19 il ötdü...
   
   18 may Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür.
   1992-ci ilin 8 mayında Şuşanı işğal edərək Dağlıq Qarabağı tam nəzarətə alan ermənilər bütün qüvvələrini strateji əhəmiyyətli bölgə olan Laçına yönəltmişdilər. Laçının ələ keçirilməsi Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin açılması demək idi. Mayın 15-də rayona iki tərəfdən hücuma keçən düşmən qüvvələri üç gün sonra Laçını işğal etdilər.
   Rayonun bütün ərazisi (1835 kv km), 120-dən çox kəndi düşmən əlinə keçdi. 63 minə yaxın əhali didərgin düşdü. İşğal zamanı 300-dən çox adam həlak olmuş və itkin düşmüşdü. Laçının işğalı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Dağlıq Qarabağın hüdudlarından kənara çıxdı.
   
   * * *
   Ölkəmizin cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu səfalı təbiəti, zəngin tarixi-mədəni abidələri ilə məşhur idi. Dünyada nadir ağac sayılan qırmızı dəmirağac meşələri bu rayonun ərazisində yerləşir. Laçın mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngin bölgədir. 1992-ci ilin mayında Laçını işğal edən erməni silahlı qüvvələri bölgənin təbii ehtiyatlarını, maddi-mədəni sərvətlərini də talan ediblər.
   Rayon ərazisində 9 minə yaxın tikili, yüzlərlə tarix-mədəniyyət abidəsi talan edilib.
   İşğaldan əvvəl Laçın rayonunda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 texniki-peşə məktəbi vardı.
   Rayonun ərazisi vaxtilə Qarabağ xanlığının (XVIII əsr), Şimali Azərbaycanın çar Rusiyasına birləşdirilməsindən (1813-1828) sonra isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. 1918-1920-ci illərdə rayon Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ general-qubernatorluğunun tərkibinə, sovetləşmədən sonra isə Şuşa qəzasının tərkibinə verilib. 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı, Kəlbəcər və Laçın torpaqları ərazi-inzibati vahid olaraq Kürdüstan qəzasında birləşdirilib. Qəzanın inzibati mərkəzi əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə Laçın olub. Laçın şəhəri (kəndi) əvvəllər Abdallar adlanıb. Laçın adı bölgəyə əslən bu torpaqdan olan yazıçı Tağı Şahbazi Simurğun təşəbbüsü ilə 1923-cü ildə verilib.
   Laçın rayonu ayrıca ərazi-inzibati vahid olaraq 1930-cu ildə yaradılıb. Hazırda respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Laçın əhalisinin sayı (2009-cu il) 67 min nəfərdir.
   
   * * *
   İşğaldan öncə Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qeydə alınmışdı. Mütəxəssislərin tədqiqatlarına görə, həmin abidələrin bir hissəsi eramızdan əvvələ aiddir.
   Ərazidə olan abidələrin bir qismi Qafqaz Albaniyası dövrünün yadigarı, o cümlədən alban xristian məbədləridir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi olduğundan tarixən bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülər inşa edilib. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir. İndi bu tarixi-mədəni zənginlikdən əsər-əlamət qalmayıb...