Bu, bir nəslin yaşam savaşıdır
      
   Sovet hakimiyyəti qurulduqdan sonra ən amansız repressiyalar Aşurbəyovların üzərinə yönəldilir, ən ikrah doğuran donoslar onların barəsində yazılır. Lakin bunlar da bu qədim əsilzadə nəslin övladlarının mənlik və qürurunu sındıra bilməmişdi. Sovet dövründə var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən alınan Aşurbəyovlar nəsli öz sıralarından xalqımıza gözəl alimlər, müəllimlər, istedadlı və qeyri-adi şəxsiyyətlər və nəcib insanlar bəxş etdi. 
   
   Azərbaycan tarixində mühüm işləri ilə yaddaqalan, ölkədə memarlığın, maariflənmənin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Həmin tanınmış nəsillər bu gün də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən biri də kökləri qədim dövrlərə gedib çıxan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri ölkədə möhtəşəm memarlıq abidələrinin tikilməsində və xalqın maariflənməsində müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir.
   
   Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular isə həmin binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində mühüm yer tutmuş insanlar və ya hadisələr barədə danışmaq siyasi cəhətdən təhlükəli olduqda, xalqın yaddaşından silinməsinə o qədər çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat maşını tikililər və onların sahibləri barədə olan məlumatı xalqın yaddaşından silmək üçün onu tamamilə alt-üst edib. Nəticədə neft maqnatları dövründəki Bakı memarlığı barəsində böyük miqdarda məlumat əldən çıxıb. Görəsən, bu gözəllikləri yaradan insanların aqibəti necə olub?
   
   Aşurbəyovların tarixçəsi
   
   Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub.
   Aşur xanın beş oğlu olub - Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy.
   Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir. Bu istiqamətdə atılan ilk və mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin tənzimlənməsi üçün müxtəlif komissiyalar yaradılması olur. Ali təbəqəyə mənsubluğun bilinməsi üçün bəylər özlərinə sonu «ov»la bitən «russayağı» familiya qəbul etməli idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar soyadı ilə tanınırlar.
   
   Cəsarət, yoxsa inqilab arzusu?
   
   Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə adlı qızları olub.
   Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş...
   Bu xeyirxah müsəlman qadını Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin çəkilməsində də bilavasitə iştirak edib.
   Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş. Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin tikilməsi barədə müxtəlif fikirlər söylənilir).
   Təəssüf ki, Nabat xanım öz məscidin tikilib-başa çatmasına cəmi iki il qalmış o vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırılır. 1914-cü ildə müsəlman aləminin gözəl memarlıq nümunələrini, ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir.
   Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil işlərinə əlac tapa bilərdilər.
   Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyır. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə «Əjdər bəy» məscidi də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
   
   Rejimin gətirdiyi fəlakət və acı tale
   
   Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi. Elə bunun nəticəsi idi ki, öz övladlarına - Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi. Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Aşurbəyovların təqaüdü ilə gələcək məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar bu qardaşların iştirakı olmadan heç bir mühüm xeyriyyə tədbiri keçirilmirdi. Məsələn, Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə böyük miqdarda vəsait Bakı milyonçularından, o cümlədən Aşurbəyovlar tərəfindən ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı. Bala bəyin xanımı İsmət xanım isə «Müqəddəs Nina» Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi. Bala bəy Aşurbəyovun Mərdəkanda gül-çiçəyə bələnmiş böyük malikanəsi olub. 1917-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələr Aşurbəyovlardan da yan keçmədi. Sovetləşmənin ilk günlərində Aşurbəyovlar öz evlərindən və sənaye müəssisələrindən məhrum olurlar. Bundan başqa, yeni hakimiyyət hər iki qardaşı həbs edir. Yalnız Nəriman Nərimanovun köməyi ilə Bala bəy öz ailəsi ilə 1920-ci ildə Bakıdan İstanbula getməyə müvəffəq olur. Onun ailəsi İstanbulda 5 il yaşayır. Taleyin üzüdönüklüyünə baxmayaraq, atası kimi o da öz övladlarına təhsil verə bilir. Onun qızları Sara xanım, Sitarə, Məryəm fransız kollecində, oğlu Rəşad bəy isə Türkiyənin ən nüfuzlu təhsil müəssisələrindən biri olan Qalatasarayda təhsil almışdı. Yeni iqtisadi siyasət illərində vəziyyətin bir qədər stabilləşməsi Bala bəy Aşurbəyova 1925-ci ildə ailəsi ilə birlikdə vətənə qayıtmağa şərait yaradır. 1935-ci ildə Bala bəy Aşurbəyov həbs olunaraq ölüm cəzasına məhkum edilir. Onun qızları isə Bakıda qalaraq elmin müxtəlif sahələrində müvəffəqiyyət əldə etməklə Azərbaycan cəmiyyətinə böyük fayda verirlər...
   
   Geniş nəsil şəcərəsini kim bərpa etdi?
   
   Sovet hakimiyyəti qurulduqdan sonra ən amansız repressiyalar Aşurbəyovların üzərinə yönəldilir, ən ikrah doğuran donoslar onların barəsində yazılır. Lakin bunlar da bu qədim əsilzadə nəslin övladlarının mənlik və qürurunu sındıra bilməmişdi. Sovet dövründə var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən alınan Aşurbəyovlar nəsli öz sıralarından xalqımıza gözəl alimlər, müəllimlər, istedadlı və qeyri-adi şəxsiyyətlər və nəcib insanlar bəxş etdi.
   Sona Aşurbəyova yazır ki, bu nəsil haqqında daha bir səciyyəvi detal ondan ibarətdir ki, onların heç bir təmsilçisi mühacirətdə dünyasını dəyişməyib: «Hətta 20-ci illərin əvvəllərində Bakını tərk etməyə məcbur qalanlar sonralar bu ayrılığa dözməyərək qayıdıblar. Vətəndə onları təqiblər, məşəqqətlər, repressiya dəhşətləri gözləyirdi. Sovet hakimiyyəti illərində Aşurbəyovlar nəsli nəinki bütün maddi bazalarından, o cümlədən onlarla mülklərindən, evlərindən, torpaq sahələrindən, neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, həm də özlərinin ləyaqətli təmsilçilərini itirmələrinə, repressiyaya məruz qalmalarına, İkinci Dünya müharibəsində həlak olmalarına, İstanbuldan Parisə qədər dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq, onlar yenə də öz fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər».
   Məşhur tarixçi Sara xanım Aşurbəyli Bakı neft sənayeçisi ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə gerçəkdən misilsiz töhfəsini verib. Faciəli tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəyovanın səyi nəticəsində əsilzadə Aşurbəyovların geniş nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdu.
   Öz dövrünün böyük mesenatları sayılan Teymur bəy, Əjdər bəy, Bala bəy, Əhməd bəy, Əli bəy və başqa Aşurbəyovların xeyirxah əməlləri bu gün də xalqın yaddaşındadır. Teymur bəy Aşurbəyovun tikdirdiyi indiki «Günəşli» sanatoriyasının binası, Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy məscidi, Nabat xanım Aşurbəyovun tikdirdiyi Təzə Pir məscidi Şərq arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdırır.   

 Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar