Mədəniyyət əvvəli və sonu bilinməyən əbədi bir körpüdür. Bu körpünün tikintisində əməyi olanlar unudulmur. Əsgər ağa Adıgözəlov (Gorani) də belə işıqlı simalardan biridir. 
      
   Milli teatrımızı yaradanlardan biri, ilk milli qəzetimiz olan “Əkinçi”nın fəal üzvü, uzun illər teatrlarımızın repertuarından düşməyən “Qocalıqda yorğalıq” pyesinin və bir çox dillərə tərcümə olunan “Qara yel” romanının müəllifi - yazıçı, aktyor, teatrşünas, tərcüməçi, jurnalist Əsgər ağa Adıgözəlov (Gorani) hər bahar xatırlanır, yad edilir.
   ...1857-ci il mayın 3-də anadan olan Əsgər ağa Haqverdi bəy oğlu Gorani milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə zaman keçdikcə daha çox xatırlanan və zamansızlaşan şəxsiyyətlərdən biridir. Hələ Bakı şəhər gimnaziyasında təhsil alarkən, öz istedadı, davranışı ilə gimnaziyanın müəllimi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin diqqətini cəlb edir. Təhsil illərində Əsgər ağa gələcəkdə millətin işıqlı simalarından biri olacaq Nəcəf bəy Vəzirovla da yaxından dostluq edir. Belə bir mühitdə Əsgər ağa hərtərəfli şəxsiyyət kimi formalaşır və dövrünün açıq gözlü insanlarından birinə çevrilir.
   Günlərin birində sevimli müəllimləri Həsən bəy Zərdabi tələbələrini başına yığıb və o dövr üçün gözlənilməz bir qərar verir. Tələbələrinə deyir ki, Mirzə Fətəli öz əsərlərini göndərib, rica edir ki, bu əsərlərdən birini seçib səhnəyə çıxaraq. Teatrın, səhnənin nə olduğunu bilməsələr də, tələbələr sevimli müəllimlərinin sözünə əməl edib əsərləri oxuyub “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” əsərlərini tamaşaya qoymağı qərara alırlar.
   1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası qoyulur. Bir ay sonra isə “Hacı Qara” tamaşası oynanılır. Əsgər ağa Gorani hər iki əsərdə iştirak edərək ilk dəfə səhnədə Teymur ağa və Hacı Qara obrazlarını yaradır. Bu tamaşalar cəhalətə, qaranlığa qarşı mübarizə aparan insanların böyük sevincinə səbəb olur.
   Həsən bəy Zərdabi “Həyat” qəzetində yazırdı: “Oynayanlar yaxşı oynadılar, ələlxüsus da Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu tamaşaçıların xoşuna gəldi”.
   Mədəniyyətimiz yolunda atılan ilk addımlar tarixə düşür. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib, təhsilini Moskvadakı Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında davam etdirir. Cəhalətə qarşı daima mübarizə aparan Əsgər ağa “Əkinçi” qəzetinin ilk saylarını böyük həvəslə oxuyur. Sonralar qəzetin 17 nömrəsində 39 məqaləsi həm öz, həm də müxtəlif imzalarla çap olunur. Əsgər ağanın publisistik yazıları maraqla qarşılanır.
   Akademiyanı bitirəndən sonra vətənə dönən Əsgər ağa Gorani quberniya katibi, kollec asessoru, mülkü müşavir vəzifələrində çalışır. Yelzavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuroru, nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelzavetpolda Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyir. Gəncədə öz hesabına qızlar məktəbi açır.
   İti qələmli publisist olmaqla yanaşı Əsgər ağa Goraninin qələmə aldığı “Qocalıqda yorğalıq” pyesi uzun illər teatrların repertuarından düşmür. “Qara yel” romanı sonralar dünyanın 20-dən artıq dilinə tərcümə olunur. M.Lermontovun yaradıcılığından dilimizə çevirdiyi şeirlər indi də yüksək peşəkarlığı ilə diqqəti cəlb edir.
   XIX əsrin işıqlı simaları arasında özünəməxsus yeri olan Əsgər ağa Goraninin də həyatı çətin sınaqlarsız ötüşməmişdir. İlk dəfə Əzət xanım Tağıbəyova ilə ailə həyatı qursa da, Əzət xanım vəfat edəndən sonra, ikinci dəfə Əşrəf-ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla ailə qurmuş, yeddi övladı olmuş, onlardan da üçü erkən dünyasını dəyişmişdir.
   Əsgər ağa Gorani 9 mart 1910-cu ildə dünyadan getsə də, hər zaman xatırlanır, yad edilir, anılır.
   
   Təranə Vahid