Qan yaddaşımız
   
   Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirmək məqsədi güdüb. 
   Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə, "erməni kartını" işə salmış və azərbaycanlıların tarixi torpaqlarında ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
   
   Pyotrun vəsiyyəti ilə başlanan qanlı siyasət
   
   I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, ondan sonrakı bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirdi. Türkmənçay müqaviləsindən dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edildi. Bu, tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistan dövlətinin təməlinin qoyulması idi. Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Bu proses minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.
   XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmağa başladı.
   1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün "geniş imkanlar" açdı. İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini talan etdilər. 1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "Böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı.    

   1918-ci ilin mart soyqırımı
   
   Rusiya ordusuna arxalanan ermənilər Naxçıvanda, İrəvanda, Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar. Bu qırğınlara 1917-ci ilin dekabrında bolşevik Rusiyasının Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi və Şaumyanın sərəncamında idi.
   Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailliyyə"nin binasına od vurmuşdular. Bakıda qırğınlar üç gün davam etdi. Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədildi.
   Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8 minədək azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.
   Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. Naxçıvan qəzasının bir neçə kəndi yandırılmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi tar-mar edilmiş, 8 minədək insan öldürülmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə-yeksan edilmişdi.
   1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi. Lakin 1920-ci ilin aprelin Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu. Azərbaycandakı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı...
   
   Tarixin yaddaşı
   
   1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbit olundu. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi üçün proqram mahiyyətli sənəd oldu.
   Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil.
   Tarix boyu xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə borcluyuq.