Hadisə, yoxsa tarixi zərurət?
   
   Nurəddin Mehdixanlı: «20 Yanvarda aş verənlər sovet hakimiyyətinin Qafqaz siyasətinin tərkib hissəsidir»
      
   Sabir Rüstəmxanlı: «Bu gün artıq millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib»
   
   Hər şey düz 20 il bundan əvvəl baş verdi. Millətimiz azadlığı uğrunda mübarizəyə qalxdı, sovet imperiyasının silahlı qüvvələri ilə qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərdi, milli iradəsini nümayiş etdirdi və bununla da öz tarixində daha bir şərəfli səhifəni açdı. Doğrudanmı, müstəqilliyimizi şəhidlərimizin qanı bahasına əldə etməliydik? Yoxsa başqa çıxış yolu vardı?
   20 Yanvar hadisələrinin 20-ci ildönümündə bu suallarla o zaman hadisələrin mərkəzində olmuş insanlara müraciət etdik. 
   
   Xalq artisti, meydan hərəkatının fəal iştirakçılarından biri Nurəddin Mehdixanlının dediyinə görə, 20 Yanvarda baş verənlərə sadəcə hadisə kimi baxmaq düzgün deyil: «20 Yanvar hadisələri 230 il bundan əvvəl başlanan qırğınların davamı idi. Bu hadisələrə uzun əsrlərdən bəri rus imperiyasının, sonradan da sovet hakimiyyətinin Qafqaz siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Sökülən, dağılan bir imperiya və bu imperiyanı qoruyub-saxlamağa çalışan bir ordu var idi. Ona görə də necə olursa-olsun qan tökülməliydi».
   Nurəddin müəllimin fikrincə, Azərbaycanla bağlı bu, xüsusi bir proqram idi. Çünki əsrlər boyu Rusiyanın Qafqazı müsəlmanlardan təmizləmək planı olub: «Məhz rus imperiyasının səyləri nəticəsində sayca çox az olan və əslində bu bölgəyə aidiyyəti olmayan ermənilər Azərbaycan torpaqları üzərində bir Ermənistan dövləti qurdular. Bu səylərin nəticəsi idi ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar vilayət statusu verildi, Azərbaycan Naxçıvandan ayrıldı, anklav yaradıldı. Bütün bunlar Rusiyanın Böyük Qafqaz siyasətinin tərkib hissəsi idi. Bu baxımdan da bu hadisələr baş verməliydi. 1920-ci ildə 11-ci Qızıl Ordunun elədiklərini və ona qədər baş verənləri unutduğumuza, illər boyu Şaumyanın heykəlləri önünə gül dəstələri düzdüyümüzə, gənclərimiz 18-ci il şəhidlərinin məzarlarının uyuduğu yeri əyləncə mərkəzinə çevirdiyinə görə rus ordusu 90-cı ilin 20 yanvarında Azərbaycana daxil oldu, burada qətliamlar törətdi. Ola bilsin ki, bu hadisə bir qədər gec baş verəcəkdi, amma mütləq olmalıydı. Çünki aparılan siyasət bunu diktə edirdi. Bu, dağılmaqda olan imperiyanın son çırpıntıları idi».
   Müsahibimiz hadisələri rus xalqı ilə bağlamağın qətiyyən tərəfdarı olmadığını bildirir, eyni zamanda isə bütün qırğınları rus-sovet qoşunlarının törətdiyini də unutmamağı tövsiyə edir: «Hesab edirəm ki, 20 Yanvar Azərbaycan xalqının hüzr günü kimi deyil, milli qəhrəmanlıq günü kimi xatırlanmalıdır. Biz düşməni öz içimizdə axtarmamalıyıq. Öz dərdimizi, problemimizi daxilimizdə həll etməklə yanaşı, düşmənimizin kim olduğunu da unutmamalıyıq».
   N.Mehdixanlı 20 Yanvar tarixinə bugünkü münasibətin onu qətiyyən qane etmədiyini də bildirdi: «Bizim başımıza eyni bəlalar təkrar-təkrar ona görə gəlir ki, keçmişə, tarixə münasibətdə laqeydik. Zaman-zaman düşmənlərimizi dost etməyə çalışmışıq. Amma nə yazıq ki, bizim əbədi düşmənlərimiz var, onlar bizə heç zaman dost olmayıblar. Sovet dövründə kiçik yaşlardan başlayaraq bağça uşaqlarını, orta məktəb şagirdlərini, ali məktəb tələbələrini aparırdılar 26-ların məzarının üstünə, Leninin, Şaumyanın heykəlinin qarşısına, tədbirlər keçirirdilər, güllər qoyurdular. Və beləliklə məlum ideologiyanı beynimizə yeridirdilər. Amma bu gün 20 Yanvar hadisələri ancaq bu tarixdə yada düşür. Əslində deyil, bütün il boyu gənclərimizin ayağı Şəhidlər Xiyabanından çəkilməməlidir. O məzarlıq bizim and yerimiz olmalıdır - sözdə yox, əməldə».
   Nurəddin müəllim təbliğatı dəyişməyi və «hər şeyi dövlət etməlidir» fəlsəfəsindən uzaqlaşmağı məsləhət gördü: «Deyirik, hər şeyi dövlət etməlidir. Bəs vətəndaş nə etməlidir? Ayrı-ayrı qurumlar, vətəndaş cəmiyyətləri xarici ölkələrdən gələn qonaqlarını Şəhidlər Xiyabanına aparıb, o tarixi onlara danışmırsa, burada günahı başqa yerdə axtarmağa lüzum yoxdur. Bu gün 210 Milli qəhrəmanımız var. Onun 19-u sağdır. Qalanları isə şəhid olublar. Gəlin gedək orta məktəblərdə, gənclər arasında sorğu aparaq, görək onların neçəsinin adını bilirlər? Amma sovet dövründə birnəfəsə 50-60 Sovet İttifaqı Qəhrəmanının adını sadalaya bilirdik. Çünki təbliğat bu istiqamətdə qurulurdu. Buna görə də bugünkü istiqlalımıza, azadlığımıza, dövlətimizin var olmasına şəhidlərimizin qanı hesabına nail olduğumauza görə, bizim də borcumuzdur ki, onları unutmayaq, o hadisələrdən dərs alıb bayrağımızı daima uca tutaq».
   Millət vəkili, həmin dövrdə Milli Məclisin deputatı olmuş və məlum hadisələri araşdıran komissiyanın ən fəal üzvlərindən olmuş şair Sabir Rüstəmxanlı da 20 il əvvəl baş verənləri ürək ağrısı ilə xatırladı. Tanınmış şair 1990-cı ildə Azərbaycanın millət vəkillərinin ilkin olaraq verdiyi qərarların doğruluğunu vurğulayaraq dedi: «1990-cı ilin 20 Yanvarını bütün təfərrüatı ilə xatırlayıram. Xalq Cəbhəsi İdarə Heyəti Müdafiə Şurası yaratmışdı. Qurumun üzvləri xalqı mümkün qədər qırğından qorumağa çalışırdı. Amma təəssüf ki, insanların hiddəti yüksək həddə idi və ordunun haqsızlığı da elə bir səviyyəyə gəlib çatmışdı ki, kütlənin qarşısını almaq mümkün deyildi. Xalq öz qəzəbini və etirazını cilovlaya bilmirdi. Çünki sovet ordusu Azərbaycandan torpaq qoparmağa çalışan və Xankəndində gecə-gündüz o vaxtkı hakimiyyətə qarşı çıxışlar edən, çoxlu terror törətmiş, yüz minlərlə insanı yerindən-yurdundan eləmiş bir qrupun üstünə getməkdənsə, Bakıya gəlmişdi və əliyalın əhaliyə qarşı hərbi texnikadan və bütün silahlardan istifadə olunmuşdu. Dənizdən, sudan, havadan, qurudan ən müxtəlif silahlarla dinc əhaliyə divan tutulurdu. Keçmiş SSRİ rəhbərliyi guya sərhədlərin açılması, dövlət təhlükəsizliyinin pozulması, xalq hərəkatının dövlət çevrilişi etmək cəhdi və s. kimi müxtəlif bəhanələrlə ordunu Bakıya yeritmişdi».
   S.Rüstəmxanlı da 20 Yanvarın matəm günü kimi qeyd edilməsinin əleyhinədir: «Zaman keçib, indi güman edirəm ki, şəhidlərin ziyarəti matəmlikdən çıxıb, əksinə, millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib».
   
   Fəxriyyə ABDULLAYEVA