Tək Tanrıya tapınanadək bəşər övladı hansı dinlərə sitayiş edib?
   
   İnsan yarandığı vaxtdan sitayiş etmək, kölgəsinə sığınıb yardım diləmək üçün fövqəladə güclərin axtarışında olub. Göydə müxtəlif səma cisimlərinə - Günəşə, Aya, yerdə isə bütlərə sitayiş edib. Ta o vaxtadək ki, tək Tanrıya, bir olan Allaha tapınıb.
   
   Bütpərəstlik
   
   Dinin bu forması ən qədim zamanlarda özünü göstərib. İlahi sayılıb pərəstiş edilən şeyə büt deyilir. Bütpərəstlik özünü müxtəlif formalarda göstərib: animizm, totemizm, fetişizm, şamanlıq, atəşpərəstlik və bu qəbildən olan başqa dinlər də bütpərəstlik kimi səciyyələndirilir. Məlumdur ki, ərəblər İslamdan qabaq bütpərəst olublar. Bir vaxtlar Kəbədə 300-dən çox büt olub.
   
   Animizm
   
   Bu ad ruh mənasını daşıyır. Ruhların mövcudluğuna, təbiət qüvvələrinin - Günəşin, Ayın, ildırımın, şimşəyin və s. ruhu olduğuna etiqad edənlər animist adlanır. Animistlərə görə, dağın da ruhu var. Dağa qalxmaq istəyən hər bir kəs ondan icazə almalıdır. Ağacı kəsməzdən əvvəl ondan üzr istəməlisən. Meşə ruhlarına həyat və təbiət nemətlərindən qurban verilməlidir. Onlar etiqad edirlər ki, quş insanlara ruhlar aləmindən xəbər gətirir. Ağacdan torpağa bağlılıq, otlardan həyatsevərlik, qarışqadan dostluq və əməksevərlik öyrənilməlidir. Animistlərə görə, ruh müstəqil şəkildə də mövcud ola bilər. Eyni zamanda müvəqqəti olaraq kiminsə bədəninə keçə bilər.
   
   Magiya
   
   Ən qədim dinlərdən biridir. Onun 20-30 min il tarixi var. Bu din sehrbazlıq, ovsunçuluq və cadugərlik kimi izah olunur. Çox vaxt dua yazmaq və oxumaqla insanlara təsir göstərməyi nəzərdə tutur. Magiyada ayin əşyaları xüsusi əhəmiyyət daşıyır. Məsələn, belə hesab edirlər ki, maralın dərisini deşmək maral ovuna kömək edər. Yaxud hesab olunur ki, canavar və ya ayı dərisindən tikilmiş geyim onların ruh enerjisinin insana keçməsinə kömək edir.
   
   Totemizm
   
   Totemizm hər hansı əşya (“totem”) sitayişlə bağlıdır. Totemistlər inanıblar ki, əcdadları özlərində həm insan, həm də tayfa toteminin əlamətlərini birləşdirən fantastik varlıqlar olublar. Hər bir tayfa, soy öz toteminin adı ilə tanınıb. Etiqadla bağlı davranış normalarına və adətlərə soyun hər bir üzvü əməl etməlidir. Sosial münasibətlər də bu təməl üzərində qurulur. Ən mötəbər əcdadlar öldükdən sonra tədricən totemə çevrilir. Onların fövqəltəbii imkanlara malik olduqlarına etiqad yaranır.
   
   Şamanlıq
   
   Şamanlıq şamanın vəcd halında cuşa gələrək ruhlarla əlaqəyə girməsini özündə ehtiva edir. Bu etiqada görə, insanlara üz verən bədbəxt hadisələrin və uğursuzluqların səbəbkarı şər ruhlardır. Şaman insanlar aləmi ilə ruhlar aləmi arasında vasitəçidir. Şamanlıq irsən də keçə bilir, xüsusi vergi kimi də gələ bilir. Şaman olmaq üçün daxilən pak olmaq, hər cür çətinliklərə dözməyi bacarmaq gərəkdir.
   
   Atəşpərəstlik
   
   Odun, atəşin müqəddəsliyinə inam-etiqad atəşpərəstlik adlanır. Dinin bu forması Azərbaycan, İran, Orta Asiya və Hindistanda tarixən geniş yayılıb. İnsan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyan od əvvəlcə Allahın bir əlaməti hesab olunub. Zaman keçdikcə insanlar odu müqəddəsləşdirib, sitayiş məbədinə çeviriblər. Atəşpərəstlərə görə, od hər bir çirkinlikləri və rəzaləti yox edəndir. İnsanlara təmizlik və xoşbəxtlik gətirəndir. Buna görə də odun sönmədən daim yanması üçün müəyyən yerlər - məbədlər tikiblər. Həmin məbədlərdə oda sitayiş ediblər.
   
   Savalan Fərəcov