Milli qurbanlığın 21 yaşı...
   
   Bəli, milli qurbanlığın! Vətənə, Azadlığa fədalığın...
   Ərlik, ərgənlik yaşınız mübarək, istiqlal qurbanları! O Gecəyə ata kimi gedib canını fəda edəni babalıqdan, ana kimi gedəni nənəlikdən, subay kimi yürüyəni təkcə bəylik-gəlinlikdən, kam almaqdan yox, həm də törəməlikdən məhrum olanlar!..

   
   Nədir, noolub, iyirmi bir il ötsə də, dilimdən ağı sədaları, qələmimdən gah acı, gah fəxri nidalar düşmür! Bir dur görüm, mərə kafir, digər durğu işarələrinə yer yoxmu? Məsələn, elə bu son cümləmincə sonundakı işarəyə?..
   Hə, «Bu dünya bir pəncərədir - hər gələn baxar, gedər»? Bəs siz niyə o Gecəyə pəncərədən baxmadınız, mənim kimi? Şimşək kimi çaxdınız, ildırım tək düşüb getdiniz! Siz küçələrdə al-qırmızı qanınızı axıtdınız, mən isə evimdə göz yaşlarımı...
   Bir şahid olaraq, indiyə qədər qədrinizi yalnız ildönüm yazı-pozularıyla qutlaya bilmişəm, şəhid qardaş-bacılarım! Bu uzun illər, saysız həftələr, füzun gecələr sizin o qanlı və şanlı Gecənizə «Qızıl gül əsdi...», «Bu məzarlar həyat yazarlar!», «Sınıq, «əlil», lakin müstəqil qərənfil», «O gecəyə açıq məktub», «Yazıya pozu...» kimi - heç bir yaraya məlhəm, söküyə bükü olmayan yazılar yazmışam. Hərdən vaxt tapıb yenidən göz gəzdirdikcə isə, görmüşəm ki, bunların hamısı birlikdə sizin o bircə gecədə yazdığınız epopeyanın yarımca sətrinə də dəyməz, ey müstəqilliyimizin təməl daşları!
   Ay yenicə evlənmiş şəhid, təzəcə gəlmiş gəlini gərdəkdə qoydunmu? Yenicə nişanlanmış cavan, üzüyün tabaqda qaldımı? Gözaltılı dəliqanlı, nədən yumdun gözlərini - qəlbini yara açmamış? Deyikli qız, niyə ona söz deməmiş, göz ağladın?..
   Bağışlayın, yordum sizi suallarla. Diksindirdim nidalarla... Nə etməli, siz istiqlal süfrəmizdə fəda-ölüm şərbətini içəli, Vətən və Azadlıq uğrunda canınızdan keçəli - bizlər də borc altındayıq, ey üstünlər!
   «Ruhun gözü Nuhunkundan işıqlıdır» deyiblər. Bir baxın, görün şahidlər, qazilər neyləyir o Gecənin hər ildönümündə. Hələ misli görünməyib bu sayğının, qələbəliyin. Hələ belə bir törən görən olmayıb yer üzündə. Övlad-uşağı olmayan sonsuzlar da «oğul vay!» deyib ağlayırdı o Gecə, ey hər biri hamının balası şəhidlər!..
   Hərəniz bir yaşda, qurbanlığınızın yaşı isə eyni: iyirmi bir! Adlarınız çeşid-çeşid, şərəf-sanlarınız isə eyni: şəhid! Beşik ünvanlarınız müxtəlif, məzar məkanınız isə eyni: Şəhidlər xiyabanı!
   ... İndi deyəcəyim sözlərə görə məni qınamasın ruhunuz; həmin Gecə o küçələrdə, həmin o qırğın «kampaniyasında» siz ölümü necə qarşılayıb, onunla necə birləşmişdiniz ki, o cür xoşbəxt və qalib görünürdünüz? Hamınız kürəyinizi torpağımıza söykəyib, qollarınızı yana açıb, üzünüzü səmamıza tutmuşdunuz! Qolunun biri, ya ikisi də kəsiləninizsə, elə bil, çiyninizi bir az yuxarıya, ucalığa - bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzamışdı...
   «Kürəyinizi torpağımıza söykəmişdiz» dedim, yadıma siz haqda ilk dəfə - 1990-cı il yanvarın 25-də yazdığım («Qızıl gül əsdi...») yazımın «uvertüra»sı düşdü: «Sən necə qənirsiz gözəl , necə sevgili canan, necə yaraşıqlı yarsan ki, heç kim səni bir-birinə qısqanmır, hamı istəyir ki, səni hamı sevsin, Vətən?!.»
   
   Tahir Abbaslı