Azərbaycan
1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” (“Vışka”) qəzetinin ilk sayı işıq üzü görüb.
1 mart 1945 - Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub. Şeirləri, publisist yazıları dövrü mətbuatda müntəzəm nəşr olunur.
1 mart 1948 - Şair, yazıçı, publisist, tərcüməçi, riyaziyyatçı alim, professor Hamlet İsaxanlının doğum günüdür.
1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas, pedaqoq, rejissor, ssenarist, bir sıra filmlərin redaktoru Aydın Ərşad oğlu Dadaşov anadan olub.
2 mart 1945 - Tərcüməçi, nasir, publisist, dilçi alim, professor Zeydulla Abdulla oğlu Ağayev anadan olub.
2 mart 1960 - Milli Qəhrəman Məzahir İzzət oğlu Rüstəmov (1960 - 8.8.1992) anadan olub. 5 fevral 1993-cü il tarixli prezident fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
2 mart 1992 - Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. BMT-nin Baş Assambleyası keçmiş SSRİ-nin 8 respublikasını (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Moldova) BMT-yə qəbul edib. Baltikyanı respublikalar (Litva, Latviya, Estoniya) 1991-ci ilin dekabrında BMT-yə qəbul edilmişdi, Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi. Gürcüstan isə 1992-ci ilin iyulunda BMT-yə üzv qəbul edildi.
3 mart 1875 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Cümhuriyyət hökumətlərində xarici işlər və daxili işlər naziri postlarını tutub. 1920-ci ilin aprelində, bolşevik işğalı öncəsi «Müsavat»dan çıxaraq Azərbaycan kommunistlərinin sırasına qoşulub. İxtisasca memar olan Hacınski sovetləşmədən sonra xalq təsərrüfatında müxtəlif vəzifələr tutub, 1931-ci ildə Zaqafqaziya Diyar Partiya Komitəsinin rəhbəri L.Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında öldürülüb.
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M. Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı. M.Dilbazi, N.Xəzrinin şeirlərini isə fars dilinə tərcümə edib.
3 mart 1930 - Nasir Novruz İbrahim oğlu Əliyev anadan olub.
3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın Böyük Vedi kəndində (Ermənistan SSR Vedi rayonu) anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
Dünya
1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” kimi əsərləri ilə İntibah incəsənətinin ilk simalarından biri sayılır.
1 mart 1888 - Ukrayna-sovet yazıçısı, görkəmli pedaqoq Aleksandr Serqeyeviç Makarenko (1888-1939) anadan olub. “Pedaqoji poema” adlı romanı xüsusilə məşhurdur. 1930-cu ildə Bakıya (23-25 iyul) gəlib, Bibiheybət neftçilərinin həyatı ilə tanış olub, bu səfəri “30-cu ilin marşı” povestində təsvir edib.
1 mart 1892 - Yapon yazıçısı, yeni yapon ədəbiyyatının klassiki Ryunoske Akutaqava (1892-1927) anadan olub.
1 mart 1927 - Amerikalı müğənni, aktyor Harri Belafonte (Harry Belafonte - Harold George Belafonte) anadan olub.
1 mart 1963 - Məşhur alman estrada müğənnisi Tomas (Thomas) Anders (əsl adı Bernd Weidung) anadan olub. Ötən əsrin 80-ci illərində «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb.
2 mart 1800 - Rus şairi Yevgeni Abramoviç Baratınski (1800-1844) anadan olub.
2 mart 1824 - Cex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeçiç Uşinski (1824-1871) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıçılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
2 mart 1936 - SSRİ Xalq artisti, teatr və kino aktrisası İya Sergeyevna Savvina (“Qaraj” kinokomediyasında Akinfeyeva) anadan olub.
2 mart 1938 - Tanınmış rus modelyeri Vyaçeslav Mixayloviç Zaysevin doğum günüdür.
2 mart 1962 - Məşhur amerikalı musiqiçi, “Bon Jovi” qrupunun yaradıcısı, aktyor Con Bon Covi (John Francis Bongiovi - Jon Bon Jovi) anadan olub.
2 mart 1968 - İngilis aktyoru, “Agent 007” haqqında filmlərdə Ceyms Bond rolunun ifaçısı Deniel Rafton Kreyq (Daniel Wroughton Craig) anadan olub.
3 mart 1879 - Litva lirik nəsrinin banisi, yazıçı, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1899 - Rus yazıçısı, şair, dramaturq Yuri Karloviç Oleşa (1899-1960) anadan olub. “Üç gombul” nağıl-povesti ilə tanınır.
3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Böyük Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Peter Abrahamsın “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
3 mart 1925 - Rusiyanın Xalq artisti, aktrisa Rimma Vasilyevna Markova anadan olub.
3 mart 1929 - Tanınmış özbək yazıçı-dramaturqu, şair Conrid Abdullaxanov anadan olub.
Hazırladı: Vüqar Orxan