Füzuli sözü və Üzeyir musiqisinin yaratdığı möhtəşəm sənət barigahı
   
   Leyli və Məcnun dedikdə hər bir insanın qəlbində zərif bir tel titrəyir. Bu ilahi eşqin səsidir. Bu eşqi sözə və səsə çevirənlər isə ilahi istedad payı olan dahilərdir. Bəli, söhbət ölməz Füzulinin söz dünyasına musiqi çələngi hörmüş dahi Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasından gedir. 
      
   XVI əsrdə yazıb-yaratmış Füzulinin söz dünyasını XX əsrdə Üzeyir bəy öz musiqisi ilə daha da rövnəqləndirdi. Əslində bu əsər, yəni Füzulinin söz dünyası Üzeyir bəyin fikirlərinə o, hələ 12 yaşında Şuşada olarkən hakim kəsilmişdi. Bəlkə də Üzeyir bəyin bəstəkarlıq eşqinin təməli məhz «Leyli və Məcnun»dan başlayır. Bu yerdə bəstəkarın bir xatirəsini yada salaq. Üzeyir bəy yazır: «Mən 1897-ci ildə 12 yaşında ikən Şuşada bir tamaşaya baxmışdım. «Məcnun Leylinin məzarı üstə». Hələ o zaman mənim ürəyimdən operaya bənzər bir əsər yaratmaq keçmişdi».
   O, 12 yaşında düşündüyünü 22 yaşında mükəmməl şəkildə həyata gerçəkləşdirdi. Üzeyir bəy 1907-ci ildə yazmağa başladığı «Leyli və Məcnun» operasını dostlarının köməkliyi ilə 1908-ci il yanvarın 12-də (yeni təqvimlə yanvarın 25-də) səhnələşdirdi.
   Bu yalnız Azərbaycan üçün deyil, Şərq dünyası üçün önəmli bir tarixdir. Çünki bu tarix Şərqdə opera janrının yaranması günüdür. Özü də elə bir opera janrının ki, onun dünya musiqi tarixində analoqu yoxdur. Bu da muğam operası janrıdır.
   Gəlin, bu məsələyə bir qədər aydınlıq gətirək:
   Bildiyimiz kimi, opera əsası Qərbdə qoyulmuş klassik musiqi janrıdır. Qori Müəllimlər Seminariyasında mükəmməl təhsil alan, musiqi sənətinin sirlərinə bələd olan və xüsusən də bu janrın tələblərini, qayda-qanunlarını mənimsəyən Üzeyir bəy elə bir əsər yaratmaq niyyətində idi ki, ilk növbədə həmin əsəri xalqı sevsin. Bu yerdə dahi sənətkarın bir deyimini də xatırlasaq onun məqsədini daha dolğunluğu ilə ifadə etmiş olarıq. Üzeyir bəy yazır: «Əgər bir musiqi sənin öz xalqının xoşuna gəlirsə, bil ki, o, bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər olacaq». Məhz daim belə düşündüyündən Üzeyir bəyin əsərlərini bütün dünya xalqları sevir. O sevilən əsərlərdən biri də «Leyli və Məcnun» operasıdır.
   Üzeyir bəy ilk muğam operasını yaratmaqla öz dediyi kimi xalqın öz sərvətini özünə qaytarmış oldu. Çünki xalqımızın ruhu daim muğam üstə köklənib. Həm muğamlar, həm də Füzulinin qəzəlləri xalqın sevə-sevə dinlədiyi sənət nümunələri olduğundan Üzeyir bəy də öz yeni ideyasını, yəni opera yazmaq məqsədini məhz bu istiqamətdə həyata keçirməyi düşünərək, Qərb musiqi elementləri ilə milli musiqimizin üzvi şəkildə sintezini yaradır.
   Bu yerdə «Leyli və Məcnun» operasının musiqi dili haqqında bəzi məqamları qeyd edək. İlk növbədə onu qeyd etməliyik ki, M.Füzulinin eyniadlı poeması əsasında yazılan bu operanın libretto müəllifi Üzeyir bəy özüdür. O, poemanın məzmununu, şeirlərini olduğu kimi saxlamış, orta əsr Şərq aləminin ziddiyyətini daha qabarıq şəkildə vermişdir. Əsərin əsas musiqi materialı olan muğamlar ənənəvi opera formalarını - ariya, reçitativ, vokal ansamblları, yəni duet, trio və s. əvəz edir. Qəhrəmanlar öz düşüncələrini, hiss və həyəcanlarını, məhəbbət etiraflarını məhz muğamlarla ifadə edirlər. Bunun üçün də Üzeyir bəy muğamlardan yerli-yerində istifadə edərək onları obrazların xarakterinə uyğun seçir. Məsələn, əsərin I pərdəsində Leyli və Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhinin xoş ahəngi həm lirik, həm də mübarizə əzmi aşılayan “Mahur-hindi” muğamı ilə verilir. Sonrakı pərdələrdə isə yəni artıq talelərinin faciəviliyini anlayan aşiqlərin kədər dolu düşüncələri o emosional hisslərə uyğun “Şur”, “Bayatı-Şiraz”, “Segah” kimi muğamlarla ifadə olunur. Bu cəhət digər obrazlara da şamil edilir. Məsələn, oğlunun vəziyyətindən narahat olan Məcnunun atası I pərdədə bu hisslərini “Cahargah” muğamı üstə oxuyur. Nofəlin cəngavər obrazı üçün Üzeyir bəy mətin, marş xarakterli “Heyratı” zərbi muğamından istifadə edir və s.
   Muğamlardan başqa Üzeyir bəy operada xalq mahnı melodiyalarından da istifadə etmişdir. I pərdədə mədrəsə şagirdlərinin xoru - «Evləri var xana-xana», qızlar xoru -«Bu gələn yara bənzər» və s. Operada Üzeyir bəyin bəstələdiyi orijinal musiqi nümunələri də xalq musiqisi ruhundadır. Həmin musiqi nümunələri əsasən səhnələri əlaqələndirən orkestr boyaları ilə verilir. Bunlar Üzeyir bəyin fərdi musiqisi olsa da sırf milli koloritlə bağlıdır.
   Operada xor səhnələri də xüsusi yer tutur. Məhz bu xorları da birsəsli olmasına baxmayaraq Azərbaycanda xor musiqisinin təməli hesab edə bilərik.
   Ümumiyyətlə, «Leyli və Məcnun» operası əsrlər boyu təşəkkül tapmış, Azərbaycan musiqi mədəniyyəti haqqında tam, mükəmməl təsəvvür yaradan professional sənət əsəridir. Bu əsəri şifahi ənənəli Azərbaycan musiqisinin ensiklopediyası və Şərqin ilk professional musiqi əsəri adlandırmaq olar. Təbii ki, belə bir möhtəşəm əsərin musiqi dili, bədii məzmunu, obrazların xarakteristikası, quruluşu və s. cəhətləri barədə çox danışmaq olar. Kifayət qədər tədqiqatçılar, musiqişünaslar da bu barədə yazıblar, elmi araşdırmalar aparıblar. Bir sözlə, mənbələr də var. Odur ki, əsərin digər cəhətlərinə qısa da olsa nəzər yetirmək istərdim. Bu da ifaçılarla bağlıdır. Çünki “Leyli və Məcnun”un əbədiyaşar bir əsər olmasında ona səhnə taleyi verən ifaçıların da xidmətləri böyükdür.
   Bu yerdə tarixi sənədlərə müraciət edək .“Leyli və Məcnun»un ilk tamaşasının rejissoru H.Ərəblinski, dirijoru Ə.Haqverdiyev olmuşdur. Rollarda Məcnun - H.Sarabski, Leyli - Ə.Fərəcov, İbn Səlam - C.Dağıstani, Məcnunun anası - M.Kazımovski, Məcnunun atası - Mirzə Muxtar, Leylinin atası - İ.Qasımov, Leylinin anası - C.Vəzirov iştirak etmişlər. Əlbəttə, o dövrdə bu tərkibi yığmaq da elə asan olmayıb. Bunun üçün Üzeyir bəy el-el, oba-oba gəzərək xüsusən Leyli obrazını oynayan ifaçı axtarıb. Leyli rolunun ilk ifaçısını - Ə.Fərəcovu Gəncədə tapıb. Orada qonaq olan Üzeyir bəy gənc oğlanın çay paylayarkən zümzüməsini eşidir və atasından icazə alıb onu Bakıya gətirərək Leyli roluna hazırlayır. Lakin ilk dəfə səhnəyə çıxan gənc oğlan qadın rolunda çıxış etməyi özünə sığışdırmayıb, hətta deyilənə görə I pərdədən sonra səhnəni tərk etmək istəyib. Bir təhər əsəri sona qədər oynamağı ondan xahiş edirlər. Bu da onun səhnədə ilk və son çıxışı olur. Sonralar isə Leyli rolunu Üzeyir bəy xalası oğlu Əhməd Bədəlbəyli (Ağdamski) ifa edir. O, Üzeyir bəyə xətrinə bu işi öz üzərinə götürür.
   Bu və ya digər çətinliklərlə səhnəyə ayaq açan «Leyli və Məcnun» operası 103 illik taleyində neçə-neçə sənətkarın yoluna işıq saçıb. Rejissorlardan S.Dadaşov (1935-1958), M.Məmmədov (1955-1976), F.Səfərov (1994) operanın quruluşunu vermiş və ona yeni səhnə təcəssümü bəxş etmişlər. Bu illər ərzində opera səhnəmizə neçə-neçə Leylilər və Məcnunlar gəlmişdir. Onlardan Leylilər S.Qacar, H.Rzayeva, G.Həsənova, R.Muradova, S.Qədimova, Z.Xanlarova, Q.Quliyeva, S.İsmayılova, A.Bayramova, G.Məmmədova, N.Teymurova, Məcnunlar- Ə.Sadıqov, Q.Əsgərov, Ə.Əliyev, H.Hacıbababəyov, B.Haşımov, Ə.Mehdiyev, B.Mahmudoğlu, A.Babayev, C.Əkbərov, A.Qasımov, M.İbrahimov kimi dünənin və bu günün yaddaqalan ifaçılarının adlarını çəkə bilərik. Bu sənət nəslinin şəcərəsi hələ davam edir. Bu gün də səhnəyə yeni-yeni Leylilər və Məcnunlar gəlir. Onlar da özlərindən əvvəlki ifaçılıq məktəbinə əsaslanırlar.
   Nə qədər yeni ifaçılar yetişsə də, «Leyli və Məcnun» kimi möhtəşəm bir əsər heç vaxt aktuallığını itirməyəcək. Çünki bu əsər elə bir tərzdə yazılıb ki, ona müraciət edənlər əsəri ifa etdikcə daha da püxtələşirlər.
   Bu yerdə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin bəzi fikirlərini diqqətə çatdırmaq istəyirəm: «Mən dəfələrlə «Leyli və Məcnun» operasına quruluş vermişəm. Hər dəfə bu əsərdə nə isə özüm üçün yeni bir şey kəşf etmişəm. Bunun da ən başlıca səbəbi əsərin möhtəşəm, əlçatmaz bir sənət nümunəsi olmasındadır. Belə ki, bu əsər tam və mükəmməl şəkildə yazıldığından o, əlavə heç nə tələb etmir. Sadəcə həm ifaçıdan, həm rejissordan əsəri düzgün qavramaq və bədii məzmun yaratmağı bacarmaq qabiliyyəti tələb olunur. Füzuli şeirinin mahiyyəti Üzeyir bəyin musiqisi ilə elə çulğalaşıb ki, bu əsər bizim üçün bir həyat və sənət məktəbinə çevrilib. Gərək bu məktəbi düz mənimsəyək».
   Sonda kiçik bir qeydimi də bildirmək istərdim. «Leyli və Məcnun» operasının mətni Füzulinin eyni adlı poeması əsasında olduğu halda əsərin sonunda - Leylinin ölüm səhnəsində Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın «Ölürəm» rədifli qəzəli oxunur.
   
   Varımdır sinədə dərdü,
    qəmü nihan ölürəm
   Fəda olum sənə gəl
    eylə imtahan, ölürəm.
   
   Təbii ki, Natəvan xanım da ölməz söz sərrafıdır. Amma hər halda Füzulinin əsərini başqa şairin misraları ilə bitirmək bəlkə də düz olmaz. Əslində həmin səhnədə Füzulinin «Xoşdur nə qədər eyləsə yarım cəfa mənə» misrası ilə başlanan qəzəli oxunmalıdır. Zənnimcə, sənətsevərlər mənim bu fikrimlə razılaşarlar.
   Çünki «Leyli və Məcnun» elə bir əsərdir ki, onu layiqincə qorumaq, layiqincə ifa etmək bizdən və sənətkarlardan böyük məsuliyyət tələb edir. Ən başlıcası ona görə ki, Füzuli sözü Üzeyir bəy musiqisi ilə elə möhtəşəm bir sənət barigahı yaradıblar ki, o, toxunulmazdır.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas