Azərbaycan
   
   24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.
   24 may 1863 - Şair, nasir, etnoqraf, tərcüməçi, görkəmli maarif xadimi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) anadan olub.
   24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.
   24 may 1875 - Şair, publisist, tərcüməçi, folklorşünas, maarif xadimi Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923) anadan olub.
   24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
   24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 1919) anadan olub.
   24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.
   24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadə (1885-1966) anadan olub.
   24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1946) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşı olub. 1937-ci ildə ailəlikcə repressiya ediliblər. S.Hüseyn güllələnib, Ü.Sadıqzadə isə Sibirə sürgün edilib. 1946-cı ildə dünyasını dəyişib.
   24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, publisist, ictimai xadim Cavad Heyət Təbrizdə doğulub. Görkəmli tibb xadimi olmaqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas, türkoloqdur. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” (iki cilddə), “Müqayisətül-lüğəteyn”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifi, İranda Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalının yaradıcısıdır.
   24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov) anadan olub.
   24 may 1935 - Şair Hacıbala Səməd oğlu Şirinov (1935-2000) anadan olub.
   24 may 1935 - Ədəbiyyatşünas alim Vəli Musa oğlu Osmanlı anadan olub.
   24 may 1936 - Şair, publisist Abbas Arazlı (Abbas Məhəmməd oğlu İsmayılov) anadan olub.
   24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Teatrda, kinoda və televiziya tamaşalarında zəngin obrazlar qalereyası yaradıb.
   24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir.
   
   25 may 1925 - Şair, nasir, dramaturq Həsən Mehdi oğlu Fətullayev anadan olub.
   
   26 may 1877 - Azərbaycanlı maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Təbrizdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb, şəhərin bələdiyyə rəisi olub. Azərbaycan mədəniyyəti tarixinin qədim zamandan XX əsrədək dövrünü əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik əsərin müəllifidir.
   26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə latın qrafikası üzrə əlifbanın Azərbaycanda tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
   26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.
   26 may 1922 - Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.
   26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
   26 may 1953 - Tanınmış jurnalist, publisist, tərcüməçi, millət vəkili Elmira Axundova anadan olub.
   
   Dünya
   
   24 may 1830 - Rus rəssamı Aleksey Savrasov (1830-1897) anadan olub.
   24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
   24 may 1905 - Görkəmli rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) Rostov vilayətinin Veşenski stanitsasının Krijilina xutorunda anadan olub. Əsərləri: “Sakit Don” , “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
   24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996, Nyu-York) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib.
   24 may 1941 - Məşhur Amerika müğənnisi, bəstəkar, şair Bob Dilan (əsl adı Robert Allen Zimmmerman) anadan olub. Dünya rok musiqisində “The Beatles” ansamblından sonra ikinci görkəmli füqur sayılır.
   
   25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.
   25 may 1905 - Ukrayna-sovet yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.
   25 may 1920 - Rus kinorejissoru Yuri Pavloviç Yeqorov (1920-1982) anadan olub. Filmləri: “Könüllülər”, “Atalar və oğullar” və s.
   25 may 1942 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Aleksandroviç Kalyaqin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib.
   
   26 may 1878 - Məşhur amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.
   26 may 1894 - Macar əsilli Amerika aktyoru Pol Lukas (Paul Lukas, 1894-1971) anadan olub.
   26 may 1900 - Çex şairi, bəstəkarı və rəssamı Vitezlav Nezval (1900-1958) anadan olub.
   26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
   26 may 1908 - Rus yazıçı-dramaturqu Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub.
   26 may 1929 - Fransız aktyoru və rejissoru Fransua Leterye (Francois Leterrier) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan