Qəzəl ustadı, gözəl səyyadı, qafiyələr ağası Əliağa…
   
   Əliağa Vahid. Xalqın, «xalq şairi» adı verilməmiş vahid, «əsl qeyri-vəsl», «yeganə, nəfsi-nama biganə», «bir danə, dərdaneyi-mərdanə», «mahiri-bədiyyə», «məşhuri-qəzəlxan», «məsti-gözəlcan» şairi...
      
   Doğuldu Masazırda (18.02.1895), yaşadı-yazdı Bakıda, müvəqqəti cisim dünyasını əbədi haqq və ədəbi isim dünyasına dəyişdi (01.10.1965) Azərbaycanda. Qələmə aldığı və aldırdığı sanılı şeirlərdən əlavə, o, qəlbində saysız qəzəllər apardı və şəxsində gələcək oxucuları üçün qapalı məsələlər, butalı məsəllər də qoyub getdi...
   
   Öncə «məsələ»lər
   
   O məsələ ki ictimai müzakirəyə, elitar mühakiməyə, məhəlli mübahisələrə, ən nəhayət, xeyirxah şübhələrə səbəb olmur, o, məsələ deyil. Məncə, «xalqın, «xalq şairi» adı verilməmiş vahid, «əsl qeyri-vəsl» şairi» «subyektiv»im dediyim obyektivlərə səbəb olmamış olmaz. Elə məsələlər var ki, onların çözümünü, daha ciddi problemlərlə məşğul olan rəsmi dairələrdən, rəyasət səviyyələrindən gözləmək - hətta, ummaq belə - düzgün deyil. Amma, öz aramızdı, xalq içrə daim qövr edən bu tövr məsələlər haqda «dördüncü hakimiyyət»in də susması düzgün deyil.
   Əliağa Vahid çevrəsinin tez-tez işlətdiyi ifadələrdən birinə («yerin məlum») təşbehlə desək, məsələ məlum. Yəni bütün bəni-adəm məziyyətləri, geyim-deyim tərzi ilə xalq əba-qəbasından çıxmış bu şairə, aşiqlik inqilabından özgə heç bir siyasi təhlükəliliyi olmayan bu sailə (bir para maddi imtiyaz və mənəvi titullar bir yana) sənətkar üçün ən məhrəm təltifat olan «xalq şairi» adı verilməyib. Niyə? «Görəsən, niyə?» yox a, sadəcə, niyə? «Görəsən, niyə»nin hədəfi o dövrün Dövlət, Lenin, Stalin mükafatları ola bilər. Söhbət o dövr məclislərinin, toy-düyünlərinin söz qəflə-qatarının «qara poyuz»undan, qəzəliyyat-gözəliyyat kanından gedir. Azərbaycanın kəlam saraylarında, hikmət odalarında, ağır xanəndələrin çal-çağırxanalarında Nizami, Füzuli, Nəbati, Seyid Əzim kimi ustadlara dabanqırma qoşulmaqda olan bir varisdən bəhs olunur. Dünyayi-aləm üzrə yağla şora fərq qoymamaqda, hər şeydə ağ eləməkdə qırmızı qarğa kimi seçilən sovet dövranı acığına «Səni zəmanə yetirməz dübarə - bir dənəsən» deyə, sənətkarlığın ən vacib «maddə»lərindən olan təvazökarlığa «təcavüzkarlıq» edən təpədən-dırnağa bədii «bakılı balası»ndan danışılır.
   Hə, həmin suala dair «davam edir - 37» və sair. O vaxt sağa-sola paylanan ayağı sayalı mükafatlardan niyə bu bəlalı şairə də verilməyib? İçirmiş? Görəsən, bu «əxlaq kodeksi»ni bizə «kaçay-kaçay» edən Rusiyadakılardan da çoxmu içirmiş? Yeri gəlmişkən, SSRİ-nin tərkibinə «könüllü» daxil olmağımıza bir könüldən min könülə aşiq olmuş «revolyusioner», «patava» ayamalı Mirbəşir Qasımovun Mərkəzi Komitədə - Moskvadan gəlmiş nümayəndələr qarşısında, rusca bilmədiyindən dili topuq vura-vura etdiyi bir cümləlik «tarixi» çıxışı da («Balşoy Rassiya Azırbeycana kultura kaçay-kaçay, malinkiy Azırbeycan isə Rassiyaya nöyüt kaçay-kaçay») da Əliağa Vahidin bədahət «nəşriyyat»ı vasitəsilə yayımlanıb.
   Deyirəm, bəlkə, bizim bu qəzəl-gözəl ustadımızın nakam getdiyi o məsələ, elə bu kimi «eybicu»luq «şuluqluq»larına görə baş tutmayıb?..
   Hələ onun Fəxri xiyabanda «dəfn edilib-edilməməsi» ilə əlaqədar dilemma! Cənazə arxasınca yürüyən xalq sevgi dolu komanda ilə «sağa, sağa!» hayqırır, Respublikanın o vaxtkı I katibinin «təsadüfən» Moskvada olmasından çaşıb qalmış yüksək çinli məmurlar isə «sol, sol!» deyə izdihamın ağzını Fəxri xiyabandan yayındırmaq istəyirmiş.
   Belə-belə «məsələ»lər...
   
   İndi də məsəllər
   
   Məsələn, «Yaxşılıq elə - at dəryaya, balıq bilməsə də, Xaliq bilər»...
   Bu «malinkiy» Azərbaycanımızın yeraltı-yerüstü yatırını SSRİ xəzinəsinə yatıranları«mız», milli ilham-istedad «xammalımızı» vəsfi-ixrac edənləri«miz» nə qədər pislik edib Vahidi sənət dəryasından qırağa - quruya yox, quru yerə çıxarmağa çalışsalar da, Xaliq onu öz sevgisindən, xalq onu öz öygüsündən xali qoymadı.
   «Keçəlliyimi neynirsən, keçərliyimdən danış»...
   Ana torpağımızın ata avaz məbədi yanında - Azərbaycan Dövlət Filarmoniyasının aşağı başında yerin bağrından dikələn abidəni xatırlayın. Yolunuz düşəndə daha diqqətlə baxın. Maraqlı və möcüzəvi deyilmi ki, heykəllər içrə bucürlük, bu sayaq yeklik, vahidlik məhz Əliağa Vahidə qismət olub?! Böyük Yaradan bu abidənin yaradıcısının tişəsinə göz qamaşdıran, könül naxışlayan palıd rişələri ərməğan edib, xan çinarvari duruş, hikmət dolu qırım-qırış, qartal sürətli, sənət surətli daş «qafiyələr» pıçıldayıb...
   «Əks-səda ədadan yox, sədadan yaranar»...
   Məclis-mərəkələrə qulaq verin. Ziyadə milli, pərvanə vətənpərvərsinizsə, buyurun: «Vahid, sorma Vətən - nədən yaxşıdır, Gülüstanlar mənə xəndan göründü». Məcnunluğunuz tutub? Neynək: «Qınayan olmasa, sənin dalınca, Qapınıza qədər gələrəm özüm». Cananınızın bənzərsizlik «eqo»suna yoluxmusunuz? Alın, gəldi: «Gözəllər içrə sən ey mahi-parə bir dənəsən, Bu sirri gizli deyil, aşikarə - bir dənəsən!». Bəlkə sevgi rəsmiyyətlərindən bezmisiniz? Onda təzə bir bədii məzə: «Könül, ol şuxə yaxınlaşma, onun əngəli var, Məndə belə «gözəllər»in düz bir düjün cədvəli var...»
   
   Vahid müasirliyinə misallar
   
   Bu dövlətin bu millət şairinin adı, şöhrət-şanı hər dönəmdə önəmlənir. Yubileyləri sərgilənir, ildönümləri qeyd olunur, haqqında gözəl yazılar dərgilənir, mətbulanır, hər ləhzədə qutlanır.
   Dövlətin dəstəyi ilə düzənlənən muğam festivallarında ayrıca «Vahid axşamı» naxışlanır...
   Misilsiz «Muğam evi»ndə böyük ustadlarımızla bərabər, bəradərimiz Əliağa Vahidin də abidəsi böyük mədəniyyət vahidimiz kimi canlanır...
   
   Tahir Abbaslı