Şəkillər insan yaddaşını təzələyən, onu heç olmasa, bir anlıq da olsa, keçmişə qaytaran nəsnədir. Məsələn, rus yazıçısı Lev Tolstoyun qənaətinə görə, keçmişi yaxşı olanlar onu xatırlamaq üçün tez-tez şəkillərə baxır.
   
   Amma biz təkcə öz keçmişimizi deyil, tariximizi xatırlamaq, olub-keçənlərlə bağlı yaddaşımızı təzələmək üçün də şəkilləri nəzərdən keçiririk. Bu zaman isə heç də hər şey, Tolstoyun dediyi kimi, ürəkaçan olmur. Çünki bəzi şəkilləri nəzərdən keçirdikcə, tarixin sərt fraqmentləri ilə üz-üzə dayanmalı olursan. Tanınmış fotoreportyor İlqar Cəfərovla tariximizi onun çəkdiyi şəkillərlə vərəqləyirik.
   Dağıdılmış evlər, qaçqınlıq həyatı, sifətlərinə ümidsizlik nişanəsi hopmuş insanlar, insan cəsədləri - bu, yaşadığımız müharibənin ağ-qara fotolardakı əksidir. Bu şəkilləri gözdən keçirdikcə istər-istəməz içimizdə bir sual yaranır: hadisələrin içində olan fotoreportyor bu görüntüləri lentə alanda hansı hissləri keçirib?
   Həmsöhbətimdən bu suala cavab almazdan öncə onun haqqında qısa məlumat verək. İlqar Cəfərov 1960-cı ildə Gəncə şəhərində anadan olub. Kənd Təsərrüfatı İnstitutunu (İndiki Gəncə Kənd Təsərrüfatı Akademiyası) bitirsə də, fotoreportyorluğa olan həvəsi onu başqa səmtə yönəldib. SSRİ Fotojurnalistika Mərkəzində (Moskva) qiyabi təhsil alıb: “Fotojurnalistika təhsilimi başa vurduqdan sonra işləmək üçün Azərinforuma, indiki AzərTAc-a gəldim. O vaxtdan özümü bu sənətə bağlamışam».
   İşə qəbul ediləndən təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. 1992-ci ilin fevralı idi. Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini eşidən fotorepartyor Bakıya qayıdıb materialları təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu deyir: «Təsəvvür edirsiniz, mən insan cəsədlərini ilk dəfə Xocalıda gördüm. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim və bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmişdilər, hər birinin də cəsədi eybəcər hala salınmışdı. Mən bunların hamısını lentə almalı idim. Bu fotoşəkilləri bütün dünyaya göstərmək lazım idi. Başa düşürdüm ki, bir az soyuqqanlı olmaq lazımdır. Amma qətlə yetirilən qocaları, körpə, günahsız uşaqları görəndə dözmək olmurdu».
   Xocalının ardınca İlqar Cəfərov cəbhə xəttindəki digər rayonlara - Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Goranboy, Gədəbəy, Qazax və Tərtərə ezam olunur. Qarşılaşdığı yenə də eyni mənzərələr olur: qaçqın-köçkünlər, dağıdılmış evlər, yaralılar, qətlə yetirilmiş insanlar. Deyir, onu bu ezamiyyətlərin birində ən çox təsirləndirən yaşlı bir kişinin hönkür-hönkür ağlaması olub: «Uşaq yaşlarımdan yaşlı insanların kövrəlməsi mənə çox təsir edirdi. Dağıdılmış evinin yanında əyləşib hönkür-hönkür ağlayan qoca bir kişini görəndə həddindən artıq mütəəssir olmuşdum. Onun sifətində ümid adında hissdən heç bir əsər-əlamət yox idi. Elə kənd var idi ki, tamamilə darmadağın edilmişdi».    

   “Bir şəklin izi ilə”
   
   Çəkdiyi şəkillərə bir də nəzər salan, onlar haqqında şərh verən fotoreportyorun pessimist əhval-ruhiyyədən sonra, elə bil ki, çöhrəsində bir qədər təbəssüm yaranır. Buna səbəb «Bir şəklin izi» adlı fotoşəkildir. Sən demə, bu şəkil çəkdikləri əzab-əziyyətdən sonra bir ailəyə azacıq da olsa xoşbəxtlik gətirib. Fotoreportyor bunun tarixçəsini belə izah edir: «Bu ailə Qərbi Azərbaycandan, öz doğma ata-baba yurdlarından didərgin düşüb Xocalıda məskunlaşmışdı. Rayon işğal olunduqda oradan da didərgin düşürlər. Mən Xocalıda olanda bu şəkili çəkdim və şəkil qəzetdə çap olunandan sonra başladılar bu ailəni axtarmağa. Sonra onlara Şamaxının Mərəzə kəndində ev verdilər. Ona görə də şəkli belə adlandırdım».
   2003-cü ildə M.F.Axundov adına Milli Kitabxanada fotoreportyorun Qarabağa həsr olunmuş «Bir qəlbin harayı» adlı fərdi sərgisi keçirilib. İlqar Cəfərov peşəkar fotoreportyor kimi bir sıra mövzularda keçirilən müsabiqələrin mükafatçısı olub. Məsələn, «Rusiya Mətbuat Fotosu-2007» müstəqil peşəkar fotojurnalistika müsabiqəsində idman nominasiyasının qalibi olub. 2002-ci ildə isə Moskvada Beynəlxalq Anti-terror Təşkilatının fotomüsabiqəsində ikinci yeri tutub, 2003-cü ildə «Fotovideo» jurnalının keçirdiyi müsabiqənin, 2005-ci ildə Bakıda Milli Olimpiya Komitəsinin təşkil etdiyi «İdman, olimpiya, incəsənət» mövzusunda isə fotomüsabiqənin qalibi olub. Moskvada keçirilən «Biz idmanı seçirik!» və Avstriyada təşkil edilən «Təmiz dünya 2008» müsabiqələrində də qalib olub. Bundan başqa, o, Yaponiyada keçirilən nüfuzlu «"Nikon Photo Contest İnternational-2009"» fotomüsabiqəsinin qaliblərindən biridir.
   
   Mehparə