Azərbaycan
   
   1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində anadan olub. Füzulinin dəqiq təvəllüd tarixi bəlli deyil, bəzi mənbələrdə 1494-cü ilin mayı göstərilir. Türk Bayat tayfasından olan Füzulinin ailəsi İraqa Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
   1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev, 1901-13.11.1976) anadan olub.
   1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub.
   1 may 1930 - Şair Yaqub Şirinoğlu (Yaqub Şirin oğlu Əliyev) Naxçıvanda doğulub.
   1 may 1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Qatarda” pyesinin, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir.
   1 may 1936 - Tanınmış dilçi və ədəbiyyatşünas alim, professor, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə dəyərli əsərlərin, dərs vəsaitlərinin müəllifidir. Türkiyə Cümhuriyyəti Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
   
   2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor Yusif Mirəhməd oğlu Seyidov Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
   
   3 may 1857 - Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Gorani (Əsgər Haqverdi bəy oğlu Adıgözəlov) (1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli teatr tarixinin əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
   3 may 1995 - Türkiyənin texniki yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib. Mərasimdə Türkiyə XİN başçısı Ərdal İnönü iştirak edib.
   
   4 may 1854 - Tanınmış aşıq, şair Molla Cümə (1854-1920) Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub.
   
   5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın himayəsi altında fəaliyyətə başlayan ilk Rus-Müsəlman Qadınlar Məktəbinin direktoru olub.
   5 may 1866 - Yazıçı-publisist Sultanov Eynəli bəy Çölübəy oğlu (1866-1935) anadan olub.
   5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ə.Cavad həmçinin görkəmli filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsərini dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
   5 may 1905 - Görkəmli ədəbiyyatşünas, mətnşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
   5 may 1909 - Yazıçı Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909-11.11.1974) Naxçıvanın Ordubad şəhərində doğulub.
   5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.09.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
   5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib.
   5 may 1940 - Yazıçı-publisist Yusif Abbas oğlu Kərimov anadan olub.
   5 may 1940 - Şair, ədəbiyyatşünas alim Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev, 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
   
   Dünya
   
   1 may dünyanın bir çox ölkələrində “Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü” kimi qeyd olunur. Tarixi 1886-cı il mayın 1-də Amerikada (Çikaqo) keçirilən və gülləbaran edilən əməkçi nümayişləri ilə bağlıdır. 1889-cu ildə II İnternasionalın Paris konfransının qərarı ilə təsis edilib.
   1 may 1881 - Tanınmış fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub.
   1 may 1905 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Vladimiroviç Tolubeyev (1905-1979) anadan olub.
   1 may 1916 - Məşhur Amerika kinoaktyoru Qlenn Ford (Glenn Ford - Gwyllyn Samuel Newton Ford, 1916-2006) anadan olub.
   1 may 1924 - Tanınmış rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
   1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub.
   
   2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
   2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg, 1772-1801) anadan olub.
   2 may 1856 - Məşhur rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub.
   2 may 1902 - Məşhur Avstraliya yazıçısı Alan Marşall (Marshall, 1902-1984) anadan olub.
   2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”. “İbn Sina” kimi filmlərə quruluş verib.
   2 may 1911 - Məşhur tacik-sovet şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunacaq.
   2 may 1946 - Tanınmış ingilis aktyoru Devid Suşe (David Suchet) anadan olub. Aqata Kristinin eyniadlı əsəri üzrə çəkilmiş “Puaro” serialında baş rolun ifaçısı kimi şöhrət qazanıb.
   
   3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur. 1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən regional seminarında qəbul olunmuş dünya hökumətlərinə müraciət - “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.
   3 may 1469 - İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (03.05.1469-22.06.1527) Florensiyada doğulub.
   3 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (3 (15).5.1891 - 1940) Kiyevdə anadan olub. Əsərləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", "Qaçış" roman və povestləri, "Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili" pyesləri və s.
   3 may 1910 - Məşhur rus şairi və yazıçısı Olqa Fyodorovna Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.
   3 may 1939 - Tanınmış rus rejissoru Leonid Neçayev (1939-2010) anadan olub. Məşhur uşaq filmlərinin (“Buratinonun macəraları”, “Qırmızıpapaq” və s.) filmlərə quruluş verib.
   3 may 2000 - Gürcü aktyoru, “Azərbaycanfilm”də istehsal olunan “Yaramaz” filmində (rejissor Vaqif Mustafayev) baş rolun ifaçısı Mamuka Kikaleşvili (1960-2000) vəfat edib.
   
   4 may 1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. Dünyaca məşhur “Brokhaus” ensiklopedik nəşriyyatının qurucusudur.
   4 may 1914 - Tanınmış fransız yazıçısı Emmanuel Roble anadan olub (1914-1995).
   4 may 1929 - Məşhur ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) doğum günüdür. Filmləri: “Roma tətilləri” (şahzadə Anna) «Hərb və sülh» (Nataşa Rostova) və s.
   4 may 1931 - Tanınmış rus dirijoru, pianoçu, SSRİ Xalq artisti Gennadi Rojdestvenski anadan olub.
   5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (1818 - 14.3.1883) Trier qəsəbəsində doğulub. Əsərləri: "Kapital", "Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s. 
   5 may 1819 - Polşanın ilk milli operasının müəllifi, bəstəkar və dirijor Stanislav Monyuşko (1819-1872) anadan olub.
   5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
   5 may 1915 - Rus-sovet nəğməkar şairi Yevgeni Dolmatovski (1915-1994) anadan olub.
   5 may 1928 - Rus-sovet yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. Əsərləri: «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanları və s.
   5 may 1940 - Rusiyanın məşhur satirik yazıçısı Lion İzmaylov (Polyak) anadan olub.
   5 may 1944 - Fransız kinoaktyoru Jan-Pyer Leo (Jean-Pierre Leaud) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan