Azərbaycan
   
   7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı rəssam qadın Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində (1907-1908) oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", 1912, "Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Dövlət İncəsənət Muzeyində saxlanılır.
   7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
   7 iyun 1946 - Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”, 1974) , “Birisigün, gecəyarısı...” (1981), “Sizi dünyalar qədər sevirdim” (1985), “Yaramaz” (1988, Vaqif Mustafayevlə birgə), “İstanbul reysi” (2010, Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.
   
   8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
   8 iyun 1981 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova (18.4.1897, Tiflis - 1981) vəfat edib. Milan Konservatoriyasında ali təhsil alan Ş.Məmmədova ilk dəfə 1912-ci ildə Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Açılışda Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak edib.
   9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
   9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis, - 1989) vəfat edib. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
   
   Dünya
   
   7 iyun 1848 - Məşhur fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
   7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
   7 iyun 1933 - Tanınmış rus satirik yazıçısı və dramaturqu Arkadi Arkanov (əsl soyadı Şteynbok) anadan olub.
   7 iyun 1952 - Dünya şöhrətli Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) almış ilk türk yazar Orxan Pamuk İstanbulda doğulub. “Cövdət bəy və oğulları” adlı ilk romanı 1982-ci ildə nəşr edilib. Sonrakı illərdə “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanlar yazıb. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   
   8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
   8 iyun 1829 - İngilis rəssamı Con Everett Mille (John Everett Millais, 1829-1896) anadan olub.
   8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında (L.Tolstoy, S.Şedrin, D.Mendeleyev və s.) əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
   8 iyun 1910 - Tanınmış amerikalı fantast-yazıçı və redaktor Con Vud Kempbell (John Wood Campbell; 1910-1971) anadan olub.
   8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Komediya janrında filmlərin (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.) müəllifidir.
   
   9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” romanları və s.
   9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub.
   9 iyun 1898 - Alman əsilli İtaliya yazıçısı, ssenarist və rejissor Kursio Malaparte (Curzio Malaparte - Kurt Erich Suckert; 1898-1957) anadan olub.
   9 iyun 1930 - Amerikalı fantast-yazıçı Liin Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
   9 iyun 1963 - Amerika kinoaktyoru və rejissoru Conni Depp (John Christopher Depp) anadan olub. “Karib dənizinin quldurları” seriyasından filmlərdə (kapitan Cek) çəkilib.
   9 iyun 1981 - Yəhudi əsilli məşhur Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011-ci ilin “Oskar” laureatı) və s.
   
   Hazırladı: Vüqar Orxan