8 iyun görkəmli müğənninin xatirə günüdür
   
   Musiqi mədəniyyəti tariximizdə böyük xidmətləri olan qadın müğənnilərimiz arasında ilk peşəkar qadın opera ifaçımız, SSRİ Xalq artisti Şövkət Məmmədovanın özünəməxsus yeri var.
   
   1897-ci il aprelin 18-də Tiflisdə pinəçi Həsən Məmmədoğlunun ailəsində bir qız uşağı dünyaya gəlir. Adını Şövkət qoyurlar. Əslən Borçalı qəzasının Qoşakilsə kəndindən olan Həsən sadə peşə adamı olsa da, daxilən ziyalı, açıq fikirli, dünyagörüşlü bir insan idi. Sənətə, musiqiyə yüksək qiymət verirdi. Tiflisdə general Yadigarov nəslinə yaxın ailədən Xurşud Sultanova ilə ailə qurmuşdu. O zaman Tiflis Qafqaz canişinliyinin mərkəzi olduğundan mütərəqqi fikirli ziyalılar və sənətkarlar bura axışıb gəlirdi. Şəhər bir növ Qafqaz xalqlarının mədəniyyət mərkəzinə çevrilmişdi. Balaca Şövkət belə bir mühitdə böyüyür. Həsən kişi övladlarının düzgün tərbiyə alması, əsl ziyalı kimi böyüməsi üçün əlindən gələni edir. Şövkət əvvəlcə A. Kitesanın maliyyələşdirdiyi özəl məktəbdə təhsil alır. Lakin məktəbdə təhsil səviyyəsi qaneedici olmadığından valideynləri ona fərdi müəllim tuturlar. "Müqəddəs Nina" məktəbinin müəlliməsi Yelena Nesterovna Kandelaki onların evinə gəlir və balaca qızcığazla fərdi məşğul olur. Şövkətin musiqi qabiliyyətini ilk dəfə hiss edən də o olur. Kandelakinin məsləhəti ilə uşaq musiqi məktəbinin fortepiano sinfinə qoyulur. Balaca qızın qeyri-adi musiqi duyumu elə ilk gündən müəllimlərinin diqqətini çəkir. Şövkət V.A.Motsartın, İ.S.Baxın əsərlərini məharətlə ifa etməyə başlayır.
   Bir dəfə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir.
   Şövkətin atası Həsən 1910-cu ilin əvvəlində vəfat edir. O, bu itkidən bərk sarsılır. Anasının və müəlliməsinin hədsiz qayğısı nəticəsində o, musiqi təhsilindən ayrılmır. Novruz bayramında Tiflisin Artistlər Cəmiyyətində qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi bayram konsertinə dəvət olunur. Orada italyan və rus romansları, Azərbaycan xalq mahnısı oxuyur və böyük uğur qazanır. Həmin il musiqi məktəbini bitirir. Təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir. Bu gəliş Tağıyev teatrının 30 illik yubileyi ərəfəsinə təsadüf edir. Hacı Zeynalabdin Tağıyev yaxşı bilirdi ki, Bakı teatrında qadın rollarını hələ kişilər oynayır. Belə bir vaxtda Şövkətin İtaliyada oxumaq arzusunu bəyənir. Onun təhsil haqqını öhdəsinə götürür. O, əvvəlcə İtaliyada, Milan Konservatoriyasında, sonra Kiyev Konservatoriyasında təhsil alır.
   1912-ci ildə Bakıda Üzeyir Hacıbəylinin “Ər və arvad“ tamaşasında ilk dəfə olaraq azərbaycanlı qadın aktrisa - Şövkət Məmmədova iştirak edir. Bu, Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə idi. Qızın bu cəsarəti şəhər qoçularını bərk qəzəbləndirir. Konsertdən sonra dostları onu gizli yolla teatrın binasından çıxarırlar.
   Şövkət Kiyev Konservatoriyasında oxuyarkən təhsil ocağının rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olur. Sonradan Qlier müğənninin ecazkar səsinə pərəstiş edərək özünün məşhur “Şahsənəm"ində Şahsənəm obrazını ona həsr edir. Şövkət N. Nərimanov, Y.V.Çəmənzəminli ilə dostlaşır. Şövkət onların təşkil etdiyi "Qafqaz birliyi" klubuna üzv yazılır. Klub əsasən xeyriyyəçiliklə məşğul olur. O, klubun işində fəal iştirak edir. Şövkət xanım solo konsertlərdən yığılan vəsaiti tələbə təşkilatlarına, yoxsul ailələrinə köçürür.
   Şövkət xanım Azərbaycanın mədəni həyatında fəal iştirak edir. 1923-cü ildə onun təşəbbüsü ilə Bakıda teatr texnikumu açılır. Texnikumun ilk direktoru da o, özü olur.
   1938-ci ilin aprelində Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçirilir. Şövkət xanım M.Maqomayevin "Nərgiz" və R.Qlierin "Şahsənəm" operalarında Nərgiz və Şahsənəm partiyalarını misilsiz füsunkarlıqla ifa edir. Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə Şövkət Məmmədova SSRİ xalq artisti fəxri adına layiq görülür.
   1939-1945-ci illərdə isə o, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru işləyir. Onun təşəbbüsü ilə 1940-cı il aprelin 18-də ilk Azərbaycan baletinin - Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası olur.
   1945-ci ildə Azərbaycan Teatr Cəmiyyəti təsis edilir. Cəmiyyətin ilk sədri də Şövkət xanım olur. O, bu vəzifədə 1952-ci ilə qədər çalışır. Eyni zamanda Üzeyir Hacıbəylinin rektor olduğu Azərbaycan Dövlət Konservatoriyasında vokal kafedrasının müdiri (1946-1947) və dekanı (1946-1950) olur.
   Azərbaycan vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görür. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və Müslüm Maqomayevin yetişib formalaşmasında müstəsna xidmətləri olur. Müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü olur. Konservatoriyada işinin çoxluğu və vaxtının azlığından 1948-ci ildə opera teatrının solisti işindən də çıxır.
   O, dünyanın bir sıra opera səhnələrində (Moskva, Kiyev, Sankt-Peterburq, Paris və s.) çıxış edib. Onun ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri lentə alınıb. Rozina ("Sevilya bərbəri", C. Rossini), Cilda ("Riqoletto", C.Verdi), Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz ("Nərgiz", M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.
   Görkəmli müğənni 1981-ci il iyunun 8-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
   
   Savalan Fərəcov