1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi qətliamdan 19 il ötür. Bu faciənin, hər şeydən öncə, dəhşətli statistikası var. 
      
   Xocalı qırğınında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini erməni əsirliyinin dəhşətini yaşayıb. 150 nəfərin aqibəti indiyədək naməlumdur. Qırğın nəticəsində 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb.
   Amma Xocalı dəhşəti təkcə bu statistika ilə ölçülmür. Bu hadisə Azərbaycanın Qarabağ müharibəsində aldığı ən həssas zərbə və sonrakı məğlubiyyətimizi qismən labüd edən bir faciə oldu. Xocalı qətliamı Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoydu. Xocalını qoruya bilməməyimiz bütövlükdə Qarabağ müharibəsinə nə dərəcədə hazırlıqsız olduğumuzun bariz göstəricisi idi.
   Xocalı şəhərinin ermənilər tərəfindən mühasirəsi 1991-ci ilin oktyabrında başlamışdı. Xankəndi ilə Əsgəran arasında strateji nöqtə olan Xocalının ələ keçirilməsi ermənilər üçün müstəsna məqsəd idi.
   1991-ci il oktyabrın 30-da Xocalı ilə avtomobil nəqliyyatı tamamilə kəsildi və ara-sıra görünən vertolyotlar 2500-dək əhalisi ilə mühasirədə qalan Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndindən atılan raketlə vurulmasından (40 nəfər həlak oldu) sonra Xocalı ilə hava əlaqəsi də kəsildi.
   Həmin dövrdə Azərbaycan hakimiyyətinin Qarabağı qorumaq iqtidarında olmadığı aşkar idi. Yaranmaqda olan Milli Ordu siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu-fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına Bakıdakı hakimiyyət dəhlizlərindən göstərilən biganəlik Xocalıya münasibətdə də eyni idi. Kritik vəziyyətdə başını itirən hakimiyyət iflas həddində, müxaliflər isə hakimiyyət davasında idilər. Güc nazirliklərinin "həftəbaşı" dəyişdirilməsi biabırçı norma halını almışdı. Xocalının işğalı ərəfəsində, fevralın 17-də (Xocavəndin Qaradağlı kəndinin 70-dən çox sakini qətlə yetirilən gün) Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edildi. Orduya rəhbərlik "hansı məzhəbə" qulluq etdiyi bilinməyən general Şahin Musayevin (Baş Qərargah rəisi) öhdəsinə buraxıldı.
   Bir gün sonra, fevralın 18-də Tahir Əliyev Ağdamın, Rəhim Qazıyev isə Şuşanın hərbi komendantı təyin edildi. Xocalının süqutunu məhz Ağdam və Şuşadakı hərbi qüvvələrin köməyi ilə önləmək olardı. Lakin bu şəxslər Xocalının deyil, daha yüksək vəzifənin peşində idilər...
   Xocalı qırğının dəhşətlərini zamanında, operativ olaraq dünyaya tanıtmaqda da gecikdik. Qırğından yalnız 3 gün sonra, fevralın 29-da ölkədə milli matəm barədə fərman verildi. Erməni vandalizminin, dəhşətli təcavüzün miqyası barədə dünyanın xəbərdar edilməsi Çingiz Mustafayev kimi vətənpərvər jurnalistlərin öhdəsinə düşmüşdü.
   Xocalı qətliamından bir həftə sonra, martın 3-də Ali Sovet dünya dövlətlərinə “dişsiz”, qeyri-müəyyən bir müraciət etdi. Müraciətdə Xocalı qətliamının törədilməsində bilavasitə iştirak etmiş, keçmiş SSRİ-nin (faktiki olaraq Rusiyanın) 366-cı motoatıcı alayının adı çəkilmirdi. Moskvanın diktəsi ilə oturub-durmağa öyrənmiş Mütəllibov hakimiyyəti bu faktı gözardı etmişdi. Xatırladaq ki, bu zaman Azərbaycan artıq BMT-nin üzvü idi (martın 2-də qəbul olunmuşdu) və Xocalı faciəsinə qiymət verməyi beynəlxalq birlikdən ən sərt şəkildə tələb edə bilərdi.
   Nəhayət, martın 5-də Ali Sovetin fövqəladə sessiyası çağırıldı. Sessiya Xocalı qırğını ilə bağlı çağırılsa da, hər şey hakimiyyət davası üzərində kökləndi. Hakimiyyət dəyişdi, iki ay sonra, 1992-ci ilin mayında Xocalı faciəsinə həsr olunan daha bir parlament sessiyası növbəti hakimiyyət dəyişikliyinə meydan oldu. Sonrası isə bəllidir.
   Xocalı harayının beynəlxalq birliyə, dünya dövlətlərinə çatdırılması barədə praktik olaraq düşünən yox idi. Xalq da özünə qapılaraq bu faciəyə için-için ağlayırdı.
   Bir il ötdü, 1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" prezident fərmanı da kağız üzərində qaldı.
   Halbuki bu, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq diqqətə gəldiyi, beynəlxalq müstəvidə sülh danışıqlarının başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübut etmək üçün təbliğat maşınını tam gücü ilə işə salmışdılar. "Sumqayıt olayları" bütün dünyanın gözünə soxulurdu. Xocalıdan isə dünya hələ bixəbər idi.
   1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağıran müraciət edildi. Ötən dövrdə Xocalı gerçəyinin dünyaya tanıdılması, Ermənistanın sovet (Rusiya) hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar dərc olunub, sənədli filmlər çəkilərək yayılıb.
   Amma ötən 19 ilin tamamımda bir daha qeyd etməyə məcburuq ki, görülən bütün işlər hələ də azdır. Beynəlxalq birliyin Xocalı gerçəyinin miqyasından tam xəbərdar olması, bu qətliama beynəlxalq qiymət verilməsi üçün hələ çox iş görülməlidir.
   
   Vüqar Orxan    
   

    * * * 
    Xocalı rayonu
   (ümumi məlumat)
   
   Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdı. Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi.
   Rayonun sahəsi 0,97 min kv. km, əhalisi işğaldan öncə 24,4 min nəfər olub. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-iyində, Qarabağ silsiləsində yerləşib.
   
   
   * * *
   Xocalının mədəni irsi
   
   Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dovrünə aid nekropol, kurqan və s. var.
   Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dovrünə (e. ə. VIII-VII əsrlər) aid arxeoloji abidə XIX əsrdə aşkar edilib. Daş qutu və kurqanlardan ibarətdir.
   Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar cayının sağ və sol sahillərində XVIII əsrə aid «Əsgəran qalası» var. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dordkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları «Əsgəran qalası»nda aparılıb.
   Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiristanlıq var. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, «kilsəli» deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbiristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.
   Rayonun Kosalar kəndi ərazisində «Məhəmməd ağanın otağı» tarixi abidəsi, «Darılı Piri», «Ələm ağacı» ziyarətgahları və daş qəbirlər var.
   
   * * *
   İşğal nəticəsində dağıdılmış tarix-mədəniyyət və təsərrüfat obyektləri
   
   Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılıb.
   Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil müəssisəsi, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. məhv edilib