«...Azərbaycanın ən gözəl guşələrindən biri olan İlisu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sayəsində uzun illərdir ki, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarının biri hesab olunur» (Azərbaycan Respublikası Prezidenti H.Əliyevin İlisu kənd məktəbinin 110 illik yubileyi münasibəti ilə göndərdiyi təbrik məktubundan).
Respublika Maarif Muzeyində bir guşə var. Burada respublikamızın sovet dövrü üçün ən ali mükafat ilə təltif edilmiş müəllimlərin fotoşəkilləri və qısa tərcümeyi-halları qoyulmuşdur. Onların arasında həmyerlimiz Həmzət bəy Əfəndiyev də var.
Bu gün bəlkə də çoxları, xüsusilə də gənclər onu tanımırlar. Əslində isə o, Azərbaycanda maarifçiliyin əsasını qoyanlardan biridir. Zaqatala qəzasında çoxlarının müəllimi olub və onlar H.Əfəndiyevi özlərinə həyat idealı hesab edirlər.
Həmzət bəy kim idi?
İlisunun ən varlı bəylərindən olan Məhəmməd bəy Əfəndiyevin oğlu Həmzət, 1880-ci ildə dünyaya göz açıb. İbtidai təhsilini də elə burada alıb. Övladlarını təhsilli görmək istəyən atası onlara xüsusi müəllimlər tutmuşdu. Məhəmməd bəy 4 oğul, 1 qız atası idi. Oğlanlarından Zeynal bəy və Rəşid bəy yüksək rütbəli çar zabitləri olublar. Hər ikisi polkovnik rütbəsinədək yüksəlmişlər. Zeynal bəyin xüsusi xidmətlərinə görə çar hökuməti Macarıstanda həlak olan polkovnikin şəxsi əşyalarını, hətta ölüm ayağında çəkərkən yarımçıq qalan qəlyanını da Şuşa qarnizonuna göndərmişdir. Həmin əşyalar sonradan Şuşadan qara faytonla İlisuya gətirilib. Məhəmməd bəyin böyük oğlu Şeyx isə lap cavan yaşlarında dünyasını dəyişib. 4 qardaşın bir bacısı olan Zeynəbi isə İlisunun məşhur bəylərindən olan xaşal Məmmədrəsul öz qardaşı Əhmədə alıb. Məhəmməd bəyin ikinci oğlu Həmzət bəy 1895-ci ildə Qori Müəllimlər Seminariyasına qəbul olunur. 1899-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirir. Onu da deyək ki, Zaqatala qəzası üzrə Qori Müəllimlər Seminariyasında ilk təhsil alan, məhz Həmzət bəy Əfəndiyevdir. Seminariyanı bitirən gənc Həmzət bəy bir müddət doğma kəndində müəllimlik edib.
O, doğma kəndlərində şəxsi vəsaiti hesabına yeni tipli məktəb açıb, burada yoxsul balalarına savad öyrədib. 1904-05-ci illərdə isə Həmzət bəy rus-yapon müharibəsində iştirak edib. Müharibədən sağ-salamat qayıdan H.Əfəndiyev Zaqatala və Qax rayonlarında ibtidai məktələrin açılmasında çalışıb. Sonralar o, Zaqatala və Qax rayonlarında ibtidai məktəblərin açılmasında fəal iştirak edib. O, İlisuda ilk dəfə oğlanlarla qızları birlikdə oxutmuşdur. Düzdür, o, qızları bu məktəbə cəlb etməkdə çox çətinlik çəkmişdir. Cəhalət və avamlığın içində yaşayan gənc müəllimi yerli mollalar və dindarlar hədələyir, təqib edirdilər. Lakin heç bir hədə-qorxu maarifçilik ideyaları ilə yaşayan, xalqını, millətini zəkalı, işıqlı görmək istəyən bir bəy oğlunu tutduğu yoldan çəkindirə bilməmişdir. O, İlisuda, Əmircanda, Almalıda belə məktəblərin əsasını qoyur. 1910-28-ci illər onun pedaqoji fəaliyyətin ən qızğın çağı olur. Həmzət bəy yorulmaq bilmədən çalışır. Bu illər ərzində onu Zaqatala qəzası üzrə maarif müdir təyin edirlər. 1928-ci ildən isə Həmzət bəy, əsası görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım tərəfindən qoyulan, Zaqatala Pedaqoji Məktəbində rus dili müəllimi işləməyə başlayır və ömrünün sonunadək, düz 30 il Həmzət bəy bu məktəbdə çalışır.
Arxiv sənədlərindən aydın olur ki, Həmzət bəy maarif müdiri işləyərkən yüksək təlim uğrunda mübarizə apardığı kimi, həm də məktəblərdə qızların sayının çoxalmasına da nail olmuşdur. Eyni zamanda əhali arasında savadsızlığın ləğvində onun rolu əvəzsiz olmuşdur. Həmzət bəy gündüzlər uşaqlara, axşamlar isə yaşlılara savad öyrədib.
Sözsüz, onun əməyi, pedaqoji fəaliyyəti diqqətdən kənarda qalmayıb. O, Azərbaycanda Lenin ordeni ilə təltif olunan ilk 25 müəllimdən biri olub.
Həmzət bəy Əfəndiyev 38 illik pedaqoji fəaliyyətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə bu yüksək mükafata layiq görülmüşdür. Təsəvvür edin, repressiya dövründə bir bəy oğluna sovet dövlətinin ən böyük mükafatının verilməsi nə demək idi? Bu hər şeydən əvvəl Həmzət bəyin sırf pedaqoq, vətənpərvər bir ziyalı olduğunu göstərən fakt idi.
Həmzət bəyin ən yaxın qohumu, qocaman müəllim Nəcabət Əlibəyova o günləri belə xatırlayır:
- O hamımızın müəllimi olub. Mən Həmzət bəyin əmisi oğlu Şəfinin qızıyam. Atam yetim qaldığından Həmzət bəyin atası Məhəmməd bəy onu öz oğlu kimi böyüdüb. Həmzət bəy olduqca ciddi bir kişi idi. Hündür boyu, ciddi görkəmi ilə diqqəti cəlb edərdi. Hamımız ondan çəkinərdik. Ona Lenin ordeni veriləndə - 1939-cu ildə mən, İlisu camaatı Ulu körpüyə toplaşmışdı. Hamı böyük sevinclə Həmzət bəyi gətirən faytonu qarşılayırdı. O gün bütün kənd bayram edirdi.
Həmzət bəy heç vaxt kommunist ideologiyasını qəbul etməmişdi. O, bu ideologiyanı cəfəngiyyat adlandırmışdı. Lakin heç vaxt siyasəti özünün maarifçilik ideologiyası qarşılaşdırmamışdı. O, sırf maarifçi olmuşdur. Çalışmışdı ki, dərs dediyi şagird, tələbəsi həyat həqiqətlərini olduğu kimi dərk etsin. O, yetirmələrinə yalnız elm öyrənməyi, yenilik axtarışı ilə yaşamağı tövsiyə edərdi.
Həmzət bəy yalnız bir kənd müəllimi olaraq qalmamışdı. O, kəndinə, elinə, obasına yenilik gətirən bir ziyalı olub. Zaqatala qəzasına ilk texnika, məhz Həmzət bəyin böyük səyi nəticəsində gətirilmişdi. Belə ki, Zaqatala qəzasının adamları pul toplayırlar ki, Almaniyadan traktor gətirsinlər. Bu məqsədlə də onlar Həmzət bəyə müraciət edirlər. Həmzət bəy Almaniyaya gedir və bir aydan sonra traktor gətirir.
Bəli, bu ilk texnika idi ki, bölgəmizə gətirilirdi.
Rayonumuzun qocaman müəllimlərindən olan Camal Musayev o günləri belə xatırlayır:
- Onda mən İlisu kənd məktəbinin III sinfində oxuyurdum. Payız günlərindən biri idi. Həmin traktor iki gün İlisuda qaldı. Camaat traktorun tamaşasına çıxmışdı. Traktoru Qaradolaq məhəlləsindən Səngər məhəlləyə kimi o baş-bu başa sürürdülər. Gecə soyuq olduğundan traktorun motoru donmuşdu. Əsgi-üsgü yandırıb birtəhər motorun donunu açdılar. Sonra traktoru başqa yerə apardılar...
Həmzət bəy adamların qayğısı ilə yaşamağı bacaran insan olub. O, kəndin içində - öz həyətində su dəyirmanı tikdirib. Uzun illər camaat bu dəyirmandan istifadə edib. Dəyirman son vaxtlara qədər qalmaqda idi. Baxımsızlıq ucbatından sel-su yuyub aparmışdır.
Həmzət bəy həyatı boyu maarifçilik ideyalarını təbliğ edən əsl pedaqoq olub. O, Azərbaycanın gələcəyini yalnız maariflənməkdə görən maarifpərvər bir insan idi. Ona görə də çalışıb ki, doğma kəndində oxuyanların sayı çox olsun. Həmzət bəy qardaşı oğlu Məmmədi və bacısı oğlu Hacını təhsillərini davam etdirmək üçün Vladiqafqaza göndərib. Onların hər ikisi müəllim kimi doğma rayona qayıdıb, Hacı müəllim Böyük Vətən müharibəsində həlak olmuşdur. Məmməd müəllim isə uzun illər rayonda müəllim işləmişdir. Sonralar o da əmisi Həmzət bəy kimi Lenin ordeni ilə təltif edilmişdir. Həmzət bəyin böyük qızı Əfruz Əfəndiyeva da müəllimliyi seçmişdir. Əfruz Əfəndiyeva Nuxa Qızlar Seminariyasını bitirmişdir. 1924-cü ildə Qaxda müsəlman qızları məktəbinə müdir təyin edilmişdir. 14 yaşında müdir təyin olunan Əfruz Əfəndiyeva işlədiyi müddətdə atasının maarifçilik ideyalarının inamlı davamçısı olmuşdur.
Həmzət bəy Əfəndiyevin yetirmələri arasında Azərbaycanın ictimai-siyasi həyatında görkəmli rol oynayan onlarca alim, professor, dövlət xadimi var. Bir vaxtlar Azərbaycana rəhbərlik etmiş görkəmli alim, akademik mərhum İmam Mustafayev öz müəllimi haqqında xatirələrini «Azərbaycan müəllimi» qəzetində çap etdirmişdir. Uzun illər müxtəlif rayonlarda rəhbər vəzifədə çalışan Sadıq Murtuzayev, Tibb Universitetinin professoru Səyyarə Mollazadə və onlarca bu gün adını çəkə bilmədiyimiz alim və professor Həmzət bəyin şagirdi olublar. Həmzət bəy görkəmli ədibimiz Cəlil Məmmədquluzadənin qızının da müəllimi olub.
Ömrünün 60 ildən çoxunu maarifçilik ideyalarına sərf edən Həmzət bəy Əfəndiyev haqqında bir çox kitablarda maraqlı yazılar dərc edilmişdir. Fikrət Seyidovun «Azərbaycan pedaqoji fikir tarixindən səhifələr», Həşim İsmayılovun «Zaqatala maarifi», Səfərovun «Zaqatala» adlı kitablarından Həmzət bəy haqqında məlumat əldə etmək mümkündür.
Həmzət bəy xalq arasında çox böyük hörməti olmuşdur. Onun haqqında yaranan xatirələr, məhz böyük el məhəbbətindən doğan bir sevgi idi. Xalq Həmzət bəylə bağlı müxtəlif xatirələri bu gün də yaşadır.
Əsl maarifpərvər insan olan Həmzət bəy Əfəndiyev uzun sürən xəstəlikdən sonra 1963-cü ildə vəfat edib. Qəbri Zaqatala qəbiristanlığındadır.
Bu gün Həmzət bəyin əməllərini yaşadan böyük bir ziyalı nəsli var. Bu nəsil Həmzət bəyin soy-kökündəndir. Bu gün 50-dən çox nəvə babanın maarifpərvər ənənələrinin davamçısıdır. Hazırda Buxarada yaşayan Buxara Tkxnologiya İnstitutunun rektoru, texnika elmləri doktoru Aydın Əfəndiyev, bu yaxınlarda dünyasını dəyişmiş Gəncə Pedaqoji Universitetinin professoru Faiq Bayramov Həmzət bəyin nəslindəndir. Bəli, Həmzət bəy özündən sonra əməllərini yaşadan böyük bir nəsil qoyub getmişdir.
Deyirlər hər bir millətin tərəqqisi məktəbdir və ya hər bir millətin tərəqqi tapması xalq müəllimlərinə bağlıdır. Bu gün qürur hissi ilə yad etdiyimiz Həmzət bəy Əfəndiyev də xalqının, millətinin tərəqqisi üçün özünü fəda edən bir xalq müəllimi olub. İllər ötsə də onun müəllim ömrü çoxlarına bir örnək olacaqdır.
X.Orucova