Və ya Leninin «erməni kartı»Və ya Leninin «erməni kartı»
   
   Oktyabr inqilabından sonra Qafqazı yenidən Rusiyaya birləşdirmək üçün Lenin “erməni kartı”ndan yararlanaraq, RSFSR XKS-nin qərarı ilə Stepan Şaumyanı Qafqaza (və Doğu Anadoluya) fövqəladə komissar təyin etmişdi.
   
    Qafqazda erməni və müsəlmanların hərbi-siyasi güc balansının kəskin şəkildə öz xeyirlərinə olduğunu yaxşı başa düşən erməni liderləri tədricən əsas qüvvələrini Bakıya yönəltmişdilər. Təkcə bu faktı xatırlamaq yerinə düşər ki, çar Rusiyası müsəlmanları hərbi xidmətə qəbul etmədiyi halda, Güney Qafqazda (Anadolu cəbhəsində) 250 min nəfər erməni Rusiya ordusunun tərkibində xidmət göstərirdi (bu bölgədə qulluq edən rusların sayı ümumilikdə 170 min nəfər idi)...
   Beləliklə, bölgədə müsəlmanların əliyalın durumundan və Türkiyənin I Dünya savaşındakı məğlubiyyətindən yararlanan ermənilər Bakıya silahlı müdaxilə üçün tarixi bəhanə gözləyirdilər...
   H.Z.Tağıyevin əsgəri hissədə ehtiyatsızlıq nəticəsində həlak olan oğlunu dəfn etmək üçün Lənkərandan Bakıya gələn müsəlman «Evelina» gəmisi heyətinin tərk-silah olunması və onların rəhbəri general Talışxanovun həbsi hadisələrin gedişini sürətləndirdi. Müsəlman camaatı məscidlərə yığışaraq generalın azad edilməsi və müsəlman hərbçilərin silahlarının qaytarılması tələbinə başladılar.
   
   31 günə 17 min qurban
   
   Bu faktları xristianlara təhdid kimi qələmə verən erməni bölükləri 1918-ci il martın sonuna yaxın Təzə-Pir məscidi istiqamətindən başlayaraq əliyalın müsəlmanlara divan tutdu, şəhəri darmadağın etdilər. Müsəlmanların mədəniyyət mərkəzinin yerləşdiyi İsmailiyyə binasını, qəzetlərin çap olunduğu «Kaspi» mətbəəsini, ”Açıq söz” qəzeti redaksiyasını və başqa əhəmiyyətli binaları yandırıb darmadağın etdilər. Rəsmi məlumatlara görə, Bakı qırğınlarında (29 mart - 2 aprel (yeni təqvimlə) aralığında ) 17 min nəfər müsəlman genosidə məruz qaldı.
   Bakı hadisələrinin ilk günündə hətta Bakı Sovetinə aidiyyəti olmayan, birbaşa Rusiya tabeliyindəki qırıcı təyyarələr eskadrili də Bakını bombalamış, Xəzərdəki rus hərbi gəmiləri isə şəhərdəki müsəlman məhəllələrini top atəşi ilə darmadağın etmişdi.
   Əjdərbəy məscidi ətrafında, “Məhəmmədi” deyilən nahiyyədə də kütləvi qırğınlar xüsusi vəhşiliklə özünü büruzə verirdi. Gənc qadınlara, qızlara təcavüz edilir, hamilə qadınların bətni doğranır, oğlan uşaqlarının tənasül üzvləri, burnu və qulaqları kəsilir, qocalara sümük atılaraq onların ləyaqəti alçaldılırdı...
   Stepan Lalayev, M.Ter-Sarkisov və Antonovun oğlanları başda olmaqla silahlı ermənilər məscidlərdə qadın və qızlara təcavüz etmiş, müsəlmanları küçə və meydanlarda qırıb-çatmış, onları quyulara atmış və məscidləri murdarlamışdılar...
   
   Yalan andın qurbanları
   
   Martın 17-də (əski təqvimlə) isə erməni yepiskopu Baqrat və malakan dini icmasının nümayəndəsi Karabanov Şamaxı müsəlmanlarının başçıları qarşısında müqəddəs İncilə and içərək Bakıdakı hadisələrin Şamaxı əhalisinə təsir etməyəcəyini, burada ermənilərlə müsəlmanların və başqalarının əl-ələ verib sülh, əmin-amanlıq şəraitində yaşayacaqlarını bildirmişdilər. Elə həmin and mərasiminin ertəsi, sübh tezdən Şamaxı müsəlmanları Mədrəsə tərəfdən onlara atılan topların vahiməli səsindən diksinərək oyandılar... Beləliklə, silahsız Şamaxı müsəlmanları da Bakı Soveti hakimiyyəti adı altında fəaliyyət göstərən erməni çətələrinin amansız təcavüzünə məruz qaldı.
   Şamaxı hadisələri erməni vəhşiliyinin bir çox mühüm detallarını üzə çıxarmışdı: köməksiz əhalinin gülləbaran edilməsi, məsciddə yandırılması, hamilə qadınların kürəyinə qaynar samovar bağlanması, onların bətninin yarılaraq körpələrinin çıxarılması və sonra başının kəsilməsi, bəzi adamların at kimi nallanaraq qana bələnməsi, çoxlarının gözlərinin çıxarılması, ağız və burunlarının kəsilməsi və s.
   ...Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası azərbaycanlıların soyqırımını sənədləşdirmiş və o dönəmdə qüvvədə olan qanunvericiliyə əsasən cinayətkarların cəzasını müəyyənləşdirmişdi.
   Şamaxı hadisələrinin icraçılarının başçısı Stepan Lalayan sonralar hərbi cinayətkarlıqda şübhəli şəxs qismində ingilislər tərəfindən həbs edilmiş, onun və başqalarının barəsində qəti tədbir görmək üçün Azərbaycan hökumətindən tutarlı sübutlar tələb edilmişdi.
   Azərbaycan hökuməti ayrıca bir qərar verərək S.Lalayanın cinayət işi ilə bağlı materialları, o sıradan bütün şahid ifadələrini ingilis dilinə çevirtdirərək Birləşmiş Qüvvələrin (Antantanın) polis komissarlığına göndərmişdir.
   Nəhayət, S.Lalayan Azərbaycan hökumətinin sərəncamına keçmiş və qazamatda min bir əzablar nəticəsində gəbərmişdi.
   
   Təcavüzün son həddi
   
    1918-ci ilin aprelində A.Çaparidzenin təyinatı ilə bolşevik təmsilçisi David Qolovani öz silahlı dəstəsi ilə Qubaya gələrək özünün komissar kimi görəvləndirildiyini bildirdikdən sonra Quba qazamatındakı 200 cinayətkar ermənini azad etdirir.
   Bir neçə günlük fasilədən sonra hadisələrin bu cür gedişindən narahat olan Ləzgi bölüyü qəflətən dağ tərəfdən Qubaya yaxınlaşır və Qolovaninin təslim olmasını tələb edir . Qolovani təslim olmayınca Ləzgi bölüyü atəş açır və hər iki tərəf qarşılıqlı atəşə tutulur.
   Qolovani geri qayıtmaq zorunda qalır və ona dəstək olan ermənilərlə ortodoks ruslardan ibarət bir qrupu da özü ilə aparır.
   1918-ci il mayın 1-də isə sabah saatlarında Bakıdan başqa bir silahlı qrup Qubaya hərəkət edir. Yerli müsəlmanlar bu qrupun onlara zərər verəcəyini düşünmürdülər. Silahlı qrupun komandanı Daşnaksütyun Partiyasının təmsilçisi, Türkiyədən qaçmış başkəsən Amazasp və onun yardımçısı Nikolay idi. Bu qrup erməni millətçilərindən təşkil olunmuşdu. Amazaspın dəstəsi Quba şəhərinə girər-girməz onları dinc şəkildə qarşılayan, hətta bolşevizmi qəbul etdiklərini bildirən əhaliyə atəş açdı.
   Ermənilər qarşılarına çıxan kişi, qadın, körpə və yaşlılara fərq qoymayaraq onlara divan tutur, evlərə soxularaq ailələri bütünlüklə qılıncdan keçirir, məscidləri və Qurani-Kərimi də yandırıb misilsiz azğınlıq nümayiş etdirirdilər.
   
   Nəticə
   
   Bakı və ona bitişik böyük bir nahiyədə bənzər vəhşiliklərlə müşayiət olunan erməni-bolşevik işğalı hökm sürürdü. Düşmən qüvvələri iyunun 1-də Kürdəmiri, daha sonra isə Qaraməryəm də daxil olmaqla Göyçay ətəklərinədək Azərbaycan torpaqlarına ələ keçirmişdilər.
   Rəsmi məlumatlara görə, 1918-ci ilin mart hadisələri kimi anılan qırğınlarda 30 min (Bakıda 17 min, Şamaxıda 8 min, Qubada 2 min...) nəfər günahsız müsəlman erməni millətçilərinin murdar əllərilə insanlıq tarixində görünməmiş bir vəhşiliklə qətlə yetirilmişdi...
   
   Xaqani İsmayıl,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar