Məşədi Cəmil Əmirov
   
   Musiqi mədəniyyəti tariximizdə ustad tarzən və mahir müğənnilər çox olub. Xalq qarşısında müstəsna xidmətləri olan sənətkarlarımız isə tək-təkdir. Ömrünü xalqına xidmətdə keçirən belə sənətkarlardan biri də Məşədi Cəmil Əmirovdur.
       
   Məşədi Cəmil Əmiraslan oğlu Əmirov 1875-ci ildə Şuşada anadan olub. Erkən yaşlarından musiqiyə maraq göstərir, şəhərdə vaxtaşırı təşkil olunan musiqi məclislərinə tamaşa etdikcə onda da musiqiçi olmaq həvəsi yaranır. Lakin 12 yaşında ikən atasının vəfat etməsi ilə başlanan maddi çətinlik onun musiqi təhsili almaq istəyinin reallaşmasına əngəl olur. Dolanışıq naminə dərzilik sənətini öyrənir. Şəhərdə yaxşı bir usta kimi tanınır və get-gedə maddi vəziyyəti yaxşılaşır.
   Amma o, məşhur dərzi olmaq yox, adlı-sanlı tarzən kimi tanınmaq istəyirdi. Bir qədər sonra görkəmli tarzən Mirzə Sadıqcanın şagirdi olur. Böyük alim, musiqişünas Mir Möhsün Nəvvabdan klassik Şərq muğamlarının sirlərini öyrənir. Şuşanın kiçik və ağır el şənliklərində yaxından iştirak edir. Tədricən Qarabağda, Şirvanda və Şəkidə mahir tarzən və gözəl xanəndə kimi tanınır.
   1907-ci ildə Məşədi Cəmil Şuşadan Gəncəyə köçür. Yerli musiqiçilərlə yaxından tanış olur. Az vaxt ərzində şəhərin musiqi həyatında tanınır. Hörmətli xanəndələrdən Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini müşayiət edir. 1910-cu ildə Məşədi Cəmil Riqa şəhərinin “Qrammofon” şirkətindən dəvət alır. Bir qrup musiqiçi ilə ora gedir, bir neçə muğamı vala yazdırır. O, az vaxt ərzində bir neçə musiqi alətində (qarmon, kamança, skripka və pianoda) ifa etməyi də öyrənir. Bununla belə, başa düşür ki, dövrünün qabaqcıl bir musiqiçisi olmaq üçün bütün bunlar azdır. Arzularının gerçəkləşməsi üçün musiqi təhsili almaq və not savadına yiyələnmək lazımdır. Bu məqsədlə 1911-ci ildə İstanbula gedir, orada iki il yaşayaraq mükəmməl musiqi təhsili alır. Eyni zamanda Avropa musiqisi ilə yaxından tanış olur. Türkiyədə olduğu müddətdə Azərbaycan musiqisinin təbliğatçısı kimi də çıxış edir, İstanbulda verdiyi konsertlər böyük rəğbətlə qarşılanır.
   Musiqi tariximizdə ilk dəfə muğamlarımızı nota salanlardan biri də Məşədi Cəmil olub. O, 1912-ci ildə İstanbulda yaşadığı vaxt “Heyratı” muğamını nota salıb. 1913-cü ildə zəngin sənət təcrübəsi ilə geri dönür, Gəncənin musiqi həyatında geniş fəaliyyət göstərir.
   Məşədi Cəmil Azərbaycan musiqisinin bir çox sahəsində olduğu kimi, teatr sənətinin inkişafında da fəal iştirak edib. Şuşada, Gəncədə olarkən Üzeyir Hacıbəylinin opera və operettalarında (“Leyli və Məcnun”da Məcnun, Zeyd), “Əsli və Kərəm”də Kərəm, “O olmasın, bu olsun”da Rza bəy və s. ) müvəffəqiyyətlə oynayıb və teatr orkestrlərində dirijorluq edib.
   Bəstəkar kimi də tanınıb, “Seyfəl-Mülk“ operasını (1915), “Namuslu qız” operettasını (1923) yazıb. Gözəl librettosu və musiqisi olan “Namuslu qız” əsəri bir neçə il Gəncə teatrının repertuarında möhkəm yer tutub.
   O, daha böyük işlər görmək məqsədilə gecə-gündüz çalışır: şəhərin xanəndə və çalğıçılarını ətrafına toplayır, muğamat gecələri təşkil edir, musiqi müsabiqələri keçirir. Gəncədə musiqi məktəbi açmaq və istedadlı gənclərə musiqi elminin əsaslarını öyrətmək istəyir. Öz maddi imkanı hesabına “Muğamat kursu“ açır və istedadlı gəncləri ora toplayır. Yetişdirdiyi gənclərdən Seyid Şuşinski, Zülfü Adıgözəlov, Bülbül və Musa Şuşinski və başqaları milli musiqimizin inkişafı yolunda böyük xidmətlər göstəriblər.
   Onun bir arzusu da musiqi məktəbi açmaq idi. Nəhayət, 1923-cü ildə Gəncədə musiqi məktəbi açılır və o, məktəbin ilk (1923-1928 ) direktoru olur. Məktəbdə tardan dərs deyir, həm də xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik edir.
   Məşədi Cəmil dərin köklərlə xalq musiqisinə bağlı olub. Mənalı sənətkar ömrünün 40 ilini milli incəsənətimizin tərəqqisinə həsr edib. 1928-ci ildə Gəncə şəhərində vəfat edib.
   
   Savalan Fərəcov