Ailələrində səhnə adamı olmasa da, hamısının içində bir ritm vardı - musiqini duyurdular. Balaca Mədinə də yaşıdları kimi gimnastika ilə məşğul olur, musiqi məktəbində təhsil alırdı. Amma sonralar tamam başqa sənətin dalınca getdi. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil oldu. Yaxşı oxuyurdu. Yeganə sevmədiyi idman dərsiydi. Çünki dərsdən çıxıb «Spartak» stadionuna getmək və yenidən dərsə qayıtmaq onu yorurdu.
   
   1987-ci ilin yazıydı. Yenə idman dərsiydi. İnstitutun «Çinar» ansamblının rəhbəri, həm də idman kafedrasının müəllimi Əminə xanım Dilbazi zala daxil oldu. Qızları özünəməxsus peşəkar baxışlarıyla süzdü və seçməyə başladı. Mədinə İsmayılova da seçilən qızların sırasındaydı.
   «Seçilən qızlar idman dərsindən azad edilirdilər. Buna çox sevindim. Amma rəqs etməyi də bacarmırdım. Elə ki məşğələlər başladı rəqsi də sevdim, «Çinarı»ı da». Bu sözləri deyəndə Mədinə xanımın üzündə sanki elə o vaxtkı sevinc ifadələri yarandı.
   Əminə xanım onlara əvvəlcə rəqsin hərəkətlərini öyrətdi. Sonra rəqsi, gülməyi, sərbəstliyi. Və yalnız bundan sonra böyük coşqu ilə səhnəyə çıxdılar.
   Mədinənin böyük konsert proqramı ilə ilk çıxışı Türkiyədə oldu. Əlində armudu stəkanlar oynayırdı. Çox həyəcanlıydı. Tamaşaçılar o qədər yaxın əyləşmişdi ki, birdən özünü itirdi. Əlləri əsdi. Ona elə gəldi ki, stəkanlar əlindən düşəcək. Daxili bir hiss, bir səs köməyinə çatdı. Özünü ələ aldı. Bir də alqış sədalarını eşidəndə özünə gəldi, sevindi. O vaxtlar «Çinar» rəqs ansamblının dövlət tədbirlərində, bayramlarda həmişə çıxışları olardı, xarici ölkələrə qastrola, festivallara gedərdilər. Mədinə xanım da o günləri tez-tez xatırlayır: “Bir dəfə Kiprə festivala dəvət olunmuşduq. Bu festivalda müharibə gedən müsəlman ölkələrinin rəqs kollektivləri iştirak etməliydi. Avtobusla yola düşdük. Amma yollarda o qədər yubandıq ki, yalnız festivalın üçüncü günü özümüzü çatdıra bildik. Buna baxmayaraq, çıxışımız çox gözəl alındı. Bizə - «Sizi bu qədər gözləməyimizə dəyərmiş!» - dedilər”.
    «Çinar»ın yolu Türkiyədən başlayıb Fransa, Əlcəzair, Dakar, Seneqal, İran, Polşa, Macarıstan, Bolqarıstan, Almaniya, Yuqoslaviya, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr və İsraildən keçirdi. Azərbaycanın bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini qarış-qarış gəzib xalqımıza sevinc bəxş edirdi. «Yallı», «Dolayı», «Ceyran», «Vağzalı-mirzəyi» hamını heyran qoyurdu.
   Amma Türkiyədəki coşqu, alqış, tamaşaçı istəyi, məhəbbət heç yerə bənzəmirdi. Konsert başlayandan qurtarana kimi alqış sədaları səngimək bilmirdi. Yollarda ansamblımızı insan axını, maşınlar müşayiət edirdi.
   1990-cı ildə Əminə xanım «Sarı gəlin»ə quruluş verdi. Səhnədə qızılı paltar geyinmiş üç qız oynayırdı. Rəqsin təqdimatı Türkiyədə oldu. Zaldakı tamaşaçılar ağlayırdılar. «Sarı gəlin» hamını riqqətə gətirmişdi. Mədinə belə bir kollektivin üzvü olmağı ilə qürur duyurdu. Çünki harda çıxış etməyindən asılı olmayaraq, «Çinar» hər yerdə birinciydi. Əslində, Əminə Dilbazi kimi bir rəqs şahzadəsinin rəhbərlik etdiyi kollektiv başqa cür ola bilməzdi.
   “Bu ansambl mənə çox şey verdi. Ən əsası, gözəl oynamağı öyrətdi. «Çinar» üzümdə təbəssüm yaratdı, mənə gülməyi öyrətdi. Bu təbəssüm indi işimə də kömək edir, xəstələrimi gülərüzlə qəbul edirəm. Bütün bunlara görə bir nəfərə - Əminə xanıma borcluyam. O, bizə rəqsdən başqa, kişi mərdliyini, qadın incəliyini öyrətdi. Bir qadın kimi, bir ana kimi, bir həkim kimi nəyə nail olmuşamsa, Əminə xanıma minnətdaram».
   Mədinə İsmayılova bu gün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dəri-zöhrəvi kafedrasının assistentidir. Həkimlərə dərs deyir. Bura həm Azərbaycanın bölgələrindən, həm də İrandan, Türkiyədən, Nepaldan dermatoloqlar gəlib təkmilləşirlər.
   “Həyatımın ən gözəl illəri Tibb İnstitutu ilə bağlıdır” - deyə sözünə davam etdi Mədinə xanım.
   «Düzdür, mən cərrah olmadım, terapevt də olmadım. Heç əlaçı da oxumamışam. Amma mənim üçün maraqlı olanı, lazım olanı öyrənmişəm. Müəllimlərimin dediklərini yadda saxlamışam və bu gün o fikirlərdən istifadə edirəm. Əminə xanımın dedikləri də onun kimi. İstər burda, istərsə də səfərlərdə o bizim üçün həm rəhbər, həm yaxın dost, həm də anaydı. Hamımız birlikdə çox xoşbəxt günlər yaşamışıq. Mən fəxr edirəm ki, «Çinar»da oynamışam».
   
   Sədaqət Yusifqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar