Azərbaycan
   
   29 oktyabr 1937 - Görkəmli dirijor, Xalq artist, professor Rauf Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijordur, 1991-1994 illərdə Ankara Dövlət Opera və Balet Teatrının baş dirijoru işləyib.
   29 oktyabr 1941- Xalq artisti Ağaxan Əli oğlu Salmanlı anadan olub. Uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır.
   29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı Zəngilan rayonu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal edib. Zəngilan rayonunun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min əhalisi didərgin düşüb. Zəngilan Ermənistanın 1992-1993-cü illərdəki hərbi təcavüzü nəticəsində işğal edilən sonuncu rayondur. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub.
   
   30 oktyabr 1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. «Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca 4-cildlik lüğətin tərtibçisi və redaktoru olub, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   30 oktyabr 1928 - Görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda anadan olub. 200-dən artıq elmi məqalə və 30-dək kitabın müəllifi, Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, «Azərbaycan daş plastikası» kitabları xarici dillərə tərcümə olunub. Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
   30 oktyabr 1930 - Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalı nəşrə başlayıb.
   30 oktyabr 1948 - Yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli anadan olub.
   30 oktyabr 1980 - Bakıda respublika “Kitab evi” açılıb.
   30 oktyabr 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısında (29-31 oktyabr) TÜRKSOY (Türk Kültür və Sənət Ortaq Yönətimi) təşkilatı təsis edilib. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edirdi. Bu toplantı ilə türkdilli dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub. Növbəti sammitlər 1994 (İstanbul), 1995 (Bişkək), 1996 (Daşkənd), 1998 (Astana), 2000 (Bakı), 2001 (İstanbul), 2006 (Antalya), 2009 (Naxçıvan) və 2010-cu ildə (16 sentyabr, İstanbul) illərdə keçirilib.
   
   31 oktyabr 1955 - Bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda anadan olub. Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır.
   31 oktyabr 1963 - Bəstəkar Nadir Əzimovun doğum günüdür.
   31 oktyabr 1969 - Aktrisa Mələk Abbaszadə anadan olub. 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyorluğu fakültəsini bitirib. S.Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.
   
   1 noyabr - Azərbaycanda «Kənd təsərrüfatı işçiləri günü”dür. Aqrar sahə işçilərinin peşə bayramı günü prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.
   1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.
   1 noyabr 1939 - Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist Məmməd Mürşüd oğlu İsmayılov (Məmməd İsmayıl) anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.
   1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsində təhsil alıb. Teatr, televiziya tamaşaları və kinoda yaddaqalan obrazlar yaradıb.
   1 noyabr 1947 - Əməkdar artist Telman Əliyev anadan olub.
   1 noyabr 1948 - Şair, publisist Muxtar Əhmədin doğum günüdür.
   1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Tanınmış kinoperator Valeri Kərimovun (1945-1998) həyat yoldaşıdır.
   1 noyabr 1952 - Əməkdar artist Elxan Quliyev anadan olub. “Sevinc buxtası" (Elxan), "İstintaq" (milis mayoru) filmlərində çəkilib.
   1 noyabr 1956 - Rejissor Yavər Rzayevin doğum günüdür. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, 1998) rejissorudur.
   
   2 noyabr 1934 - Tanınmış şair Oqtay Məhərrəm oğlu Rzalı (Oqtay Rza) Salyan rayonunun Qalalı kəndində anadan olub.
   2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov Emin Sabit Rəhman oğlu, 2.11.1937 - 18.11.2000) anadan olub. Yüzlərlə mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib.
   2 noyabr 1988 - Xalq artisti, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaratmış Hökümə Qurbanova (11.6.1913 - 1988) vəfat edib.
   2 noyabr 1994 - Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib. Tədbirdə prezident Heydər Əliyev iştirak edib.
   2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.
   
   Dünya
   
   29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi və ictimai xadim Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
   29 oktyabr 1900 - Görkəmli rus-sovet dilçi alimi Aleksandr Roformatski (1900-1978) anadan olub.
   29 oktyabr 1918 - Sovet dövlətində bütün gəncləri vahid ideologiya altında birləşdirən ictimai-siyasi təşkilatın - Lenin Kommunist Gənclər İttifaqının (komsomol) yarandığı gündür. 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası ilə birlikdə ömrünü başa vurdu.
   29 oktyabr 1923 - Türkiyə Cümhuriyyətinin qurulduğu gündür. Həmin gün Türkiyə Böyük Millət Məclisi Osmanlı imperatorluğunun qalıqları üzərində yeni dövlətin - Cümhuriyyətin yarandığını elan edib və Mustafa Kamal paşa Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçilib.
   29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.
   29 oktyabr 1971 - Amerika kinoaktrisası Vaynon Rayder (Winona Ryder - Winona Laura Horowitz) anadan olub.
   29 oktyabr 2001 - Görkəmli rus-sovet kinorejissoru Qriqori Çuxray (1921-2001) vəfat edib.
   
   30 oktyabr - Sovet İttifaqında siyasi repressiyya qurbanlarının xatirə günüdür. 1991-ci ildən Rusiyanın “Memorial” təşkilatının təşəbbüsü ilə qeyd olunur.
   30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
   30 oktyabr 1762 - Görkəmli fransız şairi Andre Şenye (Andre Marie de Chenier, 1762-1794) anadan olub.
   30 oktyabr 1821 - Dünya şöhrətli rus yazıçızı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevskinin (30.10 (11.11) 1821 - 28.1 (9.2) 1881) doğum günüdür.
   30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.
   30 oktyabr 1855 - Rus yazıçısı, dramaturq, tərcüməçi, sənətşünas-tarixçi Pyotr Petroviç Qnediç (1855-1925) anadan olub.
   30 oktyabr 1861 - Fransız heykəltəraşı Emil Antuan Burdel (Emile Antoine Bourdelle, 1861-1929) anadan olub.
   30 oktyabr 1871 - Fransız yazıçısı, şair, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
   30 oktyabr 1937 - Məşhur fransız rejissoru, ssenarist, operator, aktyor, iki “Oskar” laureatı (1966, “Qadın və kişi” filmi) Klod Leluş (Claude Lelouch) anadan olub.
   31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatları ön görən məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestanlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri tarixi Reformasiya günü kimi qeyd edirlər.
   31 oktyabr 1795 - İngilis şairi Con Kits (John Keats, 1795-1821) anadan olub.
   31 oktyabr 1907 - Amerika aktrisası Şeyla Bromli (Sheila Bromley, 1907- 23.7.2003) anadan olub.
   31 oktyabr 1912 - Amerika aktrisası, müğənni və yazıçı Deyl Evans (Dale Evans, 1912-7.2.2001) anadan olub.
   31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisri Anatoli Papanovun (1922 - 5.8.1987) doğum günüdür.
   31 oktyabr 1928 - Məşhur Amerika kinoaktrisası Kleo Mur (Cleo Moore, 1928 - 28.10.1973 ) anadan olub.
   31 oktyabr 1963 - Amerikalı aktyor, rejissor Rob Şnayder (Rob Schneider) anadan olub.
   31 oktyabr 1993 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib.
   
   1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
   1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler, 1781-1854) anadan olub.
   1 noyabr 1893 - Alman rəssamı və litoqrafı Paul Andreas Veber (1893-1980) anadan olub.
   1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.
   1 noyabr 1904 - Amerika kinoaktrisası Laura La Plante (1904 - 1996) anadan olub.
   1 noyabr 1938 - Amerika aktyoru Frenk Lanqellanın (Frank Langella) doğum günüdür.
   1 noyabr 1967 - Amerika müğənnisi, bəstəkar, rəssam Sofi Ballantin (Sophie Ballantin Hawkins) anadan olub.
   1 noyabr 1984 - İngilis kinoakrtisası Natalia Tena (Natalia Gastiain Tena) anadan olub.
   
   2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin, 1699-1779) anadan olub.
   2 noyabr 1843 - Rus heykəltəraşı Mark Matveyeviç Antakolski (1843-1902) anadan olub.
   2 noyabr 1906 - Rus şairi, yazıçı, filosof, teoloq Daniil Leonidoviç Andreyevin (1906-1959) doğum günüdür.
   2 noyabr 1913 - Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
   2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 26.7.1856 - 1950) vəfat edib.
   2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan