Tanınmış rəssam Fəxrəddin Əli 20 Yanvarla bağlı xeyli əsərin müəllifidir. 20 Yanvar hadisələri Fəxrəddin Əlinin yaradıcılığında tamamilə dönüş yaradıb. Bir ilə yaxın gərgin zəhmətin nəticəsində "Şəhidlər" adlı irihəcmli xalçanı araya-ərsəyə gətirib. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhidlərin obrazları əks olunub. Xalçada Araz çayı xalqımızı iki yerə bölən simvol kimi təsvir edilib. 20 Yanvar qırğınının təsviri, qərənfil obrazı xalçada sənətkarlıqla canlandırılıb. Əsər həm də obraz zənginliyi ilə diqqəti cəlb edir. “Bu əsərlə göstərməyə çalışdım ki, Azərbaycanın başına nə qədər faciələr gəlsə də, tarixən bir olduğu kimi, hər zaman da bir olacaq”.
   1991-ci ilin 20 Yanvarında bu xalça-əsər Şəhidlər xiyabanına ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılıb.
   Hazırda “Şəhidlər” xalçası qanlı tariximizi əks etdirən sənət əsəri kimi Dövlət Tarix Muzeyində qorunub saxlanılır. 

   T.Vahid