Azərbaycan
   
   14 mart 838 - Azərbaycanda ərəb istilasına qarşı 20 il mübarizə aparmış Babək Xürrəmi Samirə şəhərində (indiki İraq) xəlifə Mötəsimin sarayında edam edilib. Babək 795-ci ildə (bəzi məlumatlara görə, 798-ci ildə) Ərdəbil yaxınlığındakı Bilalabad kəndində anadan olub. 816-cı ildən xürrəmilər hərəkatının rəhbəri olub.
   14 mart 1880 - Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880-1919) Naxçıvanda doğulub. “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından olub.
   14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Zəngin yaradıcılığı roman və povestlər, pyeslər, ssenarilər (10-dək film), şeir və tərcümələri əhatə edir, bir neçə filmə quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.
   14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan olub.
   
   15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.
   15 mart 1893 - Şair-aşıq İslam Qara oğlu Yusifov (Aşıq İslam, 1893- 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
   15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasıln, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   15 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (1899-12.4.1969) Bakının Fatmayı kəndində anadan olub. “Görüş” filmində (Çayçı) çəkilib.
   
   15 mart 1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
   15 mart 1941 - Şair, tərcüməçi, nasir Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.
   
   16 mart 1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
   16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub.
   16 mart 1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
   16 mart 1950 - Nasir, dramaturq, tərcüməçi Ağalar İdris oğlu Mehdiyev anadan olub.
   
   17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   17 mart 1918 - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, mindən çox müsəlman-türk qətlə yetirilib.
   
   Dünya
   
   14 mart 1681 - Məşhur alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
   14 mart 1804 - Böyük Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss, 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
   14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville, 1823-1891) anadan olub.
   14 mart 1933 - İngilis aktyoru, iki dəfə “Oskar” laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.
   14 mart 1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. “Prezident təyyarəsi”, “Epidemiya” və s. filmlərin rejissorudur.
   
   15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse , 1830-1914) anadan olub.
   15 mart 1924 - Rus yazıçısı, ssenarist (“Batalyonlar atəş istəyir”, “Qaynar qar” və s.) Yuri Vasilyeviç Bondarev anadan olub.
   15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”in istehsalı olan “26 Bakı komissarı” (Şaumyan), “Ulduzlar sönmür” (Nərimanov) flimlərində çəkilib.
   15 mart 1932 - Məşhur Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub.
   15 mart 1937 - Tanınmış rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.
   15 mart 1943 - Kanada-Amerika rejissoru, ssenarist, aktyor, müstəqil kinonun tanınmış simalarından biri Devid Kronenberqin (David Cronenberg) doğum günüdür.
   15 mart 1968 - 80-ci illərin məşhur italyan estrada müğənnisi Sabrina (Norma Sabrina Salerno) anadan olub.
   
   16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
   16 mart 1859 - Rus fiziki, radionun ilk ixtiraçısı (7 may 1895) sayılan Aleksandr Stepanoviç Popov (1859-1906) anadan olub.
   16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayevin (1884-1942) doğum günüdür. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.
   16 mart 1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.
   16 mart 1920 - SSRİ Xalq artisti, tanınmış rejissor Mixail Abramoviç Şveyser (1920-2000) anadan olub. Klassik rus ədəbiyyatının bir çox əsərlərini (“Dirilmə”, L.Tolstoy, “Ölü canlar”, N.Qoqol, “Qızıl buzov”, İlf-Petrov) ekranlaşdırıb.
   16 mart 1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanflim”in istehsalı olan “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) flimlərində çəkilib.
   16 mart 1940 - Məşhur italyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub.
   
   17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
   17 mart 1901 - Görkəmli Amerika kino bəstəkarı, dirijor, aranjemançı Alfred Nyumanın (Alfred Newman, 1901-1970) doğum günüdür. 9 dəfə “Oskar” laureatı olub.
   17 mart 1926 - Alman yazıçsı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri 30-dan çox dilə tərcümə edilib.
   17 mart 1938 - Tatar-başqırq əsilli dünya şöhrətli balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.
   
   Hazırladı: Vüqar Orxan