Əgər yoxluğundan sonra kimsə səni xoş bir xatirə ilə yad edəcəksə, bu dünyada yaşamağa dəyər
   
   Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının beş ilinin tamam olduğu bu günlərdə əldə olunan çoxsaylı uğurlar, nailiyyətlərlə yanaşı, vaxtilə nazirliyin strukturlarında çalışmış, əməksevərliyi, peşəkarlığı ilə rəğbət qazanmış və bu dünyadan vaxtsız getmiş insanlar da ehtiramla xatırlanır. 
      
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri, Əməkdar incəsənət xadimi, professor Leyla Axundzadənin 2010-cu ilin fevralında faciəli şəkildə dünyasını dəyişməsi həmkarlarının, vaxtilə birgə çalışdıqları sənət xadimlərinin yaddaşından hələ də silinməyib. 1990-cı ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət tarixi kafedrasının, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi kafedrasının müdiri vəzifəsində çalışan Leyla Axundzadə Azərbaycan, Türkiyə, Almaniya, İtaliya və Rusiya mətbuatında nəşr olunmuş müasir Azərbaycan incəsənətinin problemlərinə dair 40-dan çox məqalənin, incəsənət ixtisaslı tələbələr üçün nəzərdə tutulan çoxsaylı tədris proqramlarının müəllifi idi. O, Azərbaycan incəsənətinin təbliğ olunması işinə böyük töhfələr vermiş, 2000-ci ildə gənc rəssamları, sənətşünasları və musiqiçiləri birləşdirən “Zamanın qanadları” assosiasiyasını yaratmışdı. Azərbaycanda ilk dəfə 2003-cü ildə “Alüminium” Beynəlxalq müasir incəsənət Biennalesinin təşəbbüskarı və təşkilatçısı olmuş, 2005, 2007, 2009-cu illərdə Biennalenin uğurla keçirilməsində əvəzsiz xidmətlər göstərmişdi. 2007, 2009-cu illərdə beynəlxalq aləmdə məşhur olan mədəniyyət layihəsi - İtaliyada “Venesiya Biennalesi»ndə Azərbaycan pavilyonunun təşkilatçısı və kuratoru kimi incəsənətimizin dünyada tanıdılmasına öz töhfəsini vermişdi. L.Axundzadə bu fəaliyyəti ilə Azərbaycan incəsənəti ənənələrini müxtəlif xarici ölkə xalqlarının nümayəndələrinə sevdirə bilmişdi. 2010-cu il fevralın 10-da faciəli şəkildə dünyasını dəyişsə də, Leyla xanımın işıqlı xatirəsi qəlblərdə, yaddaşlarda yaşayır.    

    * * *
    Xatirələrdə yaşayan insanlardan biri də uzun illər Mədəniyyət Nazirliyinin, daha sonra isə Mədəniyyət və Turizm Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri işləmiş Dilarə İbrahimovadır. Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) iqtisadçı ixtisası üzrə bitirən Dilarə xanım 1961-ci ildən 1965-ci ilədək Bakı hava limanında uçot üzrə texnik vəzifəsində, 1965-ci ildən 1977-ci ilədək Daxili İşlər Nazirliyində iqtisadçı vəzifəsində, 1977-ci ildən 1983-cü ilədək Zaqafqaziya Magistral Neft Kəməri idarəsində mühəndis, şöbə rəisi işləmişdi.
   Daha sonra peşə həyatını mədəniyyət sistemi ilə bağlayan Dilarə xanım 1983-cü ildən 2006-cı ilədək Mədəniyyət Nazirliyinin, 2006-cı ildən isə Mədəniyyət və Turizm Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdı. İşinə qarşı olduqca diqqətli və məsuliyyətli olan Dilarə xanım 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
   2010-cu il martında dünyasını dəyişən Dilarə xanımın işıqlı xatirəsi onu tanıyanlar tərəfindən hər zaman yad edilir.
   
   Təranə