Bu il bahar yaman gecikdi, yayın adamı bezdirən cırhacırı isə tez gəldi. Elə baharın gəlişini gözləməkdən səbirsizləndiyimiz günlərin birində ANS kanalında «100-cü baxış» proqramına dəvət olunmuşdum. Əvvəldən fikirləşmişdim ki, çəkilişdən sonra mütləq Mailə xanıma baş çəkəcəyəm. Necə ola bilər ki, həmişə müəllimin, fəxr etdiyin insanın iş yerinə gələsən, ona Allahın salamını da verməyəsən?..
   
   Çəkilişdən sonra Mailə xanımı görmək istəyəndə dedilər ki, «Zərif çərşənbə»nin çəkilişləri ilə əlaqədar Türkiyədədir. Müəlliməmi görə bilmədiyimə heyifsiləndim. Mayın 3-də baş tutmayan görüşdən təəssüflənərkən nə biləydim ki, düz 40 gündən sonra Mailə xanım elə uzaq səfərə çıxacaq ki, həmin ayrılığın təəssüfü adamı sarsıdacaq.
   Onun gedişi ilə Azərbaycan radio-televiziya jurnalistikası öz mogikanlarından birini itirdi. Əməkdar jurnalist Mailə Muradxanlı bizim milli teleməkanda bir sima, yaradıcılığı hər zaman yüksələn xətt üzrə inkişaf edən, fantaziyası tükənmyən sənətkar idi.
   Onu lap uşaqlıqdan tanıyırdım. Qismət elə gətirmişdi ki, Mailə xanımdan çox illər sonra bir zaman onun təhsil aldığı 187 saylı məktəbdə oxuyurdum. Məktəbimizdə keçirilən bütün sanballı tədbirlərdə Mailə xanım fəxri qonaq qismində iştirak edərdi. Hər dəfə bu gülərüz, sadə xanımla rastlaşanda nə vaxtsa onun kimi yaxşı jurnalist olmaq istəyi içimdə özümlə bərabər böyüyərdi.
   Sonra da bir zaman Mailə xanımın tələbəsi olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxudum. Mailə xanıma dərs demiş müəllimlər məni fərasətdə ona oxşadanda üzə vurmasam da, qürurlanırdım. Orta məktəbdən fərqli olaraq, burada bir üstünlüyüm var idi: artıq Mailə xanım fakültəmizdə saathesabı dərs deyirdi və müəllimlərimiz məni onun özünə tərifləyirdilər.
   Beləcə, aramızdakı ana-balalıq qədər yaş fərqi müəllim-tələbə, həmkar münasibətinin içində əridi, bizi doğmalaşdırdı.
   Mailə xanımın təşəbbüsü ilə respublika radiosunda çalışmağa başladığım illərdə isə onu jurnalistikanın mətbəxindən tanıdım.
   Bildim ki, şux qamətli, xoş təbəssümü üzündən heç zaman əksik olmayan bu xanım Azərbaycan radiosunda təbii reportajın təməlini qoyanlardan biridir. Bildim ki, illər boyu Azərbaycan televiziyasında çalışan neçə-neçə yetənəkli jurnalist onun rəhbərlik etdiyi Ədəbiyyat və incəsənət verilişləri baş redaksiyasında peşəkar kimi püxtələşib. Şəxsən şahid oldum ki, Mailə xanım işçinin arxasında durmağı da bacarır, onu düzgün istiqamətləndirməyi də, yaxşı materialı, verilişi müdafiə etməyi də. Redaksiyada hər kəs bilirdi ki, Mailə xanımın insan kimi çox sevdiyi işçilər də var, sadəcə, mövcudluğuna tablaşdıqları da. Amma iş proqrama gələndə, verilişə qonorar yazılması məqamı çatanda kimsə həmin şəxsi münasibəti hiss etməzdi: yaxşı yaxşı qiymətini alırdı, pis də öz qiymətini.
   Redaksiyaya təzə gəldiyim vaxtlarda eşitmişdim ki, bəzən veriliş zəif olanda Mailə xanım verilişin mətnindən kağız quş düzəldir, sonra müəllifin əyləşdiyi otağa gəlir, qapını açıb həmin kağız quşu ona tərəf uçurdur, vəssəlam. Bu, ciddi baş redaktorun həm öz sənətinə, cavabdeh olduğu sahəyə məsuliyyəti, həm də bir növ tənbeh üsulu idi. Şükürlər olsun ki, Mailə xanmla birgə çalışdığım qısa müddətdə nə təcrübəli həmkarlarımın yazdığı veriliş mətni «quş»a dönüb uçdu, nə də mənim yazdığım. Amma onun mənim ilk böyük veriliş mətnimin böyründəki qeydi ömrüm boyu unutmaram: «Müsahibini danışdırmaqdan ötrü özünü niyə savadsız kimi göstərirsən? Başqa üsul tap!».
   Mailə xanım Azərbaycan radiosunun, televiziyasının inkişaf yolunda can qoydu. Ömrünün 40 ilindən çoxunu bu şirkətdə çalışdı, pillə-pillə ucaldı, şöhrət tapdı. O, yorulmazlığın, işgüzarlığın, tükənməz enerjinin qaynağı idi. Jurnalistika, yaradıcılıq onun qanına hopmuşdu, az qala həyat tərzinə çevrilmişdi. Özü də deyirdi ki, qızı Lalə ağlı kəsəndə adi kağız parçasına da «veriliş» deyirmiş. Hərdən düşünürdüm ki, ay Allah, görəsən, Mailə xanım necə vaxt tapır ki, həmişə yaraşıqlı görünür, həmişə işdədir, övladları da tərbiyəli, savadlıdır. Mailə xanım daim işləyirdi, çalışırdı. Yeri gələndə radiodan əlavə, jurnal üçün məqalə, «Mozalan» üçün süjet ssenarisi yazırdı, dərs deyirdi, təcrübəçi tələbələrlə də məşğul olurdu.
   1990-cı ilin 20 Yanvar hadisələri zamanı televiziyada partlayış törədiləndən sonra kişilərin çoxu işə gəlməyə cəsarət etmədiyi bir vaxtda Mailə Muradxanlı şirkətin qapısını açıb içəri keçdi, efir boş, əhali məlumatsız qalmasın deyə diktorluq etməyə də ərinmədi.
   Şöhrətdən, öz «mən»ini qabartmaqdan uzaq olan Mailə xanım milli teleməkana bir yenilik də gətirdi. Ömrün müdriklik çağında çalışdığı ANS kanalında «Zərif çərşənbə» proqramında efirə çıxıb veriliş apardı. Mailə xanıma qədər bizdə heç bir qadın jurnalist illərin görkəminə çəkdiyi sığaldan çəkinmədən, yaşanmış illərin gözünün içinə dik baxaraq ekrana çıxmamışdı! Qoy kimsənin xətrinə dəyməsin, «Zərif çərşənbə»dəki aparıcı xanımların ən cazibədarı elə Mailə xanım idi.
   Mailə xanımın xarakterindəki mərdlik o qədər idi ki, kimlərisə illərlə yataqda incidən xəstəlik də ondan çəkindi, öz fəna əməllərini gizli-gizli, xəlvəti gördü. Çünki Mailə xanım xəstəliyindən daha tez xəbər tutsaydı, onunla da mübarizədə qalib çıxardı. Necə ki, illər boyu istər şəxsi, istərsə də iş həyatında qarşısına çıxan heç bir maneəyə boyun əyməmişdi, bütün sınaqlardan öz qətiyyəti, hünəri ilə qalib çıxmışdı.
   İnsan hər əziz adamını itirdikcə, həm də onunla bağlı ən xoş məqamların da xatirəyə çevrilməsi, onunla ünsiyyətin davam etməyəcəyi üzündən yanıb-yaxılır. Lap vaxtsız düşən bürkü səni qəfil yandırıb-yaxan kimi.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar