumağı bacarasan! Ulu Tanrına bağlanıb ürəkdən biət edəsən, azad Vətənin vətəndaşı olmaqdan vəcdə gələsən!
   Mən sənə igidlik, mərdlik, cəsarətlili olmağı, Vətənə sədaqətlilik, tarixini sevməyi, torpağın uğrunda ölməyi öyrətdim! Əsl türk və halal-haqq müsəlman həmişə bir-birinin əlindən yapışıb qayğı göstərər, arxa-dayaq durar, torpağını özü qoruyar, özü becərər, özü yeyər. Vətən yolunda şəhid olmağı şərəf bilər. Öz ölkəsinin bayrağını ürəyi, canı, göz bəbəyi kimi qoruyar. "Allahu Əkbər!", "Vətən sağ olsun!" nidaları dilinin əzbəri olar. Vətəni sevmək imandandır, oğlum mənim! İmanı yandırmaq, inamı intirmək olmaz! Belə olmasa, insan sonrakı ömrünü daim sarsıntı içində keçirər, mənim balam! Daim göz altına al ki, Vətənin dar günü gözləniləndir. Qorxma, amma həmişə hazır ol! Hamımızın arxası olan bu Vətənə arxa ol. Səs ver onun səsinə, güc ver onun gücünə.
   Həmişə çalış ki, öncə özün olasan, sonra hamıdan biri! Özün və hamı olsan, düşmən - çox və ya "güclü" olmasından asılı olmayaraq, sənin cəsarətin, qorxmazlığın önündə dura bilməz. Ən əsası odur ki, özünü millətdə, milləti özündə görə biləsən. Millət varsa, sən də varsan, ata-anan, qohum-qardaşın da var.
   Ata-ana məhəbbəti kimi, Vətən məhəbbəti, Millət məhəbbəti də daim sənin qəlbində od kimi yanıb, alov kimi saçmalıdır. Ölümdən qorxmamaq düşməninə qalib gəlməyin yarısıdır. Bilirəm, xəbərdaram, könlündə bir gözəl də var. Ancaq unutma, hər şeydən əzəl olan Vətəni sevməyən - onun gözəlini də ürəkdən sevə bilməz. Unutma ki, Vətən sevgisindən xali yaşamaq Vətəndən kənarda yaşamaq kimi bir şeydir. Vətəndənkənar ömür isə təhqirli-töhmətli bir ömürdür - fiziki cəhətdən, maddi baxımdan nə qədər güclü olsan da, mənən özün-özünü gücsüz, arxasız sanacaqsan. Yadda saxla ki, insan Vətənsiz qalanda gözündən ağlamasa da, daim içindən ağrıyır.
   Vətən oğlu olmağa çalış, mənim oğlum! Vuruş! Vuruş ki, düşmən mənim gücümü, Vətənin qeyrətini görsün! Vuruş ki, millət sənə oğul desin! Şəhid olsan, bütün Vətənin oğlu olacaqsan, qazi olsan - təkcə mənim. Əgər mən şəhid olsam, məzarım önünə gələn, rəhmət oxuyan övladlarım çox olacaq, ölməyib qazi qalsam, sevib-sevinənim tək sən olacaqsan. Yol böyüyündür, deyib atalar. Mən atanın bir əlavəsi var: Bu yol bizim hər ikimizin yoludur. Ata-bala yolu, Sənanım mənim!  

   19 may 1992-ci il
  
  
  
   İkilikdə... tənha söhbət
   Dinməsə də, bildim qadınım nə deyir…
  

   Bu da Ağdam! Şəhər özü də gedir... Bu yurdun neçə-neçə guşəsi uğrunda gecə-gündüz əlləş, vuruş, çarpış, nəticəsi də bu! Doğulub, boya-başa çatdığım yurd, məhəllə, ev-eşik də gedir!..
   Yurdun sonu?!.. Bəli. Ya bu gün, ya sabah. İşlər ki, belə gedir, işğal qaçılmazdır...
   İşğal ab-havasını duyub, evə baş çəkdim. Atüstü məsləhət-məşvərətdən sonra yenidən səngərə dönmək istədiyimi bildirdim. Həyat yoldaşım həyəcanlı bir vəziyyətdə yolumu kəsdi. Gözlərində bir aləm söz-söhbət vardı, amma dilinə gətirə bilmirdi. "İlahi, səngər məni necə sərtləşdirib ki, qadınım mənə "getmə" deməyə də cəsarət etmir!.." - fikirləşdim.
   "İncimə, dost, qala bilmərəm. Dura bilmərəm. Vəziyyətimizi bilənlər bunu üzürlü saysalar da, özüm-özümü bağışlaya bilmərəm. Qorxma. Yaradan ölüm yazmayıbsa, salamat saxlar məni, inşallah. Yazıbsa, bax elə bu an da - gülləsiz-filansız, bu işğal dərdindəncə - durduğum yerdə ölə bilərəm! Yolumdan çəkilməsən, məni buraxmasan, yurd ağısından əvvəl məni ağlayacaqsan..."
   O gecə dillənmədi. Amma mən ondan nələr eşitmirdim?!
   "Yox, buraxmaram səni. Mən onsuz da, Sənan balam şəhid olandan bəri, həyatda hər şeydən küsmüşəm. O biri uşaqlarım da səngərlərdədi. Tək bircə sən qalmısan. Sən də getsən, necə yaşayacağam? Sənsiz yaşarammı heç?!"
   “Hökm qəlbimdən verilib, getməliyəm. Sən ana da bala dağlı, mən ata da! Amma ata mən həm də Vətən oğluyam. Təkcə Türk ər yox, həm də Türk oğluyam! Sən də şərəfli Türk qızısan, qadınım! Qalanlardan muğayat ol, Türk anası! Ölər olsam, sağ bil məni. Necə tanıdımsa səni, elə yaşa. Yaylığını ailə bayrağı bil, endirmə onu, Vətənin bu ağır günündə gizlənənlər qarşısında təmənna umma. Heç bir vicdansıza, şərəfsizə əl açma. Dünya Oğullardan xali olmadığı kimi, gədalardan da kəm deyil..."
   “Mən mərd balaların anasıyam. Onların atasının qadınıyam! Tanrıya ibadət edib, Tanrıya tapınıb, yaxşı yol diləyirəm sənə!"
   “Sağ ol ki, saxlamadın məni. Sağ ol və... bağışla məni! Onsuz da qala bilməzdim. Sənin kimi halalımdan ayrılıb, düşmən üstünə getməliyəm. Mən onunla üz-üzə, göz-gözə durmalıyam. Vətənimi işğal edib viranə qoymaq istəyən o mənfurdan intiqam almalıyam! Vətən dağlı, oğul dağlı oğullar gərək heç nədən, heç kimdən qorxmasın!"
   “Sənsən mənim arxam-köməyim. Ev-eşiyimin çırağı, yurdumun yarı, get. Tanrı sənə yar olsun!"
   Nəhayət dilləndim:
   - Di salamt qal!
   Axır ki, o da dilləndi:
   - Uğur olsun! Kəsin o yağıların ayağını! Azad eləyin Vətənimi, məni, Şəhid Sənanımın, bütün şəhidlərimizin məzarlarını, ruhlarını!..
  
   24 iyul 1993-cü il
  
  
   Ruhun şad olsun, dost!
   Bu bir ağrılı-acılı tost...
  
   Turalın toyunda idik, Nizami! Sevgili Pərvanəsi ilə qoşa oturmuşdu. Çoxlu-çoxlu "çox mübarək" dedik, dönə-dönə "qoşa qarısınlar" - dilədik. Məclisin üzündə bir az qəmlik, bir az şənlik, bir az da - bağışla bizi - dəmlik vardı. Sənin döyüş dostlarının nələr çəkdiyi isə Allahdan da gizli deyildi, burdakı bəndələrdən də. Axı biz səni bu bəndələrin hamısından, hətta sənin öz ailə-uşağından da yaxşı tanıyırdıq, qardaş! Gah mikrofon, gah badə tutan əllərə baxdıqca, sənin son nəfəsinədək silah tutan əllərin canlanırdı gözlərim qarşısında. Burdakı kədərli gözlərə baxdıqca, sənin alovlu gözlərini xatırlayırdıq.…
   Sən ki, həkim idin, ay yeri behiştlik, niyə rəisi olduğun tibb məntəqəsində oturub öz peşənlə məşğul olmurdun? Onsuz, göz həkimi kimi məşhur idin də. Gərək elə düşməni gözündən vuran döyüşçü kimi də ad çıxaraydın?
   Gözlərim önündən səngər yollarımız keçir.…
   Xəyaldan ayrılıb, Tural bəyə baxıram. O, necə də qürurludur! Özü də sənə necə oxşayır! Təkcə sir-sifətdən yox, xaraktercə, mərifət-mənəviyyatca da! Sən də qarşındakı adamların bikef olmamaları üçün heç bir çətinliyi, kədəri, niskili büruzə verməzdin! Təkcə elə buna görə, istəyirəm, bax, bu saat bu toydan çıxıb, Ağdama - düşmən tapdağında olan Mərzili kəndinə gedəm, qəbrin önündə baş əyəm!
   Ora bax - baş tərəfdə - əgər şəhid olmasaydın, bu toyda qazi kimi məhz sənin oturacağın baş stol arxasında əyləşən həyat yoldaşına! Gözün aydın - neçə ildi gözü Nizamiyə sədaqət yolunda olan Nərgiz xanım! Oğul toyunda ana sevincinin həddi-hüdudu olmaz. Sağ ol ki, bu sevinci dərdə qalib edirsən! Belə ol! Hələ qabaqda Rəşad var, Toğrul var, axı!..
   Bir-bir hamıya söz verilir, qardaşım! Təkcə səndən savayı!.. Amma səndən çox anılan yoxdur. Odur, Saday Bayramovun gözü məclisdədi, xəyalında isə sənin ruhun! Alovlu kəlmələrlə bu, ailəyə, bəy-gəlinə xoşbəxtlik arzulayır. Ağsaqqal Yusif Səmədov öz xeyir-dualarını bildirir.
   Həmkar dostun Kərbəlayi Cəfər sənin əsl-nəcabətli nəslin, ailən haqqında ürək dolusu danışır. Telman həkim, Akif, Fayan, Aydın, Bəhruz, neçə-neçə başqaları da Nizami oğlu Turalın qurduğu bu yeni ailənin Allahın köməyi ilə çox möhkəm, qayım-qaltan olacağını bildirirlər.
   Tural bəyin dostları ona ailə səadəti arzulayır və oyuna dəvət edirlər. Təbii ki, mən də - ey etibarlı, mərd döyüşçü Nizami, - sənin dostun və silahdaşın kimi, sözümü deməli idim və dedim də. Hələ orda, hamıdan xəbərsiz, sənin xəyalınla birgə qol götürüb oynadım, əl götürüb ruhuna dua da etdim.
   Hamıdan xoş, mənalı sözü isə sənin ruhun nəql edirdi o toya, qardaş! "İncəsənət" şadlıq evində süslənən toya!..
   Əgər bu ağrılı-acılı "tost"um ruhunca olmasa, bağışla məni, dostum! O "İncəsənət" sarayındakı o qeyri-adi sevinci, müqəddəs kədəri, hüznü qələmə almağım düz beş il çəkdi. Nəhayət, eşidəndə ki, sənin nəvələrin olub, ürəkləndim. Qələm özü gəldi əlimə, sözlər özü axdı dilimə. Amma döyüş zamanı hər çətinliyə sinə gərib, hər qorxuya qalib gəlib, alnımıza yazılan yazıları xana-xana yerinə yetirsək də, o "İncəsənət" toyxanasındakı "hisslər epopeyası"nı bütün detalları ilə vermək istərkən bunu da hiss etdim ki, yazmaq da bir incə sənət imiş.…
   Bütün toy iştirakçıları adından:
   
   Həmişə əsgər
   Hacı Əkbər
  
   15 avqust 2009-cu il







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar