Gülarə Əliyevanı xatırlayarkən
   
   
   E L Ç İ N
   Xalq yazıçısı
   
   Mənə müraciət olunanda ki, unudulmaz sənətkarımız Gülarə Əliyevanın xatirəsinə həsr olunmuş kitab hazırlanır və mən də xatirələrimi yazım, ilk olaraq Nurkanın məsum siması gözümün önünə gəldi.
   
   
   Məsələ burasındadır ki, Gülarə Əliyevanın kiçik qızı Nuridə (ona rəfiqələrinin dili ilə Nurka deyirdik) mənim böyük qızım Günayla birinci sinifdən on birinci sinfəcən Bülbül adına Musiqi Məktəbində bir yerdə oxumuşdular və mən də o ağıllı və mehriban qızı uşaqlığından yeniyetməliyinə, ilk gəncliyinə kimi yaxşı xatırlayıram. Orası da mənim yaxşı yadımdadır ki, Gülarə xanım hansı bir məhəbbətlə, həssaslıqla qızlarının qayğısına qalırdı və Nurka dərsdən, uşaqlarla gəzməkdən evə on dəqiqə gec gələndə hansı bir həyəcanla telefonla bizə zəng edərək:
   - Günay gəlib?- soruşurdu və eşidəndə ki, Günay da hələ gəlməyib, bir az arxayınlaşırdı ki, bir yerdədirlər, amma beş dəqiqədən sonra təzədən telefon açırdı:- Günay gəldi?
   Bir dəfə də, yadımdadır, qızlar təxminən iki saat olardı ki, kinoya getmişdilər və Gülarə xanım zəng etdi:
   - Günay gəlib?
   Yenə bir müddətdən sonra zəng etdi:
   - Günay gəlmədi? Axı iki saatdan çox keçib... Deyirəm, birdən, Allah eləməmiş, başlarına bir iş gələr?..
   Sonra mən eşitdim ki, Gülarə xanım həyəcandan evdə otura bilməyərək, Nizami adına kinoteatra gedib və məlum olub ki, qızların baxdığı film iki seriyalıdır...
   Gülarə xanımın sənətə münasibətində də sidq-ürəkdən gələn belə bir məhəbbət və həssaslıq var idi və bu məhəbbət, həssaslıq onun istedadının tərkib hissəsi idi, buna görə də Gülarə Əliyevanın sənəti, onun yaratdığı və faciəli ömrünün sonuna kimi bədii rəhbəri olduğu «Dan ulduzu» ansamblının ifası Azərbaycan milli estradasının, ümumiyyətlə, ifaçılıq sənətimizin çox effektli bədii-estetik uğurlarından biridir.
   Orasını da əlavə etmək istəyirəm ki, əcəl (indiki halda bu sözlərin patetikasından çəkinmirəm: qorxunc və amansız əcəl!) Gülarə Əliyevaya öz unikal istedadından tam şəkildə istifadə etməyə imkan vermədi. Hərdənbir Nurka dərsdən sonra Günayla birlikdə bizə gəlirdi və bəzən elə olurdu ki, Gülarə xanım da Nurkanı aparmaq üçün axşam bizə gəlirdi, çox ünsiyyətli, səmimi, gülərüz bir adam olduğuna görə oturub söhbətləşirdi, hərdən də pianino arxasına keçib çalırdı.
   Mən çox təəssüf edirəm ki, onun o ifaları, xalq mahnılarımız üzərində bədahətən inprovizasiyaları o zaman lentə alınmayıb, çünki hər dəfə o gözəl, adamın qəlbinə yayılan, adamın içindəki genetik yaddaşı oyadan və oxşayan melodiyalar yeni və təravətli olurdu, özünü təkrar etmirdi, hər bir ladın yeni-yeni nüansları yaranırdı.
   Çox emossional bir adam idi və pianino arxasına keçərkən, elə bil, tamam başqa bir aləmə daxil olurdu, dünyanın dərdini-sərini, pis işlərini unudurdu və ancaq barmaqlarının altından yayılan melodiyalarla yaşayırdı.
   Dünyanın isə pis işləri, şər üzü o melodiyalar aləminə tamam yaddır, ona görə də melodiyalar səslənəndə unudulur, amma eyni zamanda, təəssüf ki, o pislik həmişəyaşardır, daimidir.
   Gülarə xanım Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyevanın doğma bacısı idi və elə ki, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldı, dünənəcən onun ötəri bir baxışı, ani bir nəzəri altında özünü xoşbəxt bilən, o ötəri diqqət ilə fəxr edən, Heydər Əliyev haqqında ağız dolusu təriflər söyləyən adamlar dönük çıxdı, onunla bağlı tənqid kampaniyası başladı, təbii ki, Gülarə xanım da bu dönüklüyün şahidi oldu.
   Çox güclü yumor hissinə malik bir insan idi, ona görə də hətta xoşagəlməz bir əhvalatı da gülə-gülə, özünəməxsus bir rişxəndlə, ironiya və məzə ilə danışa bilirdi və indi oxucuya söyləyəcəyim səciyyəvi epizodu da 1980-ci illərin sonlarında eləcə gülə-gülə, istehza ilə bizə Gülarə xanım danışmışdı.
   Tanınmış bir şairimiz (indi Haqq dünyasında olduğu üçün, adını çəkməyəcəyəm) Gülarə xanımın sənəti ilə, «Dan ulduzu» ilə fəxr etdiyini deyirdi, bütün bayramlarda Gülarə xanımı və «Dan ulduzu»nu təbrik edirdi, harda olursa, olsun, yeri düşdü-düşmədi Gülarə xanımı tərifləyirdi, onun ifasına valeh olduğunu bildirirdi, «Dan ulduzu»nu vəsf edirdi və fürsət tapanda da xahiş edirdi:
   - Gülarə xanım, Heydər Əliyevə deyin, məni Ali Sovetin sədri qoysun!..
   Gülarə xanım bunu danışanda ürəkdən gülə-gülə:
   - A-a-a!.. Heydər Əliyev kimi adama belə söz deməyə kimin cürəti çatardı?! Mən ona belə söz deyə bilərdim?!- deyirdi.
   Elə ki, 1987-ci ildən sonra Heydər Əliyevin əleyhinə kampaniya başladı, o şair də başqa adam oldu.
   - Məni uzaqdan görəndə, qaçır!..- Bunu da Gülarə xanım deyirdi və ürəkdən gülürdü; elə deyirdi, elə gülürdü ki, adamın o bədbəxt şairə yazığı gəlirdi...
   Ancaq dünyanın belə işləri Gülarə xanımı heç vəchlə ruhdan salmırdı və onun sənətə sevgisi, görünür, bu cür əməllərin təsirindən çox-çox güclü idi, onun stixiyası həmin melodiyalar aləmi idi, elə bu melodiyalar aləmi də, yəqin, ona bədbinliyə qapılmağa, həyatdan küsməyə imkan vermirdi.
   Mən «Vətən» Cəmiyyətində işə başlayandan sonra Gülarə xanımla daha tez-tez görüşürdük və o, bizim tədbirlərimizin fəal iştirakçılarından biri idi.
   1990-cı ildə mən rəhmətlik Bəxtiyar Vahabzadə ilə bərabər toplantılar keçirib, mətbuat nümayəndələri ilə görüşüb Qarabağ məsələsi və Azərbaycandakı vəziyyət barədə ətraflı məlumat vermək üçün həmvətənlərimizin dəvəti ilə İsveçə getmişdik. Bu səfər zamanı bizə bir daha və əyani şəkildə aydın oldu ki, hansı bir kəmfürsətliklə hörülmüş informasiya blokadasının içindəyik, erməni lobbisi Avropada, o cümlədən də İsveçdə bizim haqqımızda necə eybəcər bir təsəvvür yaratmağa müvəffəq olub. İsveçli mətbuat nümayəndələri, ziyalılar bəzən Bəxtiyar müəllimə də, mənə də elə baxırdılar, elə bil, gözləri ilə axtarırdılar ki, xəncərimizi, tapançamızı harda gizlətmişik?..
   O zaman qərara gəldim ki, maddi çətinliklərimizə baxmayaraq, heç olmasa, xalqın qədim və zəngin mədəniyyətini yüksək peşəkarlıqla ifadə etməyi bacaran bir kollektivi İsveçə göndərək və Bakıya gələnəndən sonra Gülarə xanıma müraciət etdim.
   1991-ci ilin fevralında bizim cəmiyyətin sədr müavini Əkrəm Məmmədovun rəhbərliyi ilə «Dan ulduzu» ansamblı Flora Kərimova və Yalçın Rzazadə ilə birlikdə «Vətən»in rəsmi nümayəndələri kimi İsveçə getdi, Stokholmun, Malmönün, Höteburqun böyük salonlarında anşlaqla keçən konsertlər verdi.
   İsveç mətbuatının yazdığı və həmvətənlərimizin də fəxarətlə söylədikləri kimi, Gülarə xanımın virtuoz ifası, «Dan ulduzu»nu böyük ustalıqla idarə etməsi, ifaçıların məharəti və səhnə mədəniyyəti, səsləndirilən əsərlərin zəngin bədii-estetik səviyyəsi İsveç tamaşaçılarını heyrətə salmışdı və Azərbaycanın bu ölkədə informasiya blokadasını dağıtmasında, ölkəmiz haqqında, baş verən hadisələr barədə obyektiv təsəvvürün yaranmasında o səfərin, o konsertlərin, konkret olaraq Gülarə xanımın ciddi xidmətləri oldu.
   Əkrəm Məmmədov indiyəcən xatırlayır:
   - Gülarə xanım həmin səfər üçün xüsusi stolüstü Azərbaycan bayrağı düzəltdirmişdi. İsveçdə hər dəfə səhnəyə çıxanda o bayrağı pianonun üstünə qoyurdu...
   İndi bu hərəkət, olsun ki, bir az qəribə görünsün, ancaq 1991-ci ildə Azərbaycanda baş verən hadisələr kontekstində ürəyin dərinlərindən gələn hisslərin, mənəvi borc duyğusunun ifadəsi idi.
   Elə həmin 1991-ci ilin yayında Günayla Nurka Bülbül adına məktəbi bitirdilər, gözəl bir buraxılış gecələri oldu və biz də o buraxılış gecəsində iştirak etdik. Sonra Günay sənədlərini Tibb Universitetinə, Nurka isə Konservatoriyaya verdi və o günlərin birində qəfil və müdhiş bir xəbər bütün Bakını sarsıtdı: Gülarə xanım, Nurka, «Dan ulduzu»nun gənc və istedadlı violonçel ifaçısı Minirə Yusifli namərd bir təsadüf nəticəsində həlak olub - Gülarə xanımın həyat yoldaşı, kulturoloq Adil Adilov xəstəxanada müalicə olunmaq üçün Moskvaya yola düşərkən, Gülarə xanım özü, Nurka və onlara gəlmiş Minirə Adilin ardınca su atmaq üçün eyvana çıxırlar və bu zaman köhnə eyvan uçur...
   Onların bu dünyadakı missiyaları beləcə bir faciə ilə bitdi.
   Əlbəttə, bütün itkilər ağırdır.
   Ancaq bu ağır itkilər arasında elələri də olur ki, elə bil, fələyin bir bəd əməli ona az görünür, doya bilmir, bir bəd əməl üzərinə ikinci dəhşətli bəd əməl də gətirir.
   Fələk yalnız Gülarə xanımı yox, Nurkanı da onunla birlikdə apardı.
   Bu sözləri yazıram və həmin günlərdən düz on bir il əvvəl - 1980-ci ilin soyuq fevral günündə baş vermiş bir faciə də istər-istəməz mənim yadıma düşür və o faciənin də ağrı-acısını yenidən hiss edirəm: o zaman biz unudulmaz Əliağa Kürçaylını və onun gənc, ağıllı qızı Ülkəri də birlikdə, beləcə, son məkana yola salmışdıq...
   Budur, artıq iyirmi ilə yaxındır ki, Gülarə xanım da, Nurka da Haqq dünyasında bir yerdədirlər, ancaq onların xatirəsi Gülarə xanımın ifa etdiyi pianonun dillərindən qopan melodiyalar kimi həmişə təzə-tər və təsirlidir...
   
   24 yanvar 2010.
   Zuğulba







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar